44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurun şəhər və kəndlərində yenidən evlər tikilir, insanlar öz doğma yurdlarına qayıdırlar. Yeni ildən etibarən bu ərazilərdə abadlıq-yenidənqurma işləri daha da intensivləşib.
Bu işlər əvvəlki kimi keyfiyyətli, yüksək səviyyədə yerinə yetirilir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev dönə-dönə bəyan edib ki, azad edilən ərazilər dünyanın ən abad, ən gözəl məkanlarından birinə, yəni cənnət məkana çevriləcək. Zaman keçdikcə bu ssözlər həqiqətən də öz təsdiqini tapır. Bəli, bu, doğrudan da belədir. Abadlıq işləri yekunlaşdıqca keçmiş məcburi köçkünlər öz doğma yurd-yuvalarına böyük sevinc və qürur hissi ilə köçürülürlər. Sözügedən işlər hər bir azərbaycanlının ürəyincədir. Bütün bunların nəticəsidir ki, cənab İlham Əliyev 2024-cü il 7 fevral tarixli prezident seçkilərində iştirak etmiş seçicilərin 92,12 faizinin (4 milyon 567 mindən çox) səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
2023-cü ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına 6,4 milyard manat investisiya yatırılıb. Ötən il Qarabağ iqtisadi rayonunda əsas kapitala 2 milyard 438 milyon 21 min manat vəsait yönəldilib. Bunun 2 milyard 362 milyon 675 min manatı və yaxud 96,9 %-i tikinti-quraşdırma işlərinə sərf edilib. İl ərzində iqtisadi rayon üzrə ən çox investisiya 76 milyon 768 min manat olmaqla Şuşa rayonuna yatırılıb. Bu da rayon üzrə ümumi investisiyaların 3,1 %-ni təşkil edib. Həmin vəsaitin 69 milyon 442 min manatı və yaxud 90,5%-i tikinti quraşdırma işlərinə xərclənib.
Hesabat dövründə Xankəndi şəhərində əsas kapitala 31 min 500 manat investisiya yönəldilib. Bu vəsaitin hamısı tikinti-quraşdırma işlərinə aid olub. Ağcabədi rayonunda əsas kapitala 58 milyon 910 min manat, o cümlədən tikinti-quraşdırma işləri üzrə 43 milyon 781 min manat, Ağdam rayonunda isə 568 milyon 374 min manat, o cümlədən tikinti-quraşdırma işləri üzrə 545 milyon 977 min manat sərmayə qoyulub. Həmçinin Bərdə rayonuna 15 milyon 429 min manat, o cümlədən tikinti-quraşdırma işləri üzrə 14 milyon 959 min manat, Füzuli rayonuna 677 milyon 174 min manat, o cümlədən tikinti-quraşdırma işləri üzrə 657 milyon 618 min manat sərmayə yatırılıb. Xocalı rayonuna 304 milyon 223 min manat, o cümlədən, tikinti-quraşdırma işləri üzrə 303 milyon 982 min manat, Xocavənd rayonuna 113 milyon 951 min manat, o cümlədən tikinti-quraşdırma işləri üzrə 112 milyon 319 min manat, Tərtər rayonuna 76 milyon 768 min manat, o cümlədən tikinti-quraşdırma işləri üzrə 69 milyon 442 min manat vəsait yönəldilib.
2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 3 milyard 955 milyon 190 min manat təşkil edib. Bunun 3 milyard 749 milyon 665 min manatı və yaxud 94,8%-i tikinti-quraşdırma işlərinə sərf edilib. İl ərzində iqtisadi rayon üzrə ən çox investisiya 1 milyard 563 milyon 743 min manat olmaqla Laçın rayonuna yatırılıb. Bu da rayon üzrə ümumi investisiyaların 39,5%-ni təşkil edib. Həmin vəsaitin 1 milyard 502 milyon 394 min manatı və yaxud 96%-i tikinti quraşdırma işlərinə xərclənib.
Hesabat dövründə Cəbrayıl rayonunda əsas kapitala 639 milyon 253 min manat, o cümlədən tikinti-quraşdırma işləri üzrə 506 milyon 16 min manat, Kəlbəcər rayonunda 879 milyon 512 min manat, o cümlədən tikinti-quraşdırma işləri üzrə 874 milyon 208 min manat vəsait yönəldilib. Həmçinin Qubadlı rayonuna 282 milyon 69 min manat, o cümlədən tikinti-quraşdırma işləri üzrə 279 milyon 382 min manat, Zəngilan rayonuna 590 milyon 611 min manat, o cümlədən tikinti-quraşdırma işləri üzrə 587 milyon 663 min manat sərmayə qoyulub.
Cavid Əkbərov, “İki sahil”