KÖŞƏ

Əhməd Qurbanoğlu
[email protected]

Vardanyan müəmması

21 fevral 2023 00:13
7897

Kremlin yeni layihəsi Ermənistanı Rusiyanın orbitinə qaytara biləcəkmi?..

Həmin vaxtadək adı, necə deyərlər, it dəftərində də olmayan erməni əsilli rusiyalı kriminal milyarder Ruben Vardanyan ötən il avqustun sonlarında birdən-birə Xankəndiyə  “köçmək qərarını” elan edəndə çoxları bu addımın özfəaliyyət  olduğunu düşünürdü. Hətta Rubenin birdən-birə sayəsində milyardlara sahib olduğu Rusiyanın vətəndaşlığından “könüllü surətdə imtina etməsi”ni su içdiyi qaba tüpürmək, ona gözqamaşdırıcı sərvət qazandırmış dövlətə və xalqa xəyanət kimi dəyərləndirənlər də az deyildi. Amma... Amması odur ki, Rusiyada, Ermənistanda və eləcə də Azərbaycanda əksəriyyəti təəccübləndirən bu elanın üstündən heç bir-iki gün keçməmiş “xoruzun quyruğu” göründü. Hər kəsə bəlli oldu ki, bu “köç” heç də özfəaliyyət deyilmiş. Məsələ burasındadır ki, sentyabrın 1-də həmin  vaxtadək bircə dəfə də olsun ayaq basmadığı və qəflətən peyda olduğu Qarabağın ermənilər yaşayan hissəsində səsləndirdiyi ilk siyasi bəyanat onun buraya Moskva tərəfindən xüsusi missiya ilə göndərildiyini faş etdi.  Bəyanatında bölgədəki Rusiya sülhməramlı kontingentinə “erməniləri müdafiə etdiyinə görə”  əsl milli xislətinə uyğun olaraq dərin  minnətdarlığını bildirdikdən sonra səsləndirdiyi “Düşünürəm ki, sülhməramlıların mandatı dəqiqləşdirilməli və “artsax xalqı”nın təhlükəsizliyini öz gücümüzlə təmin edə bilənə qədər onların qalma müddətləri artırılmalıdır” fikirləri bu müəmmalı “köç qərarı”nın  alt qatındakı sirr pərdəsini qaldırdı. Bir daha məlum oldu ki, Rusiyadakı çirkli maliyyə resursları və kriminal biznesi,  başqa sözlə, ipi bu ölkənin xüsusi xidmət orqanlarının əlində olan arxalı köpək Azərbaycanın müvəqqəti işğal altındakı Qarabağ bölgəsinə öz xoşuna “köç” etməyib.

Kriminal aləmdə “çirkli pullar”ın mahir yuyucusu kimi tanınan bu dələduz oliqarxın Xankəndidə lövbər saldıqdan  dərhal sonra qondarma rejimin “dövlət naziri” təyin olunmasından indiyədək cərəyan edən proseslər,  xüsusilə fevralın əvvəllərində öncə baş separatçı Araik Arutyunyanın, ardınca isə “Kreml missioneri”nin müəmmalı Moskva “turne”ləri Rusiyanın şərti olaraq “Vardanyan planı” adlandırılan yeni layihəsinin mövcudluğu ilə bağlı iddiaların heç də əsassız olmadığını bir daha ortaya qoydu. Halbuki hələ də təfərrüatları gizli saxlanılan, hansı marşrut və nəqliyyat vasitələri ilə (çox güman ki, Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin yük yerlərində), gedib-gəlmələri sirr olaraq qalan quldurbaşıların Moskva “turne”lərindən bir  az əvvəl xarici işlər naziri Sergey Lavrov  Azərbaycan tərəfini inandırmağa çalışırdı ki, artıq Rusiya vətəndaşlığından məhrum edilmiş  Ruben Vardanyanın Xankəndiyə “köçməsi”nin, orada hansısa vəzifə tutmasının  onun ölkəsi ilə heç bir əlaqəsi yoxdur. Yaxşı, çox gözəl, çox pakizə, siz dediniz, biz də inandıq. Elə isə deyə bilərsinizmi “Rusiya vətəndaşlığından məhrum edilmiş”, beynəlxalq sanksiya altında olan Ruben Vardanyanın və Azərbaycanın  İnterpol vasitəsilə axtarışa verdiyi cinayətkar quldurbaşı Araik Arutyunyanın  Kremlin kluarlarında nə ölümləri var? Eyni zamanda, bu suallar da cavabını gözləyir:  Vardanyanı Rusiya paytaxtına hansı məqsədlə çağırmışdılar? Onunla Moskvada kimlər görüşüb və hansı məsələlər müzakirə edilib?  Kremlin onu yenidən qaçaqmalçılıq yolu ilə ixrac etməkdə məqsədi nədir?

