KÖŞƏ

Mahir Rəsuloğlu

Yol açıqdır...

12 yanvar 2023 02:58
1942

Prezident İlham Əliyev: Bizim vətəndaşımız olmaq istəməyən ermənilər gedə bilərlər, heç kəs onlara mane olmayacaq

Cinayətkar Ruben Vardanyanın qeyri-qanuni yolla Qarabağa gəlişindən və separatçı rejimin “dövlət naziri” vəzifəsini ələ keçirməsindən sonra Azərbaycan torpaqlarında yaşayan mülki ermənilər növbəti dəfə onlar üzərində qurulan oyunların qurbanlarına çevrilməkdədirlər. Yəqin həmin ermənilərin böyük əksəriyyəti vaxtilə Robert Koçaryanın və Serjik Sarkisyanın Azərbaycanın sadə erməni vətəndaşlarından istifadə edərək Ermənistanda hakimiyyəti qamarladıqlarını, külli miqdarda pullar qazandıqlarını, həmin pullar hesabına dəbdəbəli həyat sürdüklərini unutmayıblar. Ortaya atdıqları “ikinci erməni dövləti” ideyasından şəxsi mənfəətləri üçün yararlanan koçaryanlar, sarkisyanlar mənimsədikləri var-dövlətin dadını çıxaranda Qarabağdakı mülki əhali açlıq və səfalət içində yaşayırdı. İndi qəflətən ortada peyda olaraq özünü “xilaskar” kimi qələmə verməyə çalışan Vardanyan da dinc insanlar üzərindən yeni oyunlar qurmağa çalışır. Azərbaycanın Qarabağdakı faktiki olaraq separatçıların əsirinə çevrilmiş, daim təzyiq altında yaşamağa məcbur qalan 25-30 min mülki erməni əhalisi nəhayət anlamalıdır ki, cinayətkarlara uysalar bunun acı nəticələrini bu və ya digər şəkildə yenidən yaşamaq zorunda qalacaqlar. Ermənistan rəhbərliyi də, separatçılar da bilməlidirlər ki, bütün bu qanunsuz addımların heç bir perspektivi yoxdur. Azərbaycan uzun müddət belə vəziyyətə dözmək niyyətində deyil və cinayətkarların cəzalandırılmasını təmin etmək üçün qəti tədbirlər görmək hüququnu özündə saxlayır. Biz bu əzmimizi, qətiyyətimizi dəfələrlə göstərmişik. Lazım olsa, yenə də göstərəcəyik. Bunun üçün Azərbaycanın yetərincə gücü, qüdrətli ordusu və ən əsası haqqı var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində həm Ermənistan rəhbərliyinə, həm də Qarabağdakı separatçılara növbəti dəfə xəbərdarlıq etdi. Bildirdi ki, 2022-ci ildə biz Fərrux, Sarıbaba, Buzlux, Qırxqız, o cümlədən “Qisas” əməliyyatları ilə heç kimin bizim qabağımızda dura bilməyəcəyini göstərdik. Göstərdik ki, istədiyimizə nail oluruq və hər hansı bir erməni havadarı onların yardımına yetişə bilməz: “Mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək. Mən yenə də deyirəm, əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik.”

Müsahibəsində Qarabağdakı milli sərvətlərimizin erməni quldurları tərəfindən talanmasına, ekologiyamıza qarşı törədilən barbarlıq aktlarına etiraz məqsədilə Azərbaycanın qeyri-hökumət təşkilatlarının və ictimaiyyət nümayəndələrinin, ekofəalların, könüllülərin iştirakı ilə Laçın yolunda bir aydan artıqdır davam edən aksiyalara toxunan dövlətimizin başçısı gecə-gündüz, şaxtalı-qarlı havada orada öz haqlarını tələb edən gənclərimizin fəaliyyətini yüksək dəyərləndirdi, onların bizim fəxrimiz olduğunu bildirdi.

Qeyd edək ki, Ermənistan rəhbərliyinin yalandan hay-küy salaraq dünya ictimaiyyətini aldatmağa çalışmasına, Qarabağdakı separatçıların qondarma “humanitar fəlakət” şousu yaratmaqla bundan şəxsi maraqları üçün yararlanmaq istəklərinə baxmayaraq hər kəs gördü ki, Laçın yolu bağlanmayıb və heç bir blokadadan söhbət gedə bilməz. Bunu Ermənistanın və onun qatı havadarı olan Fransanın BMT Təhlükəsizlik Şurasında (TŞ) qəbul etdirmək istədikləri Azərbaycan əleyhinə sənədin TŞ üzvləri tərəfindən dəstəklənməməsi və Fransanın rüsvayçı məğlubiyyəti də sübut etdi.

