Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Tərtər rayonunun Talış kəndindən Ermənistana və havadarlarına İkinci Qarabağ müharibəsinin dərsindən nəticə çıxarmaq mesajını ünvanladı
“Əfsuslar olsun ki, bu gün İkinci Qarabağ müharibəsinin ibrət dərsi Ermənistana hələ ki, dərs olmayıb. Çünki biz görürük ki, Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Ermənistanda yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırılır. Biz Ermənistan rəhbərliyini bu çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik. Ermənistanın arxasında dayanan bəzi ölkələri də bax, buradan – azad edilmiş Talış kəndindən xəbərdar edirik ki, əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz.” Prezident İlham Əliyev martın 18-də Tərtər rayonunun Talış kəndində Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində bu mühüm məqamı da xüsusi qeyd etdi ki, otuz ildə Ermənistan və onun havadarları, onun arxasında duran müttəfiqləri bizi haqq işimizdən çəkindirmək üçün müxtəlif imkanlardan, vasitələrdən istifadə etməyə çalışır, bizi mənasız danışıqlarla yormaq, işğalla barışdırmaq istəyirdilər.
Azərbaycan xalqı və Azərbaycan dövləti güclü iradə göstərərək bütün bu cəhdləri dəf etdi. Çünki Azərbaycanın işi haqq işidir. Dövlət başçısı İlham Əliyev 30 illik işğal dövründə ən yüksək tribunalardan bəyan edirdi ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, müharibə yolu ilə öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Sülh danışıqlarına imitasiya naminə qatılan Ermənistan havadarlarının dəstəyi ilə yeni ərazilər uğrunda müharibə planı hazırlamaq üçün vaxt qazanırdı. Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” fikri ilə işğal altında olan torpaqlarımızı sülh yolu ilə geri qaytarmaq fikrində olmadığını açıq-aşkar büruzə verdi. İşğalçı dövlətin belə əsassız fikirlərinə dünya gücləri, xüsusilə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən keçmiş ATƏT-in Minsk qrupunun həmsədrləri göz yumdular. Dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemləri 30 illik işğal dövründə gördük. Azərbaycanın işğalçı dövlətin belə sərsəm bəyanatına çavabı “Qarabağ Azərbaycandır və nida işarəsi” tezisini reallıqda təsdiqləməsi oldu. Dövlət başçısının bu fikri 44 günlük İkinci Qarabağ müharibəsinin, eyni zamanda, postmünaqişə dövründə bütün çıxışlarının, işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin rəmzinə çevrildi.
Postmünaqişə dövrünün reallıqları da təsdiqləyir ki, əksər dünya gücləri belə ikili yanaşmalarından əl çəkmək barədə düşünmürlər. Ermənistanla yanaşı, havadarları da 44 günlük İkinci Qarabağ müharibəsinin verdiyi dərsi unudub. Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır. Bunu sözdə deyil, əməldə təsdiqləyir. Dövlət başçısı İlham Əliyev sözügedən müraciətində bu məqama da diqqəti yönəltdi ki, Azərbaycan öz doğma torpaqlarını azad edəndən sonra görün, bizə qarşı nə qədər ədalətsiz addımlar atılır, nə qədər çirkin əməllər törədilir. Erməni havadarları, Ermənistanın işğalçılıq siyasətinə şərik olan ölkələr bizə qarşı informasiya müharibəsi elan ediblər: “Bəzi ölkələrdə Azərbaycanın daxili işləri ilə bağlı hansısa konfranslar, simpoziumlar təşkil edirlər. Bəzi ermənipərəst ölkələr dünya xəritəsində olmayan, Azərbaycanın ərazisində mövcud olmayan dırnaqarası “Dağlıq Qarabağın müstəqilliyini” tanıyırlar. Bu, nə deməkdir? O deməkdir ki, işğal dövründə bütün bu qüvvələrin yeganə amalı bu işğalı əbədiləşdirmək idi. Bu münaqişəni həll etmək yox, dondurmaq idi.”
Reallıq budur ki, gec-tez ədalət zəfər çalır. Azərbaycan 30 illik işğal dövründə dünyanın ikili standartlara əsaslanan siyasəti ilə daim üz-üzə qalsa da bu, dövlətimizi, xalqımızı ruhdan salmadı. Real faktlara, tarixi həqiqətlərə əsaslanan siyasətini uğurla davam etdirərək münaqişənin həlli üçün möhkəm hüquqi baza yaratdı. Məhz bu hüquqi baza Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində döyüş meydanında üstünlüyünü şərtləndirdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci ildə Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günlərinin açılış mərasimində söylədiyi bu fikirləri xatırlatmaq istərdik: «İşğal dövründə bir çoxlarımız, həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə olaraq dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.»
Ədaləti, beynəlxalq hüququ bərpa edən, dünyaya bu prinsiplərin vahid mexanizm əsasında tətbiqi üçün çağırışlar edən müasir müstəqil Azərbaycan dövləti və onun Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Cənab İlham Əliyev adını torpaqlarımızın xilaskarı kimi tarixə qızıl hərflərlə yazmaqla dövlətimizin uğurlu siyasətini, tutduğu yolun düzgünlüyünü, ədalət və beynəlxalq hüquqa əsaslanan siyasətin daim zəfər çaldığını təsdiqlədi. Əvvəldə də qeyd olunduğu kimi, dövlət başçısı İlham Əliyev bütün çıxışlarında bu əminliyi ifadə edirdi ki, torpaqlarımız işğaldan azad ediləcək, vətəndaşlarımızın pozulmuş hüquqları bərpa olunacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Hər dəfə qaçqın və məcburi köçkünlərlə görüşündə onlara yaradılan şəraitin müvəqqəti xarakter daşıdığını bildirərək tezliklə öz doğma yurd-yuvalarında yeni həyat yaradacaqlarına inamı ifadə etdi. Artıq üç ildir ki, dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Novruz tonqalını Qarabağda alovlandırır. 2021-ci ildə Şuşada, ötən il Suqovuşan qəsəbəsində, bu il isə Talış kəndində. Cənab İlham Əliyevin bu məkandan Ermənistana və ona havadarlıq edən dövlətlərə ünvanladığı mesajlar zənginliyi ilə diqqət çəkir. Hər bir mesaj Azərbaycan dövlətinin müstəqil siyasətinin, xarici siyasətinin dəyişməz prinsiplərinin təqdimatıdır.
