Vəli İlyasov |
Vladivostokda qulağına səs dəyən Nikol Vovayeviç özünü necə itiribsə elə oradan "atəş" əmri verib. Ermənistanda aləm dəyib bir-birinə, ara qarışıb məzhəb itib. Ara yat-yut olandan sonra baxıblar ki, 200-dən çox erməni əsgəri çatışmır, şil-küt olanların da sayı-hesabı yoxdur. Ermənistan mətbuatının yazdığına görə, Azərbaycan Ordusunun artilleriya bölmələri Ermənistanın bir hərbi hissəsinin külünü göyə sovurublar. Məğlubiyyədən, daha doğrusu, darmadağından başlarını itirmiş ölkə başçıları cumublar telefonlara, ABŞ-a, Fransaya, Rusiyaya, İrana zəng ediblər, onları "yazıq" ermənilərə köməyə çağırıblar.
Hazırda təcavüzkar ölkənin daxilində şivən səsindən qulaq tutulur. Həmişə onun-bunun hesabına asıb-kəsən Ermənistan parlamentinin sədri Alen Simonyan məcburiyyət qarşısında qaldığından ölkəsinin silahlı qüvvələrinin Azərbaycanla sərhəddəki hərbi toqquşmalarda itki verdiyini etiraf edib. “Sputnik Armeniya”ya xəbər verir ki, o, bu barədə sentyabrın 13-də parlamentin iclasında bildirib. Simonyanın sözlərinə görə, sentyabrın 13-də Azərbaycanla Ermənistan sərhədində baş verən atışma nəticəsində erməni tərəfdən ölənlər və yaralananlar var.
Ermənistan parlamenti Azərbaycanla sərhəddə baş verən silahlı toqquşma ilə bağlı toplanıb. Lakin qanunverici orqanda təmsil olunan fraksiyalar vahid sənəd qəbul etmək məsələsində razılığa gələ bilməyib. Sənədi razılaşdırmaq üçün parlamentin toplantısında fasilə elan olunub.
Qeyd edək ki, sərhəddəki toqquşmalarda Ermənistan ordusunun itkiləri 200 nəfərə qədər təşkil edib, yüzlərlə yaralı var. İki S-300 hava hücumundan müdafiə sistemi, silah-sursat anbarı, bir sıra hərbi infrastruktur məhv edilib. Onların dəyəri yarım milyard dollardan çoxdur. Ermənilər onu da etiraf ediblər ki, mülki əhali arasında tələfat yoxdur.
Azərbaycan ordusu sərhədyanı bölgədə delimitasiya olunmayan bir sıra mühüm strateji mövqelərə və yüksəkliklərə nəzarəti təmin edib. Ermənistan ərazisindən keçən bir sıra strateji kommunikasiyalar da vizual və atəş nəzarətinə götürülüb. Yəqin "dəmir yumruğ"un şokundan ayılan kimi, baş nazirdən soruşacaqlar: Ay Paşik, bu sənə lazım idi?
Vəli İlyasov, "İki sahil"