Prezident İlham Əliyev yolun humanitar məqsədlər üçün istifadəyə açıq olduğunu qeyd edərək bildirdi ki, bir aydan da az vaxtda Rusiya sülhməramlılarının dörd yüzə yaxın yük avtomobili oradan keçib. Üstəlik, bu aksiyaya qədər də  oradan keçən bütün nəqliyyat vasitələri nəzarət altında idi: “Biz haradan öyrəndik ki, İran maşınları oraya yanacaq aparır? Biz orada gördük. Halbuki, İran tərəfi bunu əvvəllər inkar etməyə çalışırdı. Hətta İran maşınları üzərinə saxta erməni nömrələrini yapışdırmaqla bizi belə primitiv səviyyədə aldatmaq istəyirdilər. Biz haradan öyrənmişik ki, indiyə qədər 20-yə yaxın İran vətəndaşı oraya qanunsuz girib, onların bütün pasportları da var. Bu haqda da bizə hər hansı bir izahat verilməyib. Yəni, biz hər şeyi görürdük, hər şeyi bilirdik. Bilirik ki, Rusiya sülhməramlı kontingentinin yük maşınlarının sayı nə qədərdir, ayda nə qədər girir, nə qədər çıxır və indi nə qədər girir, nə qədər çıxır. Təbii ki, onlar orada yaşayan ermənilər üçün ərzaq da və digər lazım olan vasitələr də aparırlar. Biz buna etiraz etmirik. Bizim məqsədimiz blokada deyil. Qırmızı Xaç neçə dəfə müraciət edibsə, icazə verilib. Ona görə bu, sadəcə olaraq, növbəti anti-Azərbaycan şousudur, mən buna başqa ad verə bilmərəm.”

Ermənilər nəhayət anlamalıdırlar ki, yalançı hay-küylə nəyəsə nail ola bilməyəcəklər. Çünki bizim Laçın yolunda etiraz aksiyasının keçirilməsini zəruri edən haqlı tələblərimiz var. Azərbaycanın ərazisində milli sərvətlərimiz separatçılar tərəfindən talanır və bizi faktiki olaraq qanunsuz istismar edilən o mədənlərə buraxmayıblar. Odur ki, bizim tələblərimiz də tam ədalətlidir. Həmin mədənlərin monitorinqi, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq.

Dövlətimizin başçısı müsahibəsində Qarabağın mülki erməni əhalisinin taleyi ilə bağlı da ədalətli və qəti mövqeyini bildirdi. Qeyd etdi ki, orada Azərbaycan bayrağı altında yaşamaq istəyənlər üçün şərait yaradılacaq. Azərbaycan vətəndaşları kimi, onların hüquqları da, onların təhlükəsizliyi də təmin olunacaq: “Bu günlərdə baş verən hadisə, - o bir nəfərin oraya qaytarılması, özü də əlidolu qaytarılması, ona iki blok siqaret də verdilər, çünki siqaret xahiş etməyə gəlmişdi, - onu göstərir ki, biz onların nəinki hüquqlarını və təhlükəsizliyini təmin edəcəyik, onlar daha yaxşı yaşayacaqlar.

Əlbəttə, bu, bizim əlimizdə nədir ki? Heç nə. Əgər vaxtilə bizə qarşı separatçı hərəkat başlamasaydı, bu gün onlar da Azərbaycanın bütün başqa yerlərində olduğu kimi yaşaya bilərdilər. İndi onların yaşadıqları mənzərə göz önündədir. İndi gedib görənlər var hansı şəraitdə yaşayırlar. Ona görə, kim bizim vətəndaş olmaq istəmirsə, yol bağlı deyil, açıqdır. Gedə bilərlər, ya özləri gedə bilərlər, heç kim onlara maneəçilik yaratmayacaq, ya da sülhməramlıların yük maşınlarının tenti altında gedə bilərlər, avtobusla da gedə bilərlər. Yol açıqdır.”