KÖŞƏ

Vəli İlyasov

İranda bütün qüvvələrin əsas başçısı kimdir?

29 sentyabr 2022 02:59
834

Yəni, o, özünü Allahın vəkili olaraq görür. İnsanlarla "Mənim əmrim Allahın əmridir" formasında davranır

İki həftə əvvəl Kürdüstan vilayətindən başlamış xalq hərəkatı genişlənərək ölkənin 83 şəhərində yayılıb. Belə görünür ki, hökumət öz vətəndaşlarını yalnız zorla susdurmaq üçün polisi və təhlükəsizlik qüvvələrini ayağa qaldırıb. 51 nəfəri öldürülən və yaralanan etirazçıların sayının artmasına baxmayaraq Rəisi hakimiyyəti münaqişəni dinc yolla yatırmağa təşəbbüs göstərmir. Belə ki, hicabı düzgün örtmədiyinə görə polis tərəfindən döyülüb öldürülən 22 yaşlı Məhsa Əmininin qatilləri cəzalandırılmaq əvəzinə müdafiə olunur. Buna görə də qəzəblənmiş xalq kütlələri etiraz edərək bu cür vəhşiliyin, insanların ən adi hüquqlarının pozulmasının dayandırılmasını və Məhsanın qatillərinin cəzalandırılmasını tələb edirlər. Ancaq bu, heç də hamısı deyil.

Güney Azərbaycandan olan Məhsa Mehdili mətbuata açıqlamasında bildirib ki, İran heç bir sahədə demokratik dəyişiklikləri qəbul etmir: "İranın siyasi sistemi diktaturadır. Ona görə də burada hökumət-dövlət ayırımı yoxdur. İranda Prezident məqamı formal xarakter daşıyır. Çünki bütün qüvvələrin əsas başçısı dini liderdir. O, xalq tərəfindən seçilmir və deyir ki, mən Allah tərəfindən göndərilmişəm. Yəni, o, özünü Allahın vəkili olaraq görür. İnsanlarla "Mənim əmrim Allahın əmridir" formasında davranır. Eyni zamanda, İran heç bir sahədə demokratik məkan tanımır ki, insanlar gedib orada etirazlarını bildirsinlər. Vətəndaşların  televiziya, mətbuat, mitinq azadlıqları yoxdur. Sadəcə, Türkiyə və Azərbaycana qarşı təbliğat aparmaq istəyərkən, ermənilər üçün azad mitinq təşkil edirlər. Danışanı, etiraz edəni də hərbə-zorba ilə ya tutub həbsxanaya atır, ya da asırlar.

Güney Azərbaycanına saxlanan belə kinli münasibət Şimali Azərbaycana da qarşı yeridilir. Azərbaycanın 44 günlük Vətən savaşında, ondan əvvəl də, sonra da Ermənistana gizli dəstək verən İran heç vaxt ermənilərə açıq şəkildə hərbi-siyasi dəstəyini  gizlətmədi. Durum təəssüfedicidir. Ən azından ona görə ki, özünü müsəlman ölkəsi adlandıran müsəlman qardaşının yanında deyil. Bu gün də Allahın evində donuz saxlayan, İslami dəyərləri dağıdıb xarabazara çevirən, mədəni abidələri yox edən erməninin yanındadır. Ancaq artıq kimdən nəyi gözlədiyimizi bildiyimiz üçün bu, bizdə təəccüb də doğurmur. Bütün bunlar ondan xəbər verir ki, din pərdəsinə bürünən fundamentalistlər dini ehkamları ələ salırlar. Yoxsa din qardaşlarına belə düşmən mövqe tutmaz, dinin təhqir olunmasına dözməzdilər.

Hətta bu rejim öz daxilində də sünni-şiə məzhəb ayrı-seçkiliyi belə aparır. İran dinlərin, dillərin, millətlərin, qadınların cəhənnəminə çevrilib. Davam edən etirazlarda çox sayda qadınlar öldürülüb. Hazırda İranda cəhənnəm anaların ayağı altındadır. Yəni, orada İslam dininin bir çox ehkamları məhv edilmiş və ya təhrif olunmuşdur. Demək olar ki, hər etiraza  belə hərbə-zorba ilə cavab verilir. İnsanlar zülmdən doyaraq  boğulurlar. Bu qanlı olaylar İranda ilk hadisə deyil, son hadisə də olmayacaq. Nə qədər ki, insanlara insani münasibət göstərilmir, belə də davam edəcək.

İş o yerə çatıb ki, İranın dini-ideoloji mərkəzi sayılan Qum şəhərində üç nəfər nüfuzlu müctəhid - ayətullah Əsədullah Bayat Zəncani, ayətullah Hüseyn Nuri Həmədani və ayətullah Mustafa Mühəqqiq Damad etiraz aksiyası keçirən şəxsləri dəstəkləyiblər. Bu nüfuzlu din xadimləri yaydıqları bəyanatda İran hakimiyyətindən "xalqın tələblərini dinləyib problemlərini həll etməyi" tələb ediblər. Lakin hakimiyyət heç kəsi görmək, heç nəyi eşitmək belə istəmir. Prokurorlar tutulub həbs edilənlərin harada, hansı şəraitdə saxlandıqları barədə heç bir məlumat vermirlər.

Vaxt vardı ki, problemlər İran rejimi ilə intellektli insanlar arasında baş verirdi. Həmin vaxt niyə qadınlara örtüklə bağlı hörmət edilmir, məktəb və mədəniyyət müəssisələri açılmır, ana dili dərsləri keçilmir və s. bu kimi məsələlər var idi.  Bir vaxtlar İranın radikal siyasəti təkcə müxalifəti narahat edirdisə, indi hamını narahat edir. Çünki hüquqları əllərindən alınmış millətlər üstəlik ac-susuz və  işsiz qalıblar. Bəs onda dövlət nə üçündür? O təkcə zor və zülm aparatı deyil axı. Dövlət ölkəsində yaşayan insanların, xalqların iradəsi ilə hesablaşmalı və onların problemlerini həll etməlidir. Dövlətin mahiyyəti budur. Ancaq İranda dövlət bu mahiyyətini çoxdan itirib. Ağzını açıb söz demək istəyənin dilini kəsməklə, onları həbsxanalara doldurmaqla problem həll olunmaz. Şübhəsiz, bu nifrət doğuran hadisələr dünyada dostu olmayan İranın mənfi imicinə daha bir ağır zərbə vurmuş olar...

Əhməd Qurbanoğlu
Yod ajiotajı və...
Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?