KÖŞƏ

Vəli İlyasov

"Bu xına o xınadan deyil"

25 iyun 2023 00:57
5708

Azərbaycanla sərhəddə ABŞ bayrağının dalğalandırılması və regiona Qərbin girməsinə imkan verməyən İranın buna göz yumması onu göstərir ki, molla rejimi mövzu Ermənistan olanda öz "qırmızı xətləri"nin üstündən bir qara xətt çəkə bilir. Əslində bu, dünyada ikiüzlü və riyakar imici qazanmış molla rejiminin simasızlığına daha bir nümunədir.  Özündən güclüsünü görəndə quyruğunu qısmaq, zəifini görəndə yırtıcıya çevrilmək fars-molla rejimi cəlladlarının köhnə şakəridir. Buna yüzlərlə fakt gətirmək olar. Məsələn, Azərbaycan Zəngəzur dəhlizinin açılmasını irəli sürəndə yeganə ciddi etiraz edən, hətta Araz kənarında hərbi təlimlər keçirən İran müharibə görüntüsü yaratmaqdan da çəkinmədi. Bu hərəkətlərinə daha qorxulu görüntü vermək üçün hətta çayın qırağına panton körpülər də daşıdı. Bu, Azərbaycanı həyasızcasına təhdid etmək, qorxudub çəkindirmək məqsədi güdürdü. Ancaq yanıldılar və Azərbaycanın daha sərt cavab tədbirlərini gördülər və başa düşdülər ki, zarafat etmək olmaz, yəni, "bu xına o xınadan deyil." Yəni, Azərbaycan əvvəlki zəif Azərbaycan deyil.

Zəif müsəlman ölkələrini qapazaltı etmək molla hakimiyyətinin əsas məqsədlərindən biridir. Avropa dövlətlərinin qarşısında isə “boynu tükdən də nazikdir.”  Qərblə İranın sanki savaş içində olması aldadıcı görüntüdən başqa bir şey deyil. İran Qərbin bölgədə bütün tapşırıqlarını tərəddüdsüz yerinə yetirən dövlətlərdən biridir. Fransa ilə örtülü dostluğu buna bir sübutdur. İranın molla rejiminin "baş memarı" Ayətullah Xomeyninin təqiblərdən qaçaraq Fransada gizlənməsi təsadüfi deyildi. Ola bilsin ki, müəyyən nüanslarda üst-üstə düşməyən məqamlar olur, amma fikir versək görərik ki, 40 ildən çoxdur ki,  İranda hakimiyyətdə qalan Qərbin yaratdığı rejimdir. Ona qarşı hansısa kəskin addımlar atıldığının şahidi olmuşuqmu? Xeyr!

Bu kimi məsələlərdə onların bir-biri ilə düşmən olmalarına inanmaq sadəlövhlük olardı. Bildiyimiz kimi, Avropa İttifaqının Ermənistanda təmsilçiləri, mülki müşahidə missiyası var. Bu, İranı narahat etmir, ancaq İsrailin Azərbaycanda olmasına sərt reaksiyalar verir. Əlüstü narazılığını hansısa şəkildə ifadə edir.  Azərbaycan İsraildə öz səfirliyini açanda mollalar ölkəmizə hərzə-hədyan yağdırdılar, yersiz umub-küsdülər. Halbuki Azərbaycan  İranın marağını nəzərə alaraq dost İsraildə otuz ildən artıq müddətdə səfirlik açmamışdı.  Bunun müqabilində molla rejimi əlinə fürsət düşən kimi Azərbaycana hörmətsizlik göstərdi. 44 günlük müharibədən əvvəl də, sonra da işğalçı Ermənistanın yanında oldu. Dolayısı ilə düşmənlərimizin torpaqlarımızı işğal etməsinə dəstək verdi. Çünki özü də işğalçıdır, Rusiya ilə birlikdə Azərbaycanı iki yerə bölən və Arazın o tayındakı soydaşlarımıza zülm edən bir dövlətdir. İran münasibətlərində qeyri-səmimi, sırf saxtakar və riyakardır.

İran Zəngəzur yoluna qarşı çıxır, çünki istəyir ki o, yol şimal-cənub tərəfdən keçsin. Olsun, biz buna qarşı çıxmırıq ki, təki yollar açılsın. Bizim hökumət hər zaman İranla münasibətdə özünü çox loyal, diplomatik qaydalara uyğun aparıb. Ancaq səfirliyimizə qarşı törədilən terror hadisəsindən sonra etirazımızı bildirdik. Bəs nəticəsi nə oldu? O oldu ki, terror aktını törədən şəxs mühakimədən gizlədilir.

İranın yanaşmalarına İslam standartları ilə baxılası bir dövlət deyil. Bilavasitə bu standartları birinci tapdalayan elə İranın özüdür. Çünki İslam dünyasında çünni-şiəliyi qızışdırmaqla  dinimizə və müsəlman birliyinə ciddi zərbə vurub. Yəqin bu məsələdə hansısa bir əlavə izaha ehtiyac yoxdur. İranın "xeyir-duası" ilə İraqda, Suriyada yerləşdirilmiş terrorçu dəstələr müsəlmanları qırır, onların yurdlarını viranəyə çevirirlər. İkrah doğuran odur ki, həmin terrorçu dəstələr narkotik satışından əldə olunan vəsaitlər hesabına hücum edib günahsız insanları öz torpaqlarında qırırlar. Bu isə dinlə və insanlıqla bir araya sığmır, çünki İslam sülh və barış dinidir.

Belə görünür ki, İran şər əməllərindən əl çəkmək fikrində deyil. Hazırda Qafanda həm İran, həm də Avropa missiyası var. Onlar bir yerdə Azərbaycanın maraqlarına zidd fəaliyyətin bilavasitə həyata keçirilməsini təmin edirlər. Bütün bunlardan sonra bu dövlətin müsəlmançılıqdan danışmağa haqqı yoxdur. Çünki onun mahiyyətində İslam ehkamları məhv edilib, yəni, küfrlə məşğuldur.