15 iyun 2024 15:14
256

Dövlətçilik tariximizin şanlı qürur səhifəsi

XX əsrin  sonu doğrudan da Azərbaycan dövlətinin,  xalqının həyatında  taleyüklü bir dövr idi. Müstəqilliyimizin bərpasının  ilk illərində Azərbaycanda yaşanan acınacaqlı mənzərə aydındır. Hakimiyyəti zəbt edən AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin başıpozuq əməlləri, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması  ölkənin daxilində qardaş qırğınına və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

Anarxiyadan qurtuluşa

Bu dövr itirilmiş imkanlar, itkilər dövrü idi. Ermənistan Azərbaycana qarşı təcavüzə başlamışdı, azərbaycanlılar doğma yurdlarından qovulurdular. 1992-ci ilin may ayında Şuşanın və Laçın rayonunun işğal altına düşməsi böyük itki, böyük faciə idi. O illərdə dövlətçiliyin əsasları qurulmamışdı, ekstremist elementlərə qarşı ciddi mübarizə aparılmamışdı, nizami ordu yaradılmamışdı, cəmiyyətdə milli həmrəylik, milli birlik yox idi. Hakimiyyəti qanunsuz olaraq zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı. Kəlbəcər rayonunun 1993-cü ilin aprel ayında işğal altına düşməsindən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Azərbaycanın daxilində gedən proseslər ölkəmizi çökdürürdü. İqtisadi böhran yaşanırdı, sənaye demək olar ki, iflic vəziyyətə düşmüşdü. O vaxtkı hakimiyyət ancaq öz maraqlarını təmin etmək üçün çalışırdı. O vaxt korrupsiya, rüşvətxorluq son həddə çatmışdı. Ölkəmizdə qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakının küçələrində əlisilahlı adamlar dəstə-dəstə gəzirdi, insanları incidirdi. Baxmayaraq ki, Ermənistan ilə qanlı döyüşlər gedirdi AXC-Müsavat qruplaşması Azərbaycanda öz hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsinə başlamışdı. Cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərəfəsində idi və tarix sanki təkrarlanırdı.

Əgər Ulu Öndər hakimiyyətə gəlməsəydi...

Əgər o vaxt xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi. Dövlətçiliyimizin və müstəqilliyimizin itirilmək təhlükəsi qarşısında qaldığımız faciəli dönəmdə, yəni 1993-cü ilin 9 iyununda Naxçıvan Ali Məclisinin Sədri, Ümummilli Lider Heydər Əliyev  xalqımızın istək və tələbi ilə Bakıya gəldi. Elə həmin gündən problemləri çözmək istiqamətində fəaliyyət başladı və öz müdrikliyi, siyasi təcrübəsi ilə qısa zaman kəsiyində gözlənilən nəticəni əldə etdi. 

İnkişaf və yüksəliş tarixi

Bununla da Ulu Öndər qardaş qırğınının və vətəndaş qarşıdurmasının qarşısını almaqla dövlətimizi dünyanın siyasi xəritəsindən silinməkdən xilas etdi.  1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı qürur səhifəsini təşkil edir. Dahi şəxsiyyət Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət  nəticəsində müstəqil  Azərbaycan xaos, anarxiya, özbaşınalıq və iqtisadi böhrandan xilas oldu, sabitlik, inkişaf dövrünə qədəm qoydu. 31 il əvvəl Heydər Əliyevin xilas etdiyi Azərbaycan bu gün  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qürurlu dövrünü yaşayır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın erməni işğalından azad olunması və suverenliyimizin tam bərpa edilməsi, bölgədə yeni reallıqlar yaranması isə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müasir müstəqil Azərbaycanın inkişaf və yüksəliş tarixini daha da şərəfləndirir. Bu gün üçrəngli Bayrağımızın Xankəndidə, Şuşada, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda və digər azad olunmuş ərazilərimizdə qürurla dalğalanması Heydər Əliyev siyasətinin təntənəsidir.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri