KÖŞƏ

Mahir Rəsuloğlu

Şeytanın şər yandaşı...

30 dekabr 2022 01:36
1713

Künc zərbəsi

İslamın saflığına xələl gətirən, ləkə vuran fars rejimi tarixin səhifəsindən silinməlidir, özü də tezliklə 

İranın molla rejiminin əhalisinin az qala yarısını təşkil edən Güney Azərbaycan türklərinə qəsdi, qərəzi, zülmü bitmir-tükənmir. Əsrlərdir doğma dilində təhsilə qadağa qoyan, hətta az qala danışmağa imkan verməyən şovinist fars hakimiyyəti haqqını tələb edən soydaşlarımızı edam kürsülərinə sürükləyir, zindanlarda çürüdür. İslamın, müqəddəs Qurani-Kərimin uca dəyərlərini öz çirkli ayaqları altında tapdayan, işğalçı xristian ermənilərlə “qardaşlaşaraq”, öpüşüb-qucaqlaşaraq dinimizin saflığına, halallığına xələl gətirən, ləkə vuran İran mollabaşlarının istibdadı o səviyyəyə çatıb ki, ölkədəki kürdlər də, farslar da, bəlluclar da ayaqlanıb azadlıq tələb edirlər – insan hüquq və azadlığı, söz azadlığı, dil və din azadlığı. Bu çürük rejim artıq rədd olub cəhənnəmə getməlidir! Bəlkə onda onmilyonlarla azərbaycanlı nəhayət ki, öz istiqlalına, hürriyyətinə qovuşar...

İranda aylardır davam edən xalq etirazlarından nəticə çıxararaq sərt qanunlarını yumşaltmaq əvəzinə daha da qəddarlaşan, vətəndaşının qanına susayan molla rejiminin heç bir dinə, imana sığmayan əməlləri yenə də davam etməkdədir. Hər gün növbəti cinayət xəbərləri yayılır, dinc vətəndaşlar hakimiyyətin zülmünə qarşı çıxdıqları üçün insanlığa sığmayan qəddarlığın qurbanına çevrilirlər. Azad yaşamaq istəyənlər, dini alətə,yumruğa çevirib başlarına endirənlərin əzab-əziyyətinə etiraz edənlər cəzalandırılır, insanlarda xof yaratmaq üçün onların gözü qarşısında dar ağacından asılır. Qurbanların sayının artıq 500-ü, həbs edilənlərin sayının isə 20 mini keçdiyi bildirilir.

Fars-molla rejiminin zülmündən əziyyət çəkən təkcə böyüklər deyil. Ləyaqət hissini itirmiş İran hakimiyyəti hətta körpə uşaqların da hüquqlarını tapdamaqla məşğuldur. Bəhanələr isə həqiqətən dəhşətlidir: “Azad İran” saytının yaydığı məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərinin sakini yeni doğulan körpəsinə şəxsiyyət vəsiqəsi ala bilmir. Səbəb isə ictimai fəal Hamid Allahverdipurun iki həftədir dünyaya gəlmiş qızına türk adı qoymasıdır. Təbrizin Qeydiyyat İdarəsində işləyən fars şovinistləri

uşağa Elana adı seçilməsinə qarşı çıxaraq körpəyə şəxsiyyət vəsiqəsi verməkdən imtina ediblər. “Azad İran” H.Allahverdipurun Qeydiyyat İdarəsindən məhkəməyə şikayət edəcəyini bildirib. Ancaq İran məhkəmələrinin “ədaləti” də çoxdan bütün dünyaya bəllidir. Özü də bu, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə şəxsiyyət vəsiqəsi verməməsi ilə bağlı ilk fakt deyil və valideynlərin etirazlarına baxmayaraq azərbaycanlı uşaqlarına milli adların qoyulması ciddi problem olaraq qalır.

Xalqını, həmçinin orada yaşayan soydaşlarımızı əsarətdə saxlayan,

onları əzən və zülm edən İran hakimiyyəti qonşu ölkələrə qarşı terrorçuluq fəaliyyətini dəstəkləməkdə və genişləndirməkdə də davam edir. Hədəf dövlətlər arasında isə Azərbaycan, Gürcüstan və Türkiyə də var. Dekabrın 28-də qardaş ölkənin daxili işlər naziri Süleyman Soylu illik mətbuat konfransında bildirib ki, İrandan hücum təlimatı alan 5 terrorçu Türkiyənin Van bölgəsində partlayıcılarla birlikdə tutulub. Yerli polis idarəsinin əməkdaşlarının sayıqlığı nəticəsində partlayışı əngəlləmək mümkün olub.

Qeyd edək ki, bu, İranın Türkiyədə terror fəaliyyəti göstərməsinə dair ilk hadisə deyil. Cari ilin yayında İstanbul şəhərində israillilərə qarşı hazırlanmış üç terror aktının qarşısı alınmışdı. Müəyyən edilmişdi ki, terror aktlarını İrana aid üç ayrı-ayrı qruplar reallaşdırmağa hazırlaşırmış.

Bundan başqa, bir müddət öncə qonşu Gürcüstanda bu ölkədə fəaliyyət göstərən israilli iş adamına qarşı terror aktı törətməyə hazırlaşan dəstə yaxalanmışdı və bu cinayət aktının da İranın xüsusi xidmət orqanları tərəfindən hazırlandığı müəyyən edilmişdi.

Qeyd edək ki, Azərbaycan torpaqları işğal olunduğu illərdə İran hakimiyyətinin xüsusi xidmət orqanlarının terrorçu ASALA ilə əlaqəsi və ondan Azərbaycana qarşı istifadə etdiyinə dair çoxsaylı təkzibolunmaz faktlar var. Son aylarda da İranın ölkəmizdə terror fəaliyyətinə dair bir neçə fakt aşkarlanıb. Hətta məlum olub ki, İran səfirliyinin avtomobili belə bu cinayət əməli üçün istifadə olunub. 2022-ci ilin noyabrda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə Tehranın hazırlayıb göndərdiyi əvvəlcə 14 nəfərlik, bir neçə gün aradan sonra daha 13 nəfərlik terrorçu qrupun aşkarlandığını da xatırlatmaq yerinə düşər. Həmin terrorçularla bağlı bütün şəxsi məlumatlar belə açıqlandı, Xarici İşlər Nazirliyi tərəfindən bu ölkəyə rəsmi etiraz notası təqdim edildi, ancaq rəsmi İran indiyədək bu məsələyə rəsmi olaraq heç bir münasibət bildirməyib. Bununla da fars-molla hakimiyyəti cinayət törətdiyini etiraf etmiş sayılır.

Göründüyü kimi, İran təkcə öz ölkəsindəki soydaşlarımıza və digər millətlərin nümayəndələrinə zülm etməklə kifayətlənmir. Şər yuvasına çevrilmiş bu ölkə hakimiyyəti öz ətrafına, qonşularına da zərər verməyə çalışır. Bütün dostluq və qonşuluq, mehriban birgəyaşama ənənələrini tapdalayan bu şeytan yandaşları, nəhayət tarixin səhifəsindən silinməlidirlər. Özü də tezliklə. Bax, o vaxt

Azərbaycanın Güneyi üçün də istiqlal günəşi doğacaq!