19 mart 2024 23:21
489

Ürək xəstəlikləri: Zamanında müraciət, diaqnostika və müalicə insanın həyatının xilası deməkdir

Sağlam qidalanma, yüksək təzyiqin və şəkərin nəzarətdə saxlanılması, siqaretdən istifadə etməmək, stresdən mümkün qədər uzaq durmaq xəstəlik riskini xeyli dərəcədə aşağı salır

Ürək xəstəlikləri bütün dünyada ölümün əsas səbəblərindən birincisidir. Statistikaya görə, hər il 17 milyon insan miokard infarktından həyatını itirir. Yaşlılıq, siqaret, diabet, artıq çəki yüksək təzyiq, yüksək xolestrol, stresli həyat tərzi, qeyri-sağlam qidalanma, fiziki cəhətdən aktiv olmamaq kimi səbəblərdən ürək-damar xəstəlikəri çox ciddi şəkildə artıb. Ürək xəstəlikləri ürəkdə yaranan və ürəyə təsir edən hər hansı bir problemi əhatə edən termindir. Ürək xəstəlikləri koronar arteriya (ürəyi qidalandıran damarlar) xəstəliyi kimi ürək-damar xəstəliklərini, ürək ritm problemlərini (aritmiyalar), anadangəlmə ürək qüsurlarını əhatə edir. Bu sadaladığım ürək xəstəliklərinin əsas əlamətləri bunlardır: Təngnəfəslik, döyüntü, gücsüzlük və baş dönməsi, mədə bulantısı, tərləmə, bayılma və s.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının Kardiologiya şöbəsinin müdiri, invaziv kardioloq Şəfəq Nəzirova bildirib.

Şəfəq Nəzirova qeyd etdi ki, ürək-damar xəstəlikləri ekoloji mühit və genetik faktorlara bağlı olan kompleks xəstəlikdir. Ailə keçmişi bu xəstələr üçün çox önəmlidir. Belə ki, pasiyentin ailə keçmişində bir ürək xəstəliyi hekayəsi (ana, ata, bacı, qardaş kimi birinci dərəcəli yaxınlarında, 55 yaşdan əvvəl yaranan) olarsa, həmin pasiyentdə ürək xəstəliyinin riski digər insanlarla müqayisədə yüksəkdir. Ürək damar xəstəlikləri riskinin azaldılması hər bir fərdin özündən çox asılıdır. Xəstəlik riskini azaltmaq üçün xəstəliyi yaradan risk faktorlarını nəzarətdə saxlamaq lazımdır. Bələ ki, sağlam qidalanma, yüksək təzyiqin nəzarətdə tutulması, siqaretdən istifadə etməmək, həftədə ən azı 3 gün idman etmək, qanda şəkərin səviyyəsinin kontrol altında saxlanması, stresdən mümkün qədər uzaq durulması ürək-damar xəstəliklərinin riskini xeyli dərəcədə aşağı salır.

Uşaqlarda ən çox rast gəlinən ürək xəstəlikləri...

Onun sözlərinə görə, uşaqlarda ən çox rast gəlinən anadangəlmə ürək xəstəlikləridir. Anadangəlmə ürək xəstəlikləri, hamiləliyin ilk zamanlarında ortaya çıxan, uşaq doğulduğu andan etibarən ürəyində olan struktur xəstəlikdir. Hər doğulan 1000 uşaqdan təxminən səkkizində anadangəlmə ürək xəstəliyi müşahidə edilir. Ana, ata və ya yaxın qohumlarda anadangəlmə ürək xəstəliyi varsa doğulacaq uşaqda risk daha yüksəkdir. Anadangəlmə ürək xəstəliklərinə VSD (ventrikulyar septal defekt), fallo tetradası, böyük artetiyaların transpozisiyası, tək mədəcik kimi ağır xəstəliklər aiddir.

