09 iyul 2025 02:15
129

Qardaşlığa, qarşılıqlı dəstəyə və həmrəyliyə əsaslanan xarici siyasət - TƏHLİL

Azərbaycan-Türkiyə-Pakistan birgə fəaliyyətləri ilə Qlobal Cənubda etibarlı təhlükəsizlik platforması yaradıblar

Qərbin və Şərqin kəsişməsində, sivilizasiyaların qovuşduğu məkanda yerləşən, strateji yanaşmalarda  geosiyasi və geoiqtisadi əhəmiyyətini qoruyan  Azərbaycanın milli maraqlara, dövlətçilik mənafeyinə əsaslanan xarici siyasəti uğur diplomatiyası kimi dəstəklənir. Regionda aparıcı dövlət statusunu qorumaqla  Qərb, İslam ölkələri, türk dünyası və Müstəqil Dövlətlər Birliyinin (MDB)  siyasi, iqtisadi, mədəni məkanları ilə qarşılıqlı faydalı münasibətlər quran, beynəlxalq  təşkilatlarda əməkdaşlıq və bərabərhüquqlu tərəfdaşlıq əlaqələrinə sadiq qalan, müstəqilliyinə  və suverenliyinə tam  nail olan    Azərbaycanın müasir dövr üçün xarici siyasəti  yeni istiqamətlər üzrə təkmilləşdirilir.   Müasir dövrün çağırışlarına hədəfləri strateji baxımdan  düzgün müəyyənləşdirməklə regionun  güclü  lideri kimi qədəm qoyan,  Cənubi Qafqa­zın təhlükəsizliyinin və inkişafının təmin edilməsində aparıcı rol oynamaq məsuliy­yətini daşıyan,  bölgədə  sabitlik, əməkdaşlıq və təhlükəsizlik üçün regionlararası geosiyasi məkanda fəallığı ilə seçilən ölkəmiz artıq  Qlobal Cənubun aparıcı üvvlərindəndir.  İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO),  Türk Dövlətləri Təşkilatının (TDT) fəal üzvü kimi  türk dünyasının birlik və həmrəyliyinin möhkəmlənməsinə önəmli töhfələr verən Azərbaycan digər regional təşkilatlarla əlaqələrin fəlsəfəsini, siyasi-diplomatik məzmununu  dünya siyasətinin hədəflərinə uyğun müəyyənləşdirir. 

Prezident İlham  Əliyevin Vətən müharibəsi ərəfəsində və savaşın gedişində   «Əl-Cəzirə»”, «Əl-Ərəbiyə»,” «TRT Haber»”, «Pervıy Kanal»”, «CNN Türk”», «Euronews»”, «CNN International»”, «Sky News»”, «RBK»”, «Haber Global”», «Haber Türk»”, «NTV»”, «France 24»… ümumiyyətlə 30-dan artıq xarici”, televiziya kanallarına, Rusiyanın TASS, RİA Novosti agentliklərinə  müsahibələrinin hər biri  Azərbaycanın beynəlxalaq hüquqa, qarşılıqlı anlaşma prinsipinə, etimada əsaslanan sülhsevər xarici siyasətinin dünya ictimaiyyətinə təqdimatı idi.  Hətta qərəzli  sualları belə real  arqumentlər, tarixi həqiqətlər  əsasında, qətiyyətli , siyasi hazırlıqlı  lider kimi  cavablandıran  Prezident İlham Əliyev məntiqli açıqlamaları ilə də diqqəti cəlb etdi. İnformasiya müharibəsində də Azərbaycanın haqlı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdi. Ermənistanın uzun illər yürütdüyü faşist ideologiyasını, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin acı nəticələrini  dünya xalqlarına çatdırmaqla,  erməni yalanlarını beynəlxalq səviyyədə  ifşa etdi.

İyulun 7-də ADA Universitetində «Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar»” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin açılış mərasimində qeyd olunduğu kimi,  Azərbaycan xarici siyasətinin bir sıra istiqamətləri, o cümlədən iqtisadiyyat, təhlükəsizlik, enerji, mədəniyyət, kommunikasiya sahələri üzrə görülmüş işlər uğurla nəticələnir. Ölkəmizin ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın qarşılıqlı maraqlar əsasında  möhkəmləndirilməsi,  iqlim diplomatiyasının, yaşıl enerji  siyasətinin beynəlxalq səviyyədə dəstəklənməsi  Prezident İlham Əliyevin liderlik qətiyyətinin, siyasi iradəsinin nəticəsidir. Müşavirədə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycanla Ermənistan arasında normallaşmanı ləngidən,  sülh prosesini hədələyən mövcud çağırışlar diqqətə çatdırıldı.  Sülh sazişinin imzalanmasına ciddi  əngəl olan   Ermənistan konstitusiyasında əks olunmuş ərazi iddialarının aradan qaldırılmasının vacibliyi qeyd edildi. İki gün davam edəcək  müşavirə çərçivəsində ikitərəfli və çoxtərəfli diplomatiya, iqtisadi, iqlim, enerji diplomatiyası, bağlantılar, məhkəmə prosesləri, humanitar və mədəniyyət diplomatiyası, beynəlxalq inkişafa yardım, xarici siyasətin kommunikasiyası, parlament diplomatiyası, beynəlxalq müqavilələr, diaspor fəaliyyəti, habelə diplomatik xidmət orqanlarının fəaliyyəti ilə bağlı açıqlamalarda   xarici siyasətimizin uğurlarından bəhs olunacaq.

 Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, uğurla davam etdirilən  Azərbaycanın xarici siyasətinin beynəlxalq səviyyədə dəstəklənməsinə nümunə göstəriləcək  məqamlar çoxdur. Beynəlxalq aləmdə ən çox təmsilçisi olan  Qoşulmama Hərəkatına sədrliyi müddətində  mühüm islahatlara imza atan, humanist təşəbbüsləri  dəstəklənən, COVID29 pandemiyası dövründə xalqları və dövlətləri   « peyvənd millətçiliyi»nə qarşı birg mübarizəyə səsləyən Azərbaycanın diplomatik səyləri bu gün də nümunə göstərilir. 200 ölkənin yekdil qərarı ilə  ötən ilin noyabrında  Azərbaycanda   BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)  keçirilməsi ölkəmizə  hörmətin , beynəlxalq arenada möhkəmlənən mövqeyinin, siyasi müstəvidə artan rolunun ifadəsi kimi dəyərləndirildi. Respublikamızı «yaşıl artım»” ölkəsinə çevrməyi qarşısına məqsəd qoyan və hədəfə çatmaq üçün  mühüm islahatlar həyata keçirən Azərbaycanda  bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrik enerjisinin ixracının artması kimi təşəbbüslərin  tədbir iştirakçıları  tərəfindən dəstəklənməsi ölkəmizin enerji diplomatiyasının coğrafiyasını daha da  genişləndirir.

Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında  Azərbaycan və  Türkiyə prezidentləri  İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və   Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən  Zirvə görüşü İslam həmrəyliyinin  nümunəsi  olmaqla  xarici siyasətimizin şaxələndirmə prinsipinə  uyğun genişlənməsinin təzahürüdür.  Zirvə görüşündə  tarixi ənənələrə  sadiq qalan Azərbaycan, Türkiyə və Pakistan  arasındakı sarsılmaz dostluğun  siyasi və mənəvi təmələ   əsaslandığını bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, qarşılıqlı  faydalı əməkdaşlığa əsaslanan hər üç ölkənin  dünyada baş verən hadisələrə  strateji yanaşması, iqtisadi potensialdan səmərəli istifadə  regional əhəmiyyətli siyasi kursdur . «Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq» sözləri ilə  konkret investisiya layihələri üzrə  çoxşaxəli  layihələrin  həlli üçün birgə fəaliyyətin əhəmiyyətini diqqətə çatdıran Prezident İlham Əliyevin vurğuladığı kimi,  Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgənin deyil, geniş coğrafiyanı əhatə edən  enerji xəritəsi dəyişib.  Enerji təhlükəsizliyinin təmin edilməsində,  bərpaolunan enerjinin istehsalı və ixracında  önəmli nailiyyətlər qazanılıb. Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən strateji əhəmiyyətli  nəqliyyat layihələri ilə bağlı təşəbbüslərdə   Pakistanın da yaxından iştirakı əməkdaşlığa əlavə töhfələr qazandırır.

 Hər üç ölkənin hərbçiləri arasında  keçirilən birgə təlimlər, müdafiə sahəsində əməkdaşlığı  sayəsində  geniş coğrafiyada  sülhün və sabitliyin qarantı olan silahlı qüvvələrimizin potensialı gücləndirilib.  Üç qardaş ölkənin  Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda eyni mövqeyə sadiq qalmaları, Türkiyənin terrorçuluqla mübarizə istiqamətində əldə etdiyi uğurlar  bölgədə sülh və əmin-amanlıq üçün önəmli addımdır.

