15 iyun 2024 18:18
291

Böyük uğurların başlanğıcı

Əbədi müstəqillik və azadlıq yolu

Bəzi tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur, onun taleyini dəyişir. Bu baxımdan, 15 iyun 1993-cü il milli təqvimimizə Azərbaycanın dövlətçilik və müstəqillik tarixinin dönüş nöqtəsi, xalqımızın xilasının, dövlətimizin qurtuluşunun ifadəsi kimi daxil olub.

Milli Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Başqa sözlə, Qurtuluş Günü Azərbaycanın müasir tarixində sabitliyin, milli birliyin bərpasını simvolizə edir, gələcək nəsillərə vətənpərvərlik və dövlətçilik dəyərlərini aşılamaq üçün mühüm bir vasitədir. Keçilmiş yolun çətinliklərindən dərs almağı, gələcək üçün daha möhkəm və müstəqil bir Azərbaycan qurmağı şərtləndirir.

Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan qurtuluş məfkurəsi, eyni zamanda, Azərbaycan xalqının xilaskarlıq salnaməsidir. Dahi Öndər həmin tarixi mərhələni belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".

Prezident İlham Əliyev həmin dövrlə bağlı qeyd edir ki, Azərbaycan xalqı bir daha öz müdrikliyini göstərərək Ulu Öndərə üz tutdu, ona müraciət etdi və onu hakimiyyətə dəvət etdi: "1993-cü il müasir tariximizdə həlledici dönüş nöqtəsidir. Tam qətiyyətlə deyə bilərəm ki, əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, bugünkü Azərbaycanın mövcudluğu hətta şübhə altına düşə bilərdi".

1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərində xalqın böyük etimadı ilə Azərbaycan Prezidenti seçilən Heydər Əliyevin 10 illik (1993-2003) hakimiyyət illəri tariximizə sabitlik və inkişaf dövrü kimi düşdü. Ulu Öndər dövlətçilik tariximizdə siyasi varislik erası və ənənələrini yaratmaqla davamlı inkişaf üçün etibarlı zəmin yaratdı.

Ümummilli Lider Heydər Əliyevin müdrikliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və dövlətçilik bacarığı sayəsində Azərbaycan qısa müddət ərzində dövrün kataklizmlərindən uğurla çıxaraq, gələcəyə inamla baxan dövlətə çevrildi. Praqmatik və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanı etibarlı tərəfdaşa çevirdi. Həmçinin Azərbaycan həqiqətlərinin, keçmiş Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynadı. Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı. Dahi şəxsiyyət, eyni zamanda bu çağırışı da edirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu olmalıdır. Ölkəmizdə nizami ordu formalaşdı, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı addımlar atıldı.

Ulu Öndər iqtisadi müstəqilliyi Azərbaycanın qüdrətlənməsi, ölkə əhalisinin sosial müdafiəsinin etibarlı təminatı üçün başlıca şərt kimi görürdü. Qısa müddət ərzində Azərbaycan iqtisadiyyatında dərin islahatlar həyata keçirildi. Neft sənayesinin inkişafı və xarici investisiyaların cəlb edilməsi nəticəsində ölkə iqtisadiyyatında böyük irəliləyişlər əldə edildi. Bu islahatlar Azərbaycanın iqtisadi müstəqilliyini təmin etdi və xalqın yaşam səviyyəsini yüksəltdi. Ulu Öndərin iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində ölkədə ümumi daxili məhsul 1996-2002-ci illərdə 71 faiz, 2002-ci ildə əsas kapitala yönəldilmiş investisiyanın həcmi 1993-cü ilə nisbətən 36,3 dəfə artdı. Əgər 1993-cü ildə 60 xarici ölkə ilə ticarət əlaqələri qurulmuşdusa, 2002-ci ildə bu əlaqələrin coğrafiyası genişlənərək 128 dövləti əhatə etdi. Həmçinin 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85,1 dəfə artdı.

Həmin dövrdə həyata keçirilən rasional xarici siyasət kursunun mühüm istiqamətlərindən birini enerji resurslarından səmərəli istifadə olunması və bu kontekstdə Azərbaycanın etibarlı strateji tərəfdaşa çevrilməsi təşkil edirdi. 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişinin imzalanmasından sonra elə həmin il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə "Əsrin müqaviləsi" adlanan beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının möhkəm təməli qoyuldu. Ölkəmizə gətirilən xarici sərmayə iqtisadi böhrandan çıxış yolu oldu. Beləliklə, bir çox sahədə uğurlarımızın iqtisadi rıçaklarını təşkil edən "Heydər Əliyevin neft strategiyası"nın əsası qoyuldu. "Əsrin müqaviləsi" sonrakı mərhələdə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi Ərzurum, "Cənub qaz dəhlizi", eyni zamanda "Yeni əsrin müqaviləsi" kimi unikal layihələrin reallaşmasına yol açdı. Geosiyasi mühitin mürəkkəbləşdiyi müasir dövrdə vaxtilə uzaqgörənliklə düzgün müəyyənləşdirilmiş enerji siyasəti nəticəsində Azərbaycan bu gün Avropanın enerji arxitekturasının formalaşmasında etibarlı tərəfdaş kimi çıxış edir. 

