16 yanvar 2024 00:21
543

Biz İrəvana, Goyçəyə, Dərələyəzə, Ağbabaya, Vedibasara, Nüvədiyə yenidən qayıdacağıq…

Qərbi Azərbaycan ərazisi- İrəvan, Zəngəzur‚ Dərələyəz, Göyçə və bu kimi yurd yerlərimiz azərbaycanlıların min illər boyu yaşadığı doğma torpaqlardır. Ermənilər bu torpaqlara XIX əsrdə rus imperiyası tərəfindən Osmanlı Türkiyəsindən və İrandan məqsədyönlü və düşünülmüş şəklidə köçürülüblər. Sovet-bolşevik hökuməti dövründə bu proses davam etmişdir. Sovet hökumətinin qatı ermənipərəst siyasəti nəticəsində Qərbi Azərbaycan torpaqları qeyri-qanuni olaraq tamamilə ermənilərə verilmiş və bu ərazidə sovet hökuməti tərəfindən indiki Ermənistan dövləti yaradılmışdır. Məhz bundan sonra Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı qanlı soyqrımı siyasəti həyata keçirilmişdir.

Azərbaycanlıların zaman-zaman Qərbi Azərbaycandan, yəni indiki Ermənistan ərazisindən qovulması tarixin ən böyük ədalətsizliyidir. Bu proses 1905-1906, 1918-1921, 1948-1953-cü illərdə xüsusilə şiddətli və amansız olub. Qərbi Azərbaycanda soydaşlarımıza qarşı növbəti cinayət aktı ötən əsrin 80-ci illərinin axırlarında törədildi. Belə ki, Ulu Öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında keçmiş SSRİ-də bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sov İKP MK-nın ermənipərəst baş katibi M.Qorbaçovun dirijorluğu ilə mərkəzi hakimiyyət ermənilərə dəstək verdi. Həm Qarabağda, həm də Ermənistanda xalqımıza qarşı növbəti cinayət başlandı. 1988-1989-cu illərdə Ermənistandan 250 minə yaxın azərbaycanlı deportasiya edildi.

Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə İcmanın yeni binasında görüşərək onla­rın qarşısına mühüm vəzifələr qoydu. İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla bu soydaşlarımızın hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhvinin qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir: “Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün çox önəmlidir - həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün. Hesab edirəm ki, biz bu işi bundan sonra daha məqsədyönlü şəkildə aparmalıyıq. Yəni, təşkilat qurulub, İcma qurulub, dövlət orqanları öz dəstəyini göstərir və göstərəcək. Əlavə göstərişlər mənim tərəfimdən veriləcəkdir”.

Qərbi Azərbaycan İcması tərəfindən 2023-cü il yanvarın 26-da qəbul edilən Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.

Biz öz tarixi yurdlarımıza qayıdacağıq. Bu, bizim tarixi-mənəvi və insani haqqımızdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi torpağımızı-Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi. Qırx dörd günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycan bu gün öz gücü ilə əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramını uğurla icra edir. Hazırda uzunmüddətli deportasiya siyasətinin qurbanı olmuş Qərbi Azərbaycandan olan soydaşlarımızın da doğma yurdlarına dönməsi istiqamətində ciddi iş aparılır. Prezidentimiz daim vurğulayır ki, Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıtması onların hüququdur. Azərbaycan dövləti əlindən gələni edəcək ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqları bərpa olunsun. Gün gələcək tarixi ədalət bərpa olunacaq, azərbaycanlılar İrəvana, Goyçəyə, Dərələyəzə, Ağbabaya, Vedibasara, Nüvədiyə və.s qayıdacaqlar… 

Zahid Rza, “İki sahil”