07 avqust 2023 23:59
4535

Məktəbli formaları məcburidirmi?

Kamran Əsədov: Digər qeyri-formalardan istifadə olunduqda, diqqət yayınmaları baş verir

Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur.

Elm və Təhsil Nazirliyinin açıqlamasında qeyd edilib ki, ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib. Valideynlər övladlarının təhsil aldığı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilər. Yeni tədris ilinə hazırlıq məqsədilə məktəbli formalarını ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən satış məntəqələrindən əvvəlcədən əldə etməyiniz tövsiyə olunur.

Məktəbli formaları ilə bağlı məsələyə münasibətini bildirən təhsil eksperti Kamran Əsədov “İki sahil”ə açıqlamasında bildirdi ki, 2011-ci ildə qəbul edilmiş orta ümumtəhsil məktəblərinin, 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Qanunun tələblərindən biri mütləq şəkildə orta ümumtəhsil məktəblərində məktəbli formalarından istifadədir: “2021-ci ilədək bizim 2011-ci ildə qəbul edilmiş məktəbli formaları idi, bunlar keyfiyyət baxımından yaxşı deyildi. 2021-ci ildən yeni məktəbli formaları qəbul edildi. 2022-ci ildə könüllü idi, həm köhnə, həm də yeni formalardan istifadə edə bilərdilər. Amma məktəbin başlanmasına hardasa 40 gündən artıq vaxt qalıb. Ehtiyac olan məktəbli formaları təmin oluna bilməyəcək. Söhbət Bakıdan getmir, paytaxtda 320 məktəb, 460 min şagird var. Bölgələrdə bu, problemdir. Yaxşı olar ki, ilkin mərhələdə yalnız ibtidai siniflər 100 faiz təmin olunardı.”

K.Əsədov qeyd etdi ki, biz yuxarı siniflərlə bağlı problem yaşayırıq: “Amma daha çox biz aşağı sinifləri təmin edəndən sonra yuxarı sinifləri təmin etməliyik. Məktəbli formalarının zəruri tətbiqi ibtidai siniflərə tətbiq edilməlidir. Çünki belə ala-bula olacaq. Keyfiyyətli parçalardan çox təəssüf ki, istifadə olunmur, 1-2 dəfə yuyulmadan, istifadədən sonra sıradan çıxırlar. Apardığımız monitorinqlər bunu göstərir. Məktəbli formaları zəruridir, çünki məktəbdə sosial bərabərliyin təmin olunması, şagirdlərin dərs prosesində diqqətinin yayınmaması üçün forma mütləqdir. Digər qeyri-formalardan istifadə olunduqda, diqqət yayınmaları baş verirdi.”

K.Əsədov hesab edir ki, məktəbli formaları məsələsi mütləq şəkildə may-iyun ayında həll olunmalı idi: “Amma bu il də biz ötənilki kimi həm dərsliklərlə, həm də forma ilə bağlı problemi görəcəyik. 2023-cü ilin sentyabr ayının 15-dən etibarən bizim 4432 orta ümumtəhsil məktəbində təhsil alan 1,6 milyon şagirdin hamısı məcburi şəkildə yeni qəbul edilmiş məktəbli formalarından istifadə etməlidir.”

Ekspert bildirdi ki, ötən il Elm və təhsil naziri Emin Əmrullayev məktəbli formalarının 2022-ci ildə könüllü, 2023-cü ildə məcburi olacağını demişdi: “Sadəcə olaraq onlar gördülər ki, yenə də vaxt edib çatdıra bilməyiblər, ona görə hesab edirlər ki, bəlkə könüllü yanaşsınlar. Amma bu ikili yanaşmadır, çünki nə qədər könüllü yanaşsaq biz vaxtında bu məsələni həll edə bilməyəcəyik. Məktəblərdə mənzərə pozulacaq, yəni məktəb formaları mütləq şəkildə məcburidir. 2011-ci ildə qəbul edilmiş orta ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsinin tələblərinə görə məktəbli formaları məcburidir və 2023-cü ilin sentyabrın 15-dən mütləqdir.”

Cavid Əkbərov, “İki sahil”