 Ermənistanın hakimiyyət dairələrindən mətbuata sızan, xüsusilə baş nazir Nikol Paşinyanın ailə qəzeti olan nüfuzlu “Hraparak” nəşrində üstüörtülü şəkildə əksini tapan məlumatlardan belə nəticə hasil olur ki, Kremlin “Vardanyan planı” uzaqgedən strateji hədəflərə tuşlanıb. İddialara görə, əvvəlcə baş separatçını çağırıb “Get hakimiyyəti bizim adamımız Rubenə ver”, sonra isə “çirkli pullar”ın mahir yuyucusuna “Qarabağı sənə həvalə edirik” tapşırığını verməyin  məqsədi heç də birinciyə etibar etməmək, ikinciyə güvənmək anlamına gəlməməlidir. Əslində bu gün Rusiya üçün Qarabağın ermənilər yaşayan hissəsində Araikin, yoxsa Rubenin baş separatçı rolunu oynamasının elə bir əhəmiyyəti yoxdur. Çunki Rusiya belə hesab edir ki, bu ərazidə əsas söz sahibi onun bölgədəki canişini, “sülhməramlı” kontingentin komandanı, general Andrey Volkovdur. Hərçənd indiki şəraitdə Rusiyanın separatçı rejimin başında kriminal yollarla qamarladığı çirkli maliyyə  resursları və biznesi bu ölkənin xüsusi xidmət orqanlarının ciddi nəzarəti altında olan Vardanyanın durmasında maraqlı olması da istisna edilmir. Yeri gəlmişkən, fırıldaqçı milyarderin müəmmalı Moskva “turne”sindən dərhal sonra quldurbaşı Araikin separatçı rejimin qondarma “konstitusiya”sının 192-ci maddəsində “müharibə şəraitində “prezident”in “parlament” tərəfindən “seçilməsi”ni nəzərdə tutan dəyişikliklə bağlı “fərman” imzalaması “hakimiyyət”in Rubenə ötürülməsinə “hüquqi” zəmin yaradır. Beləliklə, Xankəndiyə xüsusi missiya ilə göndərilmiş Moskvanın emissarı quldur rejimin başına gətirilir və bundan sonra Kremlin “Vardanyan planı”nın əsas fazası işə düşür. Yəni, Xankəndiyə ixrac edildiyi ötən ilin sentyabrından bəri buradakı soydaşlarına bir qəpik də xərcləməyən, əksinə rus “sülhməramlı”ları ilə sövdələşmə əsasında bir müddət, daha dəqiq desək azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda etiraz aksiyaları başlayanadək Azərbaycanın  “Qazılbulaq” və “Dəmirli” mis-molibden yataqlarının sərvətini çapıb-talayan Vardanyan birdən-birə “səxavət kisəsi”nin ağzını açır. Eyni zamanda, arxalı köpək arxasını söykədiyi Moskvanın dəstəyinə güvənərək Azərbaycana qarşı radikal çıxışlar edir. Daha sonra dələduz baş separatçı-oliqarxın bu “qətiyyəti”nin, “unikal idarəçilik məharəti”nin səs-sorağı ac-yalavac Ermənistana yayılır və... “Vardayan planı”nın sonuncu fazasına, yəni 5 il bundan əvvəl Ermənistanda küçədən hakimiyyətə gəldiyi gündən  Kreml sahiblərinin yuxusunu ərşə çəkən ipə-sapa yatmayan “Soros uşaqları”nı- Nikol Paşinyanı və komandasını devirib yeni vassalını iqtidara gətirmək əməliyyatına start verilir. Bununla da Rusiya Ermənistanda Robert Koçaryan-Serjik Sarkisyan cütlüyünün timsalında 1998-ci ildən başlayan, 2018-ci ilin aprelinədək davam edən “Qarabağ qəhrəmanları”nı hakimiyyətə gətirmək “ənənəsi”ni bərpa edir və yenidən forpostunu öz orbitinə qaytarır.

Əgər Rusiya həqiqətən də belə bir xəyal-plov bişirmək, yəni hansısa ermənini yenidən “Qarabağın qəhrəmanı”na çevirib bu dalğada Ermənistanda hakimiyyətə gətirmək  fikrinə  düşürsə çox səhv edir. Ən azı ona görə ki, 44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanan bugünkü Azərbaycan 90-cı illərin əvvəllərindəki Azərbaycan deyil ki, kimsə onun əzəli torpağında hansısa  dığanı qəhrəmana çevirib yenidən Ermənistanda  “Qarabağ klanı” terminini gündəmə gətirə bilsin.   Qalib Azərbaycanın məqsədi bəllidir: suverenliyimiz bütün ərazilərimizdə bərpa olunmalıdır. Hansı dövlət nə xəyal- plov bişirirsə- bişirsin son sözü Azərbaycan Prezidenti İlham  Əliyevin yenilməz siyasi iradəsi, rəşadətli ordumuz  deyəcək. Prezident İlham Əliyev fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində  keçirilən plenar iclasda Rusiyanın “Vardanyan planı”nı ifşa etməklə bu qətiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi.