“Exstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokoluna Azərbaycanın 2019-cu ildə imzalayan zaman qeyd-şərtlə çıxış etməsini, xüsusilə, dövlətlərarsı münasibətlərin normallaşmasına qədər bu protokolun Ermənistana münasibətdə tətbiq edilməyəcəyini bildirməsini doğru hesab edirəm”.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.
Azay Quliyev qeyd edib ki, Milli Məclis bu protokolu ratfikasiya etdikdən sonra onun müddəlarından və bütövlükdə, Konvensiyanın verdiyi imkanlardan maksimum istifadə edərək ölkəmizə və vətəndaşlarımıza qarşı ən müxtəlif cinayətlər, xüsusilə, hərbi, soyqırım və insanlıq əleyhinə cinayət törətmiş ermənilərin ədalət mühakiməsinə cəlb olunmasına və layiqli şəkildə cəzalandırılmasına nail olmağa çalışmalıyıq: “Qeyd olunduğu kimi, Dördüncü Protokol Ekstradisiya haqqında Avropa konvensiyasının bir sıra müddəalarını, xüsusilə, müddətin keçməsinə dair 10-cu maddənin, sorğu və əlavə sənədlərə dair 12-ci maddənin, üçüncü dövlətə verilməyə dair 15-ci maddənin yeni redaksiyada verilməsi və təkmilləşdirilməsi bizə imkan verəcək ki, cinayət törətmiş həmin şəxsləri tələb edə bilək.
Dünən Respublikanın Baş Prokurorluğundan aldığım son məlumata görə təkcə 44 günlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələri və digər vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasına, mülki vətəndaşlarına qarşı müxtəlif beynəlxalq cinayətlərin törədilməsi faktları aşkar edilməklə başlanılmış ümumilikdə 87 cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılır. 87 cinayət işindən 9 cinayət işi üzrə 35 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində axtarış elan edilib. Həmin 35 təqsirləndirilən şəxsdən 12-si Rusiya Federasiyasının, 17-si Ermənistan Respublikasının, 5-i Fransa Respublikasının, 1-i isə Gürcüstanın vətəndaşlarıdır. Ermənistanın cinayət törətmiş bu şəxsləri hələlik bizə verməyəcəyi bəllidir, lakin biz konvensiyanın müddəalarından istifadə edərək Rusiya, Fransa və Gürcüstandan olan təqsirləndirilən şəxslərin Azərbaycana gətirilərək cəzalandırılmasına nail olmalıyıq. Düzdür, təəssüflə qeyd etməliyik ki, cinayət törətməkdə şübhəli bilinən şəxsləri qırmızı bülletünlə də olsa beynəlxalq axtarışa versək də, İnterpol bir çox hallarda onların tutulması üçün lazımı tədbirləri görmür, bəzən isə saxladıqları şəxsləri siyasi motivlərlə azad edirlər. Ancaq bütün bu maneələrə baxmayaraq, ümid edək ki, Dördüncü Protokolun bugünkü ratifikasiyasından sonra yuxarıda qeyd olunan şəxslərin ölkəmizə extradisya edilməsi asanlaşacaq və onlar ədalət mühakiməsi qarşısında cavab verəcəklər”.