 Zirvə görüşündə çıxış edənTürkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğan ötən il Astanada keçirilən Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli görüşünün  əhəmiyyətini «Qarşılıqlı sevgi, hörmət və etimada əsaslanan, eyni mədəniyyət mühitindən bəhrələnən ortaq idealları bölüşən üç qardaş ölkəyik. Təxminən 350 milyon əhaliyə və 1,5 trilyon dollar iqtisadi gücə sahib ölkələrimizin arasındakı bağları daha da gücləndiririk. Birliyimizi strateji tərəfdaşlığa çevirməyə yönəlmiş hər bir addımın arxasında olduğumuzu xüsusilə vurğulamaq istəyirəm» sözləri ilə diqqətə çatdırmaqla  bu birliyin, həmrəyliyin regional əhəmiyyətini, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində möhkəmlənən  tərəfdaşlığı hər üç ölkənin  eyni mövqeyə malik xarici siyasətlərinin genişlənən platforması adlandırdı. Qeyd olunduğu kimi, çətinliklər qarşısında həmrəylik və birgə fəaliyyət, məqsədlərə nail olmaq üçün göstərilən qətiyyət seçim deyil, zərurətdir. Türkiyə, Azərbaycan və Pakistan  arasında  möhkəmlənən  üçtərəfli Zirvə görüşləri, birgə əməkdaşlıq strateji əhəmiyyətə  «İnkişaf Yolu”», Orta Dəhliz” və Şimal-Cənub Beynəlxalq  Nəqliyyat Dəhlizi” kimi layihələrə  töhfə verəcək.
 Pakistanın Baş naziri  Məhəmməd Şahbaz Şərifin «Əziz qardaşlarım, bugünkü dünyamızda ciddi çağırışlar, silahlı münaqişələr, iqlim dəyişikliyi, xəstəliklər və iqtisadi böhranlar mövcuddur. Bu səbəbdən ölkələrimiz bir araya gələrək münaqişəni rədd edir və mərhəməti seçir. Biz əminik ki, səbir və müdriklik nəticə etibarilə qalib gələcəkdir və firavanlığı təmin edəcəkdir. Bugünkü təlatümlü dünyada siyasi və təhlükəsizlik arxitekturaları, bağlantı layihələri və aparıcı texnologiyalar yeni reallığı şərtləndirir» sözləri hər üç dövlətin humanizm prinsipləri əsasında möhkəmlənən müttəfiqliyinin ifadəsi idi. Hər üç ölkə  regionda sülhın tərəfdarıdır, bu siyasət gələcəkdə də dəyişilməz olaraq qalacaq.

Bu üçlüyün   dəstəklənən xarici siyasətinin daha bir uğuru, sarsılmazlıq nümunəsi iyulun 4-də Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının  17-ci Zirvə görüşü oldu. Keçən il tarixdə ilk dəfə olaraq ECO məkanında COP29 konfransının Azərbaycanda keçirilməsi, tədbirdə 197 ölkə, 70 dövlət və hökumət başçısı iştirakı, 77 min şəxsin qeydiyyatdan keçməsi Azərbaycanın uğurlu xarici siyasətinin təntənəsi kimi  dəyərləndirildi.

 Qoşulmama Hərəkatına sədrliyi müddətində  təcrübəsi, islahatları ilə diqqət çəkən Azərbaycanın təşəbbüsü ilə    eyni islahatlar ECO-da da tətbiq olundu.   ECO-nun Zirvə  görüşündə  yaddaqalan məqamlardan biri də  türk dünyasını, İslam həmrəyliyini təmsil edən nümayəndələrin birgə  iştirakı ilə  Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması ilə bağlı məsələnin müzakirəsi,  soydaşlarımıza qarşı törədilən erməni vandalizminin beynəlxalq ictimaiyyətə çatdırılması oldu. İslam Əməkdaşlıq Təşkilatının  Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilmiş iclasında  Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunması yüksək qiymətləndirildi. Bu qətnamə ilə yanaşı Xarici İşlər  Nazirlər Şurasının iclasın  yekunlarına dair qəbul olunan  «İstanbul Bəyannaməsi»”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və rəsmi İrəvanın  Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır.  Tədbirdə əldə edilmiş əsas nailiyyətlər inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları barədə razılaşmalar olmuşdur.

«Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirilir. Şuşada ECO-nun Biznes-Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edilmişdir. Forumda iştirak etmiş nümayəndələr bu gün burada görülmüş işlərlə bağlı məruzələr təqdim edəcəklər» söyləməklə  ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin olunması istiqamətində işlərin davam  etdiriləcəyini qeyd edən Prezident İlham Əliyev 2026-cı ilin Şuşa şəhərinin ECO-nun Turizm paytaxtı” elan edilməsini Azərbaycanın beynəlxalq aləmdə  möhkəmlənən nüfuzunun ifadəsi  kimi dəyərləndirdi.
Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixracını şaxələndirmə siyasətinə uyğun genişləndirir. Bu göstəriciyə görə  Qlobal Cənubun əsas mərkəzi olan  Azərbaycan   dünyada ön sıradadır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir. Yaranan bu imkanlar Azərbaycanın diplomatik səylərinin və uğurlarının nəticəsidir.

Xuraman İsmayılqızı, "İki sahil"