19 may 2023 00:57
452

Yer kürəsinin ən yağmurlu məkanları

Yer kürəsinin bir çox ərazilərinə il ərzində xeyli miqdarda yağıntı düşür. Hətta bu yerlərdən bəziləri “Ginnesin Rekordlar Kitabı”na daxil olublar. Bu  yerlər haqqında topladığımız  maraqlı məlumatları sizinlə bölüşürük.

Meqhalaya ştatı (Hindistan)

Hindistanın Meqhalaya ştatında yerləşən Çerrapunci şəhəri dünyanın ən yağışlı bölgəsi hesab olunur. Burada yağıntının illik miqdarı 11 min mm təşkil edir. Buna səbəb Hind okeanından əsən rütubətli musson küləklərinin Himalay dağları tərəfindən qarşısının alınmasıdır. Yüksək rütubət və yağış fasiləsiz davam edir. Demək olar ki, burada günəş işığı görünmür. Bu xüsusiyyəti sayəsində şəhər özünə xeyli turist cəlb etməyi bacarır.

Mauzinram bölgəsi (Hindistan)

Hindistanın şimal-şərqindəki Mauzinram bölgəsi “Ginnesin  Rekordlar Kitabı”na daxil edilmişdir.  Bu bölgəyə ildə orta hesabla 11.871 mm yağıntı düşür. Bölgə təbii yaşıl meşələrə, çox sayda şəlalələrə və şəlalələrin qayalarda yaratdığı mağaralara  sahibdir.

Sohra bölgəsi (Hindistan)

Mauzinram bölgəsindən bir-neçə  km uzaqlıqda yerləşən Sohra bölgəsidir.  Bu bölgənin illik yağıntı miqdarı Mauzinramdan cəmi 100 mm əskikdir. Buna baxmayaraq  Sohra bölgəsi  ən  yağışlı ay və ilin qeydə alındığı rekordla birinciliyini qoruyur.

Bu bölgədə yaşayan insanlar həmişə qamışdan hörülmüş çətirlə  gəzirlər.

Lloro bölgəsi (Kolumbiya)

Dünyanın ən yağmurlu ölkələrindən biri də Kolumbiyadır. Ölkənin şimal-qərbindəki Lloroda 1952 və 54-cü  ildə 13.474 mm yağış qeydə alınıb. Lakin burada köhnə ölçü vasitələrindən istifadə edildiyindən, bu rəsmi qeydlərdə əsas götürülmür. Burada kənd təsərrüfatı yaxşı inkişaf edib. Şəkər qamışı, banan kimi məhsullar yaxşı bitir. Bu bölgədə havanın orta temperaturu təxminən  28 dərəcə civarındadır.

Puerto Lopez bölgəsi (And dağları)

And dağları yaxınlığında yerləşən   Puerto Lopez bölgəsində  illik yağışın miqdarı 12,892 mm-dir. Lakin burda bəzi illərdə yağıntının miqdarı ölçülmədiyi üçün  digər bölgələrlə müqayisə etmək mümkün deyil.

Andoqoua (Kolumbiya)

Bu yaşayış məntəqəsi isti iqlimi ilə məşhurdur. Burada temperatur il boyu demək olar ki, eynidir. ( təxminən 27 dərəcə ) Maraqlıdır ki, qış və yay ayları arasında temperatur fərqi minimaldır- 0,7 dərəcədir. Rütubətli bölgələr siyahısına daxil olan Andoqouada  ən quraq ay dekabrdır. Dekabr ayında Andoqouada  təxminən 500 mm yağıntı düşür.  Ən yağışlı ay isə may ayıdır( təxminən 650 mm ).  Burada orta hesabla  yağıntıların sayı  6817 mm -dir. Çox maraqlıdır ki, tropik meşələrdə yağıntılar adətən gündüzlər, Andoqouada  isə gecələr düşür.

Vankuver adası (Henderson gölü, Kanada)

Vankuver adası Kanadanın qərb sahilində yerləşir. Bu  əlçatmaz yerlərdən biri hələ də  meşələrlə örtülüdür. Adanın rütubətli iqlimi var, məhz buna görə burada bir  çox ağaclar qeyri-adi hündürlüyə malikdir. Beləliklə, burada adətən Kanadada 95 metrə qədər böyüyən ən hündür ladinlərə rast gəlmək olar. Ən rütubətli yerlərdən birinin də eyni adada olması təsadüfi deyil. Bu, Kanadanın cənub-qərbindəki Henderson gölüdür. Bu gölün yaxınlığında yerləşən əraziyə təxminən 7000 millimetr yağıntı düşür.

Bellenden Ker Rendj dağ silsiləsi (Avstraliya)

Kvinslend ştatı Avstraliyanın şimal-şərq hissəsində yerləşir. Şimal hissəsində Bellenden Ker Rendj dağ silsiləsi 65 km uzanır. Bu bölgə Avstraliyanın ən rütubətli bölgəsi hesab olunur. Burada adətən yağışlı mövsümdə səma daim buludlarla örtülür, havanın rütubəti isə 85% səviyyəsində qalır. Rütubətli bölgədə illik yağıntının miqdarı isə  8312 mm-dir. Maraqlıdır ki, Avstraliyanın özü ən quraq qitələrdən biri hesab olunur. Burada  Afrikadakından 5 dəfə az yağıntı olur.

Vaialeale vulkanı (Havay adaları)

Havay adalarından birində dəqiq desək, Kauainin tam ortasında çoxdan sönmüş qədim  Vaialeale  vulkanı yerləşir. Planetin ən rütubətli yeri adlandırılan bu yer 1912-ci ildən izlənilir. Hər il burada təxminən 11684 mm yağıntı düşür. 1982-ci ildə yağıntıların  rekord sayı qeyd olunmuşdu( təxminən 17 min mm). Maraqlıdır ki, burada leysan tipli yağışlar çox nadir hallarda olur. Vaialeale  zirvəsi sanki duman qatı ilə örtülüb. Bu qədər yağışın səbəbi adanın şimalda yerləşdiyi üçün soyuq mövsümdə güclü atmosfer cəbhələrinin təsirindən əziyyət çəkməsidir. Bundan əlavə, rütubətin artması konus formasında olan adanın hər tərəfindən əsən  küləklərlə bağlıdır.

Samirə Tağıyeva, “İki sahil”