Fransada dərin siyasi, sosial böhran fonunda baş verən etirazlar və qarşıdurmalar yeni mərhələyə qədəm qoyub. Son günlərdə Fransa həbsxanaları ətrafında baş verən hadisələr ölkədəki sosial narazılığın nə qədər dərin olduğunu bir daha nümayiş etdirib. Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, hadisələrin təşkilində narkotik alverçiləri və onların şəbəkələri iştirak edib. Hökümət bu vəziyyəti yeni narkotik qanunlarına qarşı reaksiya kimi təqdim edir. Vəziyyətin bu həddə çatması hökumətin profilaktik tədbirlər görməkdə acizliyini üzə çıxarır. Baş verən hücumlarda avtomobillər yandırılıb, bəzi yerlərdə odlu silahdan atəş açılıb. Hadisə yerlərində “DDPF” (Droits des Prisonniers Français - Fransız məhbusların hüquqları) şüarı ilə divar yazıları peyda olub. Bu ad altında çıxış edən yeni bir qrup ədliyyə nazirini məhbuslara qarşı müharibə elan etməkdə günahlandırır. Qrupun bəyanatında bildirilib ki, onların tələbi sadəcə insan hüquqlarına hörmət olunmasıdır. Fransada narkotik alveri və onunla bağlı zorakılıq hadisələri artmaqda davam edir. Bu vəziyyət bəzi siyasətçilər tərəfindən ölkənin "Meksikalaşması" kimi xarakterizə olunur. Senatın hesabatına görə, narkotik alveri artıq yalnız böyük şəhərlərlə məhdudlaşmır, həm də kiçik şəhərlərə və kəndlərə də yayılıb. Bu həm də korrupsiya hallarının artmasına səbəb olub.
Makronun daxili siyasətdəki uğursuzluqları və xarici müdaxilə iddiaları onun liderliyinə olan etimadı sarsıdır. Bu hadisələr Makron hökumətinin effektiv idarəçilikdən uzaq olduğunu və daxili problemlərin həlli yerinə məsuliyyəti xarici amillərə yönəltməyə çalışdığını göstərir. Fransanın bu cür yanaşması beynəlxalq miqyasda onun nüfuzuna ciddi xələl gətirir. Ən maraqlısı isə budur ki, Makronun komandası yaranmış xaosu və cəmiyyətin narazılığını legitimləşdirmək üçün "kənar müdaxilə" kartını masaya atır. Rusiya və Əlcəzairin Fransa daxilində baş verənləri qızışdırdığı iddia olunur. Bu yanaşma beynəlxalq aləmdə və Fransa cəmiyyətində ciddi suallar doğurur. Ölkə daxilindəki sosial və iqtisadi problemlər niyə həll olunmur və niyə hökumət məsuliyyəti öz üzərinə götürmək əvəzinə xarici düşmən axtarır?
Bəzi müşahidəçilər bu ittihamlara diqqəti daxili böhrandan yayındırmaq üçün atılan siyasi manevr kimi qiymətləndirirlər. Çünki Fransa hökumətinin sosial ədalətsizlik, hüquq-mühafizə orqanlarının zorakılığı, artan yoxsulluq və gənclər arasında işsizlik kimi problemlərə hələ də effektiv cavab verə bilmədiyi aydın şəkildə görünür.
Göründüyü kimi, Makron hökumətinin səriştəsizliyi və idarəetmədəki uğursuzluğu fonunda baş verənlər Fransanı təkcə daxili deyil, beynəlxalq müstəvidə də çətin vəziyyətə salmaqdadır. Makronun xarici siyasətdəki bacarıqsızlığı xüsusilə də Afrika ölkələri ilə münasibətlərdə özünü göstərdi. Burkina Faso, Mali və Niger kimi ölkələr Fransa ilə hərbi əməkdaşlıq sazişlərini ləğv edərək, Rəsmi Parisin bölgədəki təsirini azaltdılar. Fransanın bu ölkələrdən çıxarılması və dil kimi fransızcadan imtina edilməsi Makronun Afrika siyasətinin uğursuzluğunu nümayiş etdirdi.
Şəmsiyyə Əliqızı, “İki sahil”