Vaxtında müalicə can qurtarır

Ürək xəstəliklərinin diaqnozu qoyulduğu andan protokollara uyğun düzgün müalicəsi başlanmalıdır. Həm diaqnostikanın, həm də müalicənin zamanlaması çox önəmlidir, çünki zamanında qoyulmuş doğru diaqnoz və başlanan müalicə, bir sıra ağırlaşmaların qarşısını aldığı kimi, insanın həyatını da xilas edir. Əks halda, yəni, doğru müalicənin başlanması gecikərsə, ürək çatışmazlığı, kəskin miokard infarktı, həyatı təhdid edən aritmiyalar, ciddi qapaq və ya əzələ patologiyaları baş verir. Bunların da qarşısını almaq mümkün olmaya bilir. Ona görə də insanlarımız həkimə gecikmiş deyil, zamanında müraciət etməlidirlər ki, müalicədən yüksək fayda görsünlər. Zamanında müraciət, diaqnostika və müalicə insanın həyatının xilası deməkdir.

Müasir xəstəxanalarımız, həkimlərimiz var

Müasir dövrdə ürək-damar xəstəliklərinin müayinə və müalicə metodları həm dünyada, həm də Azərbaycanda protokollara uyğun olaraq beynəlxalq standartlar əsasında aparılır. Ölkəmizdə olan xəstəxanalarımızın əksəriyyətində ürək-damar xəstələrini beynəlxalq səviyyədə diaqnostika və müalicə etmək üçün kifayət qədər peşəkar mütəxəssislər, müasir tibbi avadanlıqlar var. Mütəşəkkil 2D, 3 D, 4 D EXO, ritm və təzyiq holteri cihazlarımız, aritmiyalarda istifadə oluna biləcək hər cür qalıcı ürək PACEmakerləri, ürəkdaxili defibrilyatorlar, ürək damarı darlığını diaqnostika etmək üçün qızıl standart olan koronar angioqrafiya cihazlarımız, damarlarda olan və həyati təhlükəsi olan daralma və tutulmaların qansız və kəsiksiz yolla aradan qaldırılması üçün son nəsil stentlərimiz və balonlarımız vardır. Ciddi qapaq patologiyalarında, bu problemlərin həm cərrahi, həm də invaziv yolla aradan qaldırılması üçün kifayət qədər professional mütəxəssislərimiz və prosedurları icra etmək üçün tam mütəşəkkil xəstəxanalarımız və şəraitimiz var.

Unutmayaq - miokard infarktda zaman həyati dərəcədə önəmlidir!

Kəskin miokard infarktı ürək damarının hər hansı bir risk faktoru və ya faktorları səbəbindən anidən trombla tam tutulması, ürək dayanması isə (asistoliya) zamanında müdaxilə oluna bilinməyən kəskin infarktın ( trombla tutulan ürək damarı lazımi zaman müddətində açılmazsa) ölümə səbəb olan ağırlaşmasıdır. Ona görə də kəskin miokard infarktında zaman məfhumu həyati dərəcədə önəmlidir , unutmayaq!

İlk öncə insanlarımıza məsləhətim ürək-damar xəstəlikləri yaranmadan həkimə müraciət etmələri , profilaktik kardioloji müayinələrdən keçmələri, sağlam həyat tərzinə üstünlük vermələridir. İnsan artıq hər hansı bir ürək xəstəliyinə sahibdirsə, xəstəliyinə uyğun verilmiş müalicəni müntəzəm davam etməli , sağlam həyat tərzinə əməl etməli, xəstəliyin yaranmasında rol oynayan risk faktorlarını kontrolda tutmalı, mütəmadi olaraq mütəxəssis müayinəsindən keçməlidir. Ürək-damar xəstəliklərinin qarşısının alınması ilkin olaraq fərdin özündən asılıdır. Belə ki, ilkin tibbi müayinələrdən keçilməli, sağlam həyat tərzinə üstünlük verilməli, siqaretdən istifadə olunmamalı, qan şəkəri və arterial təzyiq kontrolda tutulmalı , stressdən maksimum dərəcədə uzaq durulmalıdır. Bu profilaktik tədbirlər ürək-damar xəstəlikləri riskini əsaslı şəkildə azaldır və dolayısı ilə ölüm səbəbini azaldır.

Yaqut Ağaşahqızı, “İki sahil”