Bu yazımı yurd həsrəti ilə qəlbləri köz-köz olan Qərbi Azərbaycanlı soydaşlarımıza –Vedililərə həsr edirəm. Və böyük ümid, inamla söyləyirəm ki, vaxt gələcək sizlər öz doğma yurdunuza, torpaqlarınıza qovuşacaqsınız, bizlər isə buna şahidlik edəcək sizin sevincinizə şərik olacayıq...
Bəli, necə ki, 30 illik həstər, nisgil 44 günlük Vətən Müharibəsi ilə sona yetdisə, demək ki, bizim Qərbi Azərbaycana, qədim əzəli torpaqlarımıza qovuşacağımız gün çox uzaqda deyil... Artıq Zəngilanın Ağalı kəndinə, Laçın rayonuna başlanan böyük qayıdışa şahidlik edirik... Azərbaycan xalqının böyük inamı var, bizim Qərbi Azərbaycandan olan soydaşlarımız da bu qayıdışı edəcəkdir. Bu məqamda Ulu Öndərimiz Heydər Əliyevin söylədiyi dəyərli fikirləri xatırlamaq yerinə düşər: “Mən inanıram və mən tam inanıram ki, hər şey ədalət naminə dəyişəcəkdir, bizim bölgədə. Azərbaycan xalqının əzab-əziyyəti onun xeyrinə dəyişəcək. Və mütləq-mütləq siz gələcəkdə hələ gedib öz Göyçə torpağını da görəcəksiniz. Öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm”.
Vedililər öz yurdlarına qayıdacaqlarına bütün qəlbləri ilə inanırlar…
Vedinin yanı dağlar,
Ürəyi, canı dağlar,
Burda bir el var idi,
Siz deyin, hanı, dağlar?
Bir mahaldan söhbət açım, 1930-cu ildə yaradılıb, ərazisi 1399 kvadrat kilometr olan bu rayonun mərkəzi Böyük Vedi olub. Vedi rayonu Qərbi Azərbaycan ilə Türkiyə arasında dağarası düzənlik olan Ağrı vadisində yerləşir. Rayon ərazisindən Vedi çayı axır və Şidli kəndində Araz çayına tökülür. Ağrıdağ vadisinin Böyük Ağrı və Kiçik Ağrı dağ zirvələri ilə üzbəüz hissəsində Araz çayının şərq sahilindən başlayaraq, Göyçə mahalına qədər uzanan, bir tərəfdən Şərur və Dərələyəz mahalları digər tərəfdən isə Zəngibasar və Qırxbulaq mahalları ilə əhatə olunan bu ərazidə Gərnibasar və Vedibasar mahalları yerləşir. Tarixi məlumatlara görə yalnız Azərbaycan türklərindən ibarət olan bu mahalın ərazisində 75 kənd olub və onların əksəriyyəti də rayonun dağlıq hissəsində yerləşib.
Xoş günlər yaşayan Vedi rayonunun əhalisi öz yerinə, torpağına bağlı yurdsevər olublar. Onlar daşına, qayasına sığal çəkər, torpağına can yandırıb əkər-biçər, ev-eşik qurar, yudu müqəddəs biliblər.
Zamanın sərt sınaqları Vedi əhalisini də böyük çətinliklər qarşısında qoydu…
Vedibasarın düzənlik hissəsində tikilmiş Gavurqala, Torpaqqala, Gərni çayı boyunca, dağlara qalxdıqca Qızıldağ və Ağdağ dağ silsilələrində səpələnmiş irili-xırdalı qalalar və qalaçalar bu yerlərin qəhrəmanlıq tarixinin canlı şahididir. Bu şahidlər tək qəhrəmanlıq tarixinə deyil, eyni zamanda deportasiyalara, ağrılara, həsrətlərə də şahidlik etdi… XIX əsrdən başlayaraq erməmilərin məkrli torpaq istəkləri və onların Qərbi Azərbaycana başlanan köçlərində əsl niyyətin həmin bölgələrdə olan azərbaycanlıları çıxarıb özlərinin yerləşmələri, bu arzuya çatmaq üçün amansızlığa, hər cür yollara əl ataraq Azərbaycan torpaqlarına yiyələnmək, və bölgəni tamamilə erməniləşdirməklə tarixən bu torpaqların onlara aid olduqlarını iddia etməklə mənimsəmək idi. XX əsrin əvvəllərində rayon Andronikin daşnak dəstələrinin hücumuna məruz qaldı. Lakin xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin rəhbərliyi ilə yaradılmış özünümüdafiə dəstələri xalqı qırğınlardan qorudu. Mühüm strateji ərazidə yerləşən Vedi rayonu dəfələrlə ermənilərin məkrli siyasətinə məruz qalmış, tez-tez ərazi inzibati dəyişiklikləri edilmişdir.
1936-cı ildə rayon iki yerə parçalanaraq ərazisində ikinci bir qondarma Qarabağlar rayonu yaradılmışdır. Bir neçə il ərzində rayon iqtisadi cəhətdən diz çökdürülüb əhalisi köçürüldükdən sonra isə 1948-ci ildə yenidən Vedi rayonuna birləşdirilmişdir. 1964-cü ildə isə Vedi rayonu özü ləğv edilərək artıq erməniləşdirilmiş Qəmərli rayonu ilə birləşdirilmişdir. Lakin bu niyyət baş tutmur və Vedi rayonu yenidən müstəqil rayon kimi təşkil edilir.
1988-ci ilə kimi azərbaycanlıların yaşadıqları Arazdəyən, Xalisə, Şidli, Şirazlı, Qaralar, Yengicə, Taytan, Kiçik Vedi, Böyük Vedi, Şıxlar, Afşar, Aşağı Qarabağlar, Dəvəli, Daşlı, Armaş, Çəmbərək kəndlərinin sakinləri deportasiya ediliblər.
Düşmən gəzir torpağımda,
Necə yatım yatağımda?!
Od tutubdu torpağım da,
El-obamda gözüm qaldı.
Bəli, yudsuz ötən, çətin keçən illər, sönmüş ümidlərə şam yanacaqmı?- deyə düşünən qərbi azərbaycanlılar- həmçinin vedililər artıq daralmış zamanın onları öz yurduna tezliklə qovuşduracağına, həqiqətən tarixin ədalət naminə dəyişəcəyinə bütün qəlbləri ilə inanırlar. Çünki yaxşı bilirlər ki, onlara bu vədi verən Ulu Öndərimizin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Qarabağ torpaqlarını Azərbaycana qovuşdurduğu kimi növbəti qovuşma da qərbi azərbaycanlılar üçün olacaqdır.
Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olaraq Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı söylədiyi sözlər artıq hər bir azərbaycanlınya Qərbi Azərbaycana qayıdacaq inamını bəxş edib. "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".
Səriyyə Salahova,
Culfa Rayon Mədəniyyət Sarayının direktoru