1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Bununla da ölkədə daha genişmiqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, ombudsman təsisatının və digər mühüm institutların yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı.

Ulu Öndər bütün fəaliyyəti dövründə insan amilinə böyük dəyər vermişdir. Xüsusilə hər bir Azərbaycan vətəndaşının həyatı onun üçün əziz idi. Bu səbəbdəndir ki, bilavasitə onun təşəbbüsü ilə ilk milli Konstitusiyamızın bütün maddələrində insan amilinə diqqət, dövlətçiliyin möhkəmləndirilməsi üçün vətəndaşların üzərinə düşən vəzifələr tam aydınlığı ilə müəyyənləşdirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmünün ləğv olunması, amnistiya aktları və əfv sərəncamları ilə azadlıqdan məhrum edilmiş minlərlə məhbusun cəzasının çəkilməmiş hissəsindən azad olunması insan amilinə diqqətin nümunəsi kimi dəstəkləndi. Ümummilli Lider Heydər Əliyevin fərmanı əsasında senzuranın ləğvi, sözün həqiqi mənasında, azad, müstəqil mətbuatın formalaşmasında həlledici rol oynadı. 1998-ci il avqustun 6-da "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərmanın imzalanması ilə ölkə mətbuatının inkişafında yeni bir mərhələnin başlanğıcı qoyuldu.

Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin bir hissəsi yaradıcısı olduğu və hazırda ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası ilə sıx bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis olunması və Ümummilli Liderin partiyaya Sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasını şərtləndirdi. Yeni Azərbaycan Partiyası yarandığı gündən tutduğu yola sadiqliyi, söz ilə əməl birliyi sayəsində milyonların sevgisini qazandı, cəmiyyətin avanqard qüvvəsinə çevrildi.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Azərbaycanı bütöv, Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Ümummilli Lider məcburi köçkünlərlə görüşlərinin birində bildirmişdi: "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisuyu - biz onlarsız yaşaya bilmərik".

44 günlük İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 noyabr 2020-ci ildə Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən "Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!" fikirləri ilə 20 illik prezidentlik dövrünün əsas hədəflərini reallığa çevirdiyi üçün keçirdiyi hissləri daima güc aldığı və yanında olduğu xalqımızla bölüşdü. 44 günlük Vətən müharibəsindən sonra qısa müddət ərzində cənab Prezidentin son dərəcə düşünülmüş praqmatik siyasəti nəticəsində Azərbaycan öz ərazisini və suverenliyini tam bərpa etdi. Cənab Prezident bu il fevralın 7-də keçirilən prezident seçkilərində Xankəndidə səs verməklə ölkə ərazisində separatizmə son qoyulduğunu bir daha nümayiş etdirdi. Bu, XXI əsrin hərb tarixində görünməmiş qalibiyyətdir. 

Tarixi Zəfərdən keçən qısa müddət ərzində bilavasitə cənab Prezident İlham Əliyevin ciddi nəzarəti və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanıldı. Bu gün işğaldan azad edilmiş ərazilərə Böyük qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Azad Qarabağ və Şərqi Zəngəzur cənnətməkana çevrilir. Aparılan genişmiqyaslı tədbirlər nəticəsində həmin torpaqların əsl sahibləri - keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Mədəniyyət beşiyimiz olan Şuşa bir sıra beynəlxalq tədbirlərə, o cümlədən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ənənəvi  "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalına evsahibliyi edir. Musiqinin dili ilə Azərbaycan buradan dünyaya sülh, əməkdaşlıq və inkişaf mesajı verir.

Dünyada Azərbaycanın rəmzi kimi tanınan Ulu Öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderimizin siyasi kursuna sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Azərbaycan BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilata - Qoşulmama Hərəkatına iki dövr üzrə uğurla sədrlik edib. Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb. Qazanılmış etimad və uğurun nəticəsidir ki, ölkəmiz bir sıra beynəlxalq tədbirlərə uğurla evsahibliyi edir. Bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) ölkəmizdə keçirilməsi ilə bağlı qərar böyük etimadla yanaşı, həm də ölkəmizin dünyanın prioritet elan etdiyi "yaşıl keçid"in fəal iştirakçılarından biri kimi tanınması və "yaşıl gələcək"lə  bağlı hədəflərinin məntiqi davamıdır.

Beləliklə, ehtiram və hörmətlə qeyd etdiyimiz Milli Qurtuluş Günü böyük uğurların başlanğıcı olmaqla yanaşı, Ulu Öndərin xalqımız üçün əbədi açdığı müstəqillik və azadlıq qapısıdır. Bu yolun mahiyyətini Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev belə müəyyənləşdirmişdir: "Azərbaycan dövləti heç vaxt bugünkü qədər güclü olmamışdır. Biz güclü dövlət qurmuşuq, daha da güclü Azərbaycan qurmalıyıq və əminəm ki, quracağıq. Keçdiyimiz yol şərəfli yoldur, qələbələr, uğurlar yoludur. Əminəm ki, biz həmişə qələbələr yolu ilə gedəcəyik. Yeni qələbələrə doğru irəli!"

Araz Xudadanov,

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri