09 aprel 2024 11:00
621

Fitrə zəkatını bank kartları vasitəsilə ödəmək olarmı?

Sumqayıt Cümə məscidinin imamı, ilahiyyatçı Hacı Gülağa İsmayılov Fitrə zəkatının verilməsi ilə bağlı “İki sahil”in suallarını cavablandırır:

- Fitrə sözünün mənası nədir?

-  “Fitr” kəlməsi “orucu açmaq” “orucu başa vurmaq” mənasına gəlir. Həmçinin Fitr sözü ərəbcədən fitrətə qayıdış anlamına gəlir. Yəni, bir ay boyunca sübh azanından şam azanına kimi ilahi məhdudiyyətlərlə əhatələnən müsəlman öz fitri yaradılışında olan yemək içmək və s. halına qayıdır.

-  Zəkat sözünün mənası nədir?

-  Zəkat lüğətdə “təmizlik”, “artmaq”, “mədh etmək”, “bərəkət”, “yaxşı və düzgün olmaq” mənalarına gəlir. İstilahi mənası isə Allahın əmrinə uyğun olaraq müəyyən malların müəyyən qədərini bəlli vaxtlarda heç bir mənfəət güdmədən, yəni sırf Allah rizası üçün yenə Onun əmr etdiyi yerlərə vermək deməkdir.

Göründüyü kimi, zəkatın həm lüğəvi, həm də istilahi mənaları arasında əlaqə vardır. Çünki zəkat, zəkat verənlərin ruhunun təmizlənməsinə, malının bərəkətlənib çoxalmasına səbəb olur. Fitrə zəkatı isə imamların dilindən bu cür qiymətləndirilib: “Hər bir şeyin zəkatı olduğu kimi, insanın bədəninin zəkatı da orucluq qurtardıqdan sonra fitrə verməklədir: “Bu mənada, insan oruc tutub zəkat vermək iqtidarında olduğu halda fitrə zəkatı verməzsə, orucu qəbul olunmaz. İmam Sadiq (ə) buyurur ki, həqiqətən, oruc tutmaq fitrə zəkatı verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir. Fitrə zəkatı verən şəxs 1 illik özünü bəlalardan sığortalamış olur.”

- Kimlər fitrə zəkatı verməlidir?

- İnsan gərək fitrə zəkatını qürbət məqsədilə, yəni Allah-təalanın əmrini yerinə yetirmək və bəndəçilik məqsədilə versin və onu verən zaman fitrə vermək niyyətini etsin. Fitr bayramı axşamı qürub vaxtı aşağıdakı şərtlərə cavab verən mükəlləfə özünün və ürfən onun çörək yeyəni hesab edilən şəxslərin fitrə zəkatını verməsi vacibdir.

- Fitrə zəkatı nə vaxt verilməlidir?

- Bayram axşamı gün batan çağı və ya sübh vaxtı bayram namazını qılmazdan öncə verilməlidir. Əgər şəxs bayram namazı qılmazsa zöhr azanına qədər fitrə zəkatını imkansız şəxlərə çatdırmalıdır.

- Kimlərə fitrə zəkatı verilməlidir?

-  Özünün və ailəsinin illik xərclərinə sahib olmayan və ailəsinin xərclərini təmin edəcək bir gəliri də olmayan bir şəxs fəqir hesab olunur. O şəxsin fitrə zəkatı verməsi vacib deyil. Əksinə həmin şəxsə fitrə zəkatı verilməlidir.

-  Fitrə zəkatı nələrdən verilməlidir?

- Fitr bayramı axşamı qürub çağı həddi-büluğa çatmış və aqil olan, huşsuz, yoxsul və qul olmayan şəxs özü və çörək yeyəni olan şəxslər üçün adambaşına öz şəhərində çox istifadə edilən buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı kimi ərzaq mallarından müstəhəqqə bir “sa” (təqribən üç kq-a bərabər olduğu deyilir) verməlidir. Onun yerinə pul versə də kifayətdir. Lazım ehtiyata əsasən, öz şəhərində çox işlənməyən qidalardan, hərçənd bu qida buğda, arpa, xurma, yaxud kişmiş olsa belə, verməməlidir.

- Fitrə zəkatının bank kartları vastitəsilə ödənilməsi icazəlidirmi?

-  Keçmişdə bank əməliyyatları mövcud olmadığı və ya geniş yayılmadığı üçün bu cür məsələlər gündəmə gəlmirdi. Lakin son zamanlar virtual ödəniş əməliyyatları geniş vüsət qazandığı üçün fitrə zəkatının da bu yolla verilməsinin caiz olub-olmaması barədə müzakirələr aparılır. Bəzi İslam hüquq alimlərinə görə, fitrə zəkatını fəqir şəxsin bank kartına köçürmək icazəlidir. Bu zaman diqqət edilməlidir ki, köçürülən pul bayram axşamı məğrib zamanı ayrılan puldan başqa pul olmasın. Yəni, insan məğrib zamanı fitrə zəkatı niyyəti ilə müəyyən məbləğ pulu ayırıb kənara qoysa, sonra kartında olan puldan fəqirə göndərsə, düzgün sayılmaz. Virtual yolla pulu fəqirə çatdırmaq istəyirsə, gərək kənara qoyduğu pulu öz kartına köçürsün, sonra kartdan-karta fəqirə yollasın, ya da məğrib zamanı kartındakı puldan müəyyən məbləğ ayırmağı niyyət etsin və onu fəqirin hesabına yollasın.

Eyni mövzu ilə əlaqədar məsələyə digər islam hüququ alimləri fitrə zəkatı üçün birbaşa bu cür virtual əməliyyatları icazəli bilmirlər. Çıxış yolu budur ki, ya insan özü fəqir şəxsdən vəkillik (yəni onun səlahiyyətli nümayəndəsi olmaq) icazəsi alsın, öz pulunu fəqirin vəkili olaraq qəbul etsin və sonra həmin pulu fəqirin kartına yollasın. Ya da pulu əvvəlcədən əmanət olaraq (fitrə niyyəti ilə deyil) fəqirin kartına köçürsün, fəqir də pulu onun adından kartdan çıxartsın və fitrə kimi özünə götürsün; yəni insan gərək pulu fəqirə göndərən zaman əmanət niyyəti etsin.

Orxan Vahidoğlu, “İki sahil”