KÖŞƏ

Cavid Əkbərov

“Milli Şura” fitnə-fəsad içindədir

31 mart 2016 23:47
3951

Azərbaycana, onun milli dövlətçiliyinə qarşı düşünülmüş siyasi-ideoloji təxribatlar təkcə erməni amili ilə bitmir. Davam edən həmin təxribatlarda düşmən dövlətlə bərabər, erməni lobbisinin satın aldığı bir sıra beynəlxalq qurumlar, parlament üzvləri, siyasətçilər, teleşirkətlər və mətbuat orqanları da iştirak edir. Təəssüflər olsun ki, antiazərbaycan ruhlu həmin qüvvələr Azərbaycanda da özlərinə asanlıqla dayaq nöqtələri tapa biliblər və yeni agentlər axtarışındadırlar. Bu başıpozuq dəstə xüsusi canfəşanlıq göstərərək hakimiyyət əleyhinə öz qarayaxma kampaniyasını davam etdirir, cəmiyyətdə çaşqınlıq yaratmağa, onun oriyentasiyasını başqa səmtə yönəltməyə səy göstərir.

20-25 il əvvəlkindən fərqli olaraq dövlətimizə mayası qərəzdən yoğrulmuş böhtanlar atmaq, onun beynəlxalq aləmdə qazandığı imici ləkələmək iddiasından əl çəkməyənlər Azərbaycanın informasiya cəbhəsində yaratdığı dönüş hesabına tez bir zamanda ifşa olunur, daşnaklar tərəfindən törədilən vəhşiliklər, onların işğalçı, qaniçən obrazını durultmağa hesablanmış bu çirkin və məkrli siyasət iflasa uğrayır. Həmin qüvvələrin Dağlıq Qarabağ münaqişəsində tribunanı Ermənistana verməklə Azərbaycanın günahkar obrazını formalaşdırmaq, düşmən ölkəni zərərçəkmiş qismində təqdim etmək cəhdlərinin yalan üzərində qurulduğunu da artıq dünya ictimaiyyəti dərk etməyə başlayıb.

Lakin təkcə ermənilər və ölkəmizin bədxahları deyil, azərbaycanlı adına xələl gətirən siyasətbazlar da belələrinin əməllərinə xidmət edirlər. Çox təəssüflə qeyd etməliyik ki, özünü “milli qüvvələr” adlandıranlar öz antimilli əməlləri ilə düşmən ermənilərin dəyirmanına su tökür, bununla şəxsi maraqlarını təmin etmək yolunu seçirlər. Bu gün bu funksiyanı Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli kimilər bütün varlıqları ilə can-başla yerinə yetirirlər.

Yeri gəlmişkən, Əli Kərimli ilə Cəmil Həsənli yeni fitnə-fəsad içindədirlər. Bir neçə gün əvvəl mətbuatda Həsənlinin “Milli Şura” adlandırılan qurumun sədrliyindən istefa verməsi barədə məlumatlar yayıldı. Müşahidəçilər bunu iki səbəblə izah edirlər. Birincisi, C. Həsənlinin də artıq Ə. Kərimlinin avantüralarından bezməsi və ondan uzaqlaşmağa çalışdığı, ikinci ehtimal isə artıq “Milli Şura”nın adından başqa heç nəyinin qalmamasına görə ondan uzaqlaşmasıdır. Hər iki halda onlar cəmiyyətdə heç bir mövqe və dəstək qazana bilmədilər.

AXC-Müsavat hakimiyyəti dövrünün ab-havası hələ də başından getməyən bu xudpəsəndlər uzun müddətdir ki, hakimiyyətə qayıtmaq, yenidən var-dövlət qamarlamaq üçün müxtəlif vasitələrə əl atır, paralel olaraq daha “mütərəqqi” metodların hazırlanması üçün baş sındırırlar. Cizgi filmlərinin bəzi bədnam personajları rolunda çıxış edən, qoltuqlu kreslolarda oturmaq iddiası ilə alışıb-yanan bu özündənrazılar hələ də anlamaq istəmirlər ki, müxtəlif qondarma qurumlar yaratmaq və bir sıra dövlətlərə və beynəlxalq təşkilatlara giley-güzar etməklə liderlik adını qazanmaq mümkün deyil.