27 iyun 2024 22:21
157

Ümumdünya Ətraf Mühit Günü kimi beynəlxalq tədbirin Azərbaycanda uğurla keçirilməsi ilə bağlı mühüm işlər görüləcək

Azərbaycan BMT-nin Ətraf Mühit Proqramının (UNEP) xətti ilə 2026-cı il iyunun 5-də Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək. Bu, qlobal miqyasda ətraf mühit baxımından ən vacib tədbirlərdən biri olacaq.

“İki sahil” xəbər verir ki,  bunu COP29-la bağlı keçirilən brifinqdə AZƏRTAC-ın sualına cavabında COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ekoloji mühitin qorunması istiqamətində mühüm işlərