28 may 2024 00:56
255

Azərbaycandan “yaşıl dünya”ya açılan pəncərə - COP29

Hazırda Azərbaycanı dünyanın ən sabit ölkələrindən biridir. Bunun nəticəsidir ki, qlobal həmrəyliyə davamlı töhfələr verən Azərbaycan cari ilin noyabrında daha bir mühüm beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyə hazırlaşır. Tədbirə beynəlxalq səviyyədə böyük maraq var, ölkəmizə on minlərlə qonağın gələcəyi gözlənilir. Azərbaycan belə bir genişmiqyaslı qlobal konfransa ev sahibliyi hüququnun verilməsini həm beynəlxalq birliyin etimadı, həm də böyük məsuliyyət kimi qəbul edərək ciddi hazırlıq tədbirləri görür.

Prezident İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibəsində COP29-un gündəliyinə xüsusi diqqət çəkib. Dərin təhlillər əsasında hazırlanan bu gündəlik dünyada yaşanan iqlim dəyişikliyi ilə bağlı yaranan çağırışlara adekvatdır və nəzərdə tutulan genişmiqyaslı tədbirləri əhatə edir. Bu cür mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın qəbul olunması beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın bariz nümunəsidir.

COP29-a ev sahibliyi edəcək Azərbaycanın mövqeyi belədir ki, qlobal təhdidlər fonunda hər bir ölkə öz məsuliyyətini anlayaraq iqlim dəyişikliyinə qarşı milli səviyyədə özünün gündəliyini müəyyənləşdirməlidir. Bu mənada məsuliyyətli dövlət olan Azərbaycanın yanaşması təqdirəlayiqdir. Respublikamız iqlim dəyişikliyi ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır.

Azərbaycanın, həmçinin iqlim dəyişikliyinə qarşı qlobal həmrəyliyin möhkəmlənməsinə töhfələr vermək imkanları da böyükdür. Məlum olduğu kimi, Azərbaycanın Qoşulmama Hərəkatında (QH) körpü rolunu oynamaqda böyük təcrübəsi var. Respublikamız  Hərəkata dörd il ərzində sədrlik həyata keçirib. Azərbaycanın 120 ölkənin birləşdiyi quruma sədrliyi dönəmində QH böyük tərəqqiyə nail oldu, onun funksionallığı və beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artdı. Eyni zamanda, respublikamız Avropa İttifaqına  (Aİ) üzv olan ölkələrlə fəal işləyir. Bundan başqa, respublikamız geniş İslam coğrafiyasında böyük nüfuza malik olan ölkədir. Bütün bunlar Azərbaycanın birləşdirici rolunu gücləndirən amillərdir. Əsas məqamlardan biri də Azərbaycanın xoş niyyəti və siyasi iradəsi ilə bağlıdır. Ölkəmiz malik olduğu potensialdan və imkanlardan heç vaxt başqalarına qarşı təzyiq vasitəsi kimi istifadə etmir, əksinə daim qlobal həmrəyliyi, barışığı, ümumi məqsədləri hədəfləyən təşəbbüslər irəli sürür.

Bu gün Ümummilli Liderin müəyyənləşdirdiyi ekoloji siyasət öz bəhrəsini verir. Onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi proqramlarda ekoloji mühitin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün zəruri vəzifələr müəyyənləşdirilib. Eyni zamanda, biomüxtəlifliyin mühafizəsi, meşəçiliyin inkişafı, yaşıllıqların artırılması və su ehtiyatlarının davamlı idarə edilməsi sahəsində müsbət nəticələr əldə olunub.  Ötən il dekabrın 25-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalaması isə ətraf mühitə qayğının dövlət üçün hansı dərəcədə prioritet məsələ olduğunu təsdiq edir. Sərəncamdan irəli gələn vəzifələr icra olunaraq iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlər təbiətə əvəzsiz töhfələr verməyə xidmət edir.  Azərbaycan hökuməti iqlim dəyişmələrinə bütün dünyanı narahat edən ən qlobal problemlərdən biri kimi həssas yanaşaraq “yaşıl mühit” quruculuğunda dayanmadan səylərini artrırır. Atmosferdə oksigenin miqdarını artırmağın ən optimal üsulu “yaşıl iqtisadiyyat”ın inkişafına nail olmaqdır ki, hazırda bu istiqamətdə davamlı layihələr icra olunur. Ölkəmizin COP29-a ev sahibliyi etməsi, şübhəsiz ki, ölkəmiz üçün  2024-cü ilin ən mühüm hadisəsi olacaq. Bunu, eyni zamanda, respublikamızın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək mümkündür. Xüsusilə də Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mövcud potensialından istifadə olunması “yaşıl iqtisadiyyat”a əvəzsiz töhfələr verməkdədir. 

“Yaşıl enerji”nin yeni ünvanı olan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun ekosisteminin bərpası isə daha nikbin perspektiv vəd edir. Qarabağ və Şərqi Zəngəzur bölgəsi “yaşıl enerji zonası” elan edilməklə Azərbaycanın elektrik enerjisi istehsalında yaşıl enerjinin istehsalının payının artmasında əsas güc mənbələrindən biridir. Bu bölgə hidroenerji, külək və günəş enerjisi, termal suların mənbələrinə görə, ölkə üzrə resursların 30-40 faizinə malikdir. Həmin iqtisadi rayonlardan Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli günəş enerjisinə görə ən əlverişli potensiala malikdir və enerji gücünün həcmləri 7200 MVt-dan artıq qiymətləndirilir. Artıq Azərbaycan hökuməti ilə BP şirkəti arasında əldə edilmiş razılığa əsasən, Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisinə hazırlıq işləri görülür və iyul ayında “Şəfəq” layihəsi üzrə günəş elektrik stansiyasının tikinti işlərinə başlanacaq. Aİ-nin “Nobel Energy” şirkəti ilə imzalanmış sazişə əsasən, Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisi istehsalı mərkəzi yaradılacaq. Laçın və Kəlbəcərin dağlıq ərazilərində həcmi 2000 Mvt proqnozlaşdırılan külək enerjisi stansiyası layihəsi reallaşmaqdadır. Bütün resursların bir araya gətirilməsi yaxın 5-6 ildə Azərbaycanın bərpaolunan enerji potensialını 3 dəfədən də çox artıracağına dərin zəmin yaradır. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) ötən il açıqladığı “Aşağı karbonlu hidrogen iqtisadiyyatı bazar araşdırması”na dair hesabatda Azərbaycanın yaşıl hidrogen istehsalının iqtisadi cəhətdən səmərəli ölkə olması, eləcə də regional enerji bazarlarına ixracda və regionda yeni yaradılan çoxşaxəli ixrac marşrutlarında strateji mövqeyə və yerə malik olması öz əksini tapıb. Hesabata əsasən, Azərbaycanın 2026-cı ilədək ümumi enerji qoyuluşunda bərpaolunan enerji mənbələrinin payının 24 %-ə, 2030-cu ilə qədər isə 30 %-ə çatdırılması proqnozlaşdırılır.

Yaqut Ağaşahqızı, “İki sahil”