Yeni reallıqlar dünya düzənini yenidən formalaşdırsa da, bu gün yenidən yeniləşməyə ehtiyac olduğu özünü aydın şəkildə büruzə verir. BMT Təhlükəsizlik Şurasının tərkibində dəyişikliklərin edilməsi günümüzün əsas müzakirə mövzularındandır. Azərbaycan bütün hallarda beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək mövqeyini nümayiş etdirir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Talış kəndindən bu mesajı da səsləndirdi ki, “Qarabağ Ermənistandır və nöqtə” deyən, bizi yeni müharibə ilə hədələyən Ermənistan bu gün bilmir hansı qanadın altında özünə yeni himayədar tapsın. Bütün dünyaya öz satqınlığını, nankorluğunu bir daha göstərir. Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır: “Ancaq o təqdirdə onlar 29 min kvadratkilometr ərazidə, - hansı ki, indi onlar ancaq bunu istəyirlər, - rahat yaşaya bilərlər. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var və güclü iradəmiz var. Müharibə dövründə və müharibədən sonrakı dövrdə biz bunu nümayiş etdirmişik.”
Müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq münasibətlərin möhkəmlənməsi, ölkələr arasında əlaqələrin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Bu kimi yaxınlaşmalar təbii ki, beynəlxalq hüquq normalarının, eyni zamanda, demokratik dəyərlərin öndə saxlanılmasını bir zərurətə çevirir. Bir daha təsdiq olunur ki, dünya nə qədər ki, hüquq problemini yaşayır, maraqlar ədaləti üstələyir, ikili yanaşmalar davamlı olacaq.
Azərbaycanın döyüş meydanındakı qələbəsi siyasi müstəvidə qələbəsini şərtləndirdi. Baxmayaraq ki, Azərbaycan daim sülh danışıqlarının tərəfdarı olduğunu bəyan edib. Hətta müharibənin davam etdiyi günlərdə də cənab İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Ermənistanın irəli sürdüyümüz şərtləri qəbul etdiyi təqdirdə danışıqlar masası ətrafında oturmağa hazırıq. Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin diplomatik həllinin mümkün olmadığını bildirsə də, Azərbaycan Ordusunun gücü qarşısında diz çökərək məlum Bəyanatı imzalamağa məcbur edildi. Bir məqamı da unutmayaq ki, işğalçı dövlətin siyasətində qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası, terroru dəstəkləmək kimi cinayət əməlləri əsas yer tutursa və dünya buna göz yumursa, daim beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozulacaq. İşğalçı Ermənistan utanmadan guya haqlı olduğunu bəyan edəcək, ona dəstək fonunda beynəlxalq təşkilatların, böyük dövlətlərin mövqeyinə inamsızlıq yaranacaq, bir sözlə, ədalət meyarı özü-özlüyündə bütün ölkələrə demokratiya dərsi keçən dövlətlərin maraqlarına uyğun olaraq və onların iştirakı ilə əriyəcək.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bundan sonra inkişaf yolunda daha sürətlə gedəcək. Yalan təbliğat, yazılan saxta tarix heç vaxt zamanın hakimliyini, tarixin yaddaşını üstələmək iqtidarında deyil. Son iki ildən artıq dövrdə Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin Moskva və Soçi görüşləri, həmçinin Avropa İttifaqı Şurası Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Brüssel görüşləri ölkəmizin ədalətli mövqeyinin təsdiqi oldu. Azərbaycan sülh və yeni əməkdaşlıq formatlarının müəllifi kimi mövqeyini möhkəmləndirir. Heç bir dövlətin daxili işinə müdaxilə etməyən Azərbaycan öz daxili işinə də müdaxiləni yolverilməz hesab edir. Talış kəndindən Azərbaycan xalqına müraciətində “Yeni reallıqları hər kəs qəbul etməlidir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, torpaqlarımızın 30 il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır və gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsin beynində olmalıdır: “Çünki biz bəzi hallarda görürük, sanki heç müharibə olmayıb, sanki işğal olmayıb, sanki Ağdamı “Qafqazın Xirosimasına” döndərən olmayıb. Bunu unutmaq və bizə unutdurmaq istəyirlər. Bu, heç vaxt olmayacaq. İşğal reallıqları, müharibə reallıqları, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Əks təqdirdə, heç bir sülh müqaviləsi olmayacaq. Ermənistana lazım deyilsə, bizə də lazım deyil. Ondan sonra görək, baxaq bunun axırı nə olacaq?!”
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev martın 18-də Tərtər rayonunun Talış kəndindən xalqımıza müraciətində bir daha tarixi Zəfərimizi şərtləndirən amillərdən, yaratdığı reallıqların ölkəmizin qarşısında açdığı imkanlardan geniş bəhs edərək bu məqamı xüsusi vurğuladı ki, şəhidlərimizin, Azərbaycan həbçilərinin canı, qanı bahasına dogma torpaqlarımıza qayıtmışıq. Biz bu gün doğma Qarabağ torpağında, doğma Zəngəzur torpağında dayanmışıq və burada əbədi yaşayacağıq.
Yeganə Əliyeva, “İki sahil”