KÖŞƏ

Əhməd Qurbanoğlu
[email protected]

Zatıqırıq Zatulində mənlik, qeyrət olsaydı...

03 mart 2023 00:26
1575

Günün nəbzi

Rusiyanın bəzi siyasətçilərinin davranışlarını ağılla dərk edib arşınla ölçmək mümkün deyil

Bəlkə də əksəriyyət üçün son vaxtlar Rusiya-Ermənistan münasibətlərində yaranan dərin çatlardan, xüsusilə vətənsiz ermənilərin  onlara  Cənubi Qafqazda yoxdan bir “vətən” düzəltmiş keçmiş  ağalarının  üzünə olmasından sonra  Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr komitəsinin ermənipərəst sədr müavini Konstantin Zatulindən (zatıqırıq da demək olar) bu dərəcədə riyakarlıq, abırsızlıq, həyasızlıq, yaramazlıq  gözləmirdi. Ən azı o səbəbdən ki, Ermənistanın və erməni toplumunun tarix boyu vassalı olduğu Rusiyaya qəflətən arxa çevirib Qərbdə yeni “ağa axtarışına çıxması ilk növbədə onun heysiyyatına toxunmalı idi. Nə üçün? Onun üçün ki, şovinist baxışları və imperiya təfəkkürü  hamıya yaxşı məlum olan  bu üzdəniraq  tip son vaxtlara qədər yeri gəldi, gəlmədi bütün platformalarda özünün erməni təəssübkeşliyini, anti-türk və anti-Azərbaycan mövqeyini hayların rus xalqına və dövlərinə sadiq köpək itaətkarlıqları ilə əsaslandırmağa çalışırdı. Rusiyanın aparıcı qanunverici orqanında yüksək vəzifə tutan, artıq çoxdan bu ölkənin dövlət telekanallarında yayımlanan siyasi tok-şouların “ulduz”una çevrilmiş Konstantin Zatulin bütün sayıqlamalarında bəyan edirdi ki,  bizim sadiq köpəklərimiz olan ermənilər Cənubi Qafqazda görən gözümüz, danışan dilimiz, eşidən qulaqlarımızdır: “Biz tarix boyu haylara arxalanmışıq, bundan sonra  bu siyasəti davam etdirməliyik.”

Bəs birdən-birə nə oldu, Sarıbala? Pişikmi asqırdı, köpəkmi hürdü? Yoxsa qarşından qara pişikmi keçdi? Yaxşı, fərz edək ki, tarix boyu qoynunuzda bəsləyib ətə-qana gətirdiyiniz, sonra isə “uf” demədən üstümüzə qısqırtdığınız ermənilərin indi birdən-birə üzünüzə ağ olmaları, İrəvanın küçə və meydanlarında rus xalqını, Rusiya dövlətini aşağılayan, alçaldan şüarların səsləndirilməsi ilə müşayiət olunan aksiyaları bir fərd kimi  sənin heysiyyatına toxunmur. Türklər demiş tamam. Bəs, şəxsən sənin özünün  Ermənistanda rəsmən “persona non qrata” elan olunmağına, hər addımbaşı alçaldılmağına nə deyirsən? Sən deyə bilmirsənsə qoy biz deyək. Biləsən ki, bütün bunlardan sonra  yenidən ermənilər üçün “timsah göz yaşları” axıtmağın yalnız bir adı var: riyakarlıq!

Nə isə, mətləbdən uzaqlaşmayaq. Baxaq görək bu zatıqırıq  növbəti dəfə nə sayıqlayıb? Erməni əsilli milyarder Ruben Vardanyanın Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasındakı “vəzifə”sindən iti qovan kimi qovulması xəbərini  özünün şəxsi faciəsi kimi qarşılayan Zatulin hadisəni mətbuata şərh edərkən baş verənlərdən məyusluğunu gizlədə bilməyib. Deyib ki, Vardanyanın kənara atılması Azərbaycanın təzyiqlərinin nəticəsidir və ən əsası odur ki, Ermənistan hakimiyyəti onu müdafiə etmək istəməyib. Bu yaramaz tip utanıb-qızarmadan, abır-həya etmədən daha sonra bəyan edib ki, guya  Qarabağ ermənilərində Vardanyanın gəlişi ilə “gələcəyə ümid yaranmışdı: “İndi isə ermənilərin Qarabağdan qaçışı daha da sürətlənəcək. O, ermənilərdə ümidi alovlandırmışdı və onun istefası əlbəttə ki, buna pis təsir edəcək. Çoxlarını ona sürükləyəcək ki, onlar “ayaqları ilə səs versinlər”, yəni, əcdadlarının torpaqlarını atıb, “dağlıq Qarabağ”dan getsinlər. Bu, erməni xalqının tarixində ilk faciəli nəticə deyil...”

Zənnimizcə, bir neçə ay bundan əvvəl Ermənistanda rəsmən “persona non qrata” elan olunmasına, hər fürsətdə rəsmi İrəvan və erməni toplumu tərəfindən alçaldılmasına baxmayaraq, yenə də şərəfsizcəsinə haylara “canıyananlıq” göstərməyə çalışan, özünün pul kisəsi hesab etdiyi cinayətkar oliqarx Vardanyan üçün yas tutub ağlaşma quran  Zatulinin erməni “sevgisi”nin sonuncu təzahürü üzərində xüsusi dayanmağa ehtiyac yoxdur.Təkcə onu vurğulamaq kifayətdir ki, “velikorus şovinizmi”nin, imperiya düşüncəsinin daşıyıcıları olan zatulinlər üçün ləyaqət, şərəf anlayışları mövcud deyil.

Məhərrəm Ağalaroğlu
Anama məktub