20 may 2023 01:36
727

Avtomobil bazarı: Mövcud vəziyyət və perspektivlər

Əsas məqsəd insanların həyat və sağlamlığının, ətraf mühitin qorunmasına dəstək olmaqdır

Ölkəmizdə istehsal olunan minik avtomobillərinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad olunur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 18-də keçirilən iclasında müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunacaq. Dəyişiklik avtomobil istehsalının dəstəklənməsini nəzərdə tutur. Hazırda ölkəmizdə 1,4 milyondan çox minik avtomobili mövcuddur. Bunun 1,3 milyondan çoxu şəxsi minik avtomobillərinin payına düşür. Yaşı 10 ildən artıq olan minik avtomobillərinin payı 80%-dən çoxdur. 2023-сü ilin yanvar-aprel aylarında ölkəmizdə 1259 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 549 ədəd çox minik avtomobili istehsal olunub. Bu ilin may tarixinə hazır məhsul ehtiyatı 877 ədəd təşkil edib. Ölkəmizdə avtomobillər Nefçala, Naxçıvan, Gəncə və Hacıqabuldakı zavodlarda istehsal olunur.

Son 13 ildə ölkəmizə bir milyondan çox avtomobil idxal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycana gətirilən avtomobillərin sayı 1 566 743, 2022-ci ildə isə 1 349 307 olub. 2023-cü ilin yanvar ayında isə ölkəmizə 102 milyon 620,56 min ABŞ dolları dəyərində 6881 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Bu avtomobillərin 933-ü hibrid, yəni daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriki, 119-u isə yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələridir. 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu say müvafiq olaraq 50,44% və 21,04% çoxdur. Ötən il olduğu kimi, bu il də vətəndaşlar yeni avtomobillərdən krossoverlərə üstünlük verirlər. Sevindirici haldır ki, alıcılar avtomobil alarkən ekologiyaya ziyan vurmayan maşınlara daha çox üstünlük verirlər. Lakin bu avtomobilləri ala bilməyən şəxslər benzin və dizellə çalışan maşınları nəzərdən keçirirlər.

Azərbaycanda ikinci əl dizel və benzinlə işləyən avtomobillərə maraq artıb. Alıcıların üstünlük verdikləri yeni avtomobillərin mühərrikləri 2000-2500 kubsantimetrdir. İkinci əl bazarında ötən il olduğu kimi, bu il də vətəndaşlar daha çox 1500-2000 kubsantimetr mühərrikli maşınlara üstünlük verirlər. Bunlar əsasən hibrid, benzin və dizellə işləyən avtomobillərdir. Həmin maşınlar ABŞ və Avropa ölkələrindən gətirilib. Ancaq bir məsələ də var ki, ölkədə dizel mühərrikli köhnə nəqliyyat vasitələrinin sayında artım müşahidə edilir. Avropa ölkələrinin bəzi şəhərlərində dizel mühərrikli maşınlar qadağan edilib. Almaniyanın ikinci əl avtomobil salonlarında bu cür nəqliyyat vasitələri çoxdur və bunların bir qismi ölkəmizə daşınır. Köhnə mühərrikli avtomobillər ekologiyaya daha çox zərər vurur.

Bu ilin yanvar ayından ölkəyə gətirilən avtomobillərin qiymətində 5 faiz artım müşahidə olunur. Qiymətlərin yüksəlməsinin Azərbaycan iqtisadiyyatı və maşın bazarı ilə heç bir əlaqəsi yoxdur. İri avtomobil istehsalçılarının qiymət siyasəti, ehtiyat hissələrinin və daşınmanın bahalaşması bunun əsas səbəblərindəndir. Vətəndaşlarımız daha çox Avropa İttifaqına üzv ölkələrdə və Yaponiyada istehsal olunan avtomobillərə üstünlük verirlər.

Baş nazir Əli Əsədovun imzaladığı 29 mart 2023-cü il tarixli qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) ölkəmizə gətirilməsi məhdudlaşdırılıb. Bu qərar 30 gün sonra qüvvəyə minib. Əsas məqsəd insanların həyat və sağlamlığının, ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və beləliklə də ekoloji vəziyyətin yaxşılaşmasına dəstək olmaqdır.

Ölkəmizə idxal olunan bütün elektromobillər 2019-cu il yanvarın 1-dən etibarən ƏDV-dən azad edilib. 1 yanvar 2022-ci ildən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da 3 il müddətinə ƏDV-dən azad edilib. Habelə bu qayda həmin avtomobillər üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının idxalı və satışına da aiddir. Həmçinin istehsal tarixi 3 ildən, mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib.

Buna görə də ölkəmizə belə avtomobillərin gətirilməsi daha sərfəli və asandır. Bu il ölkəmizdə elektrik doldurma məntəqələrinin sayının artırılması gözlənilir. Hazırda Azərbaycanda 40-a yaxın elektrikdoldurma məntəqələri mövcuddur. Bunların təxminən on faizi bölgələrdədir.

Cavid Əkbərov, “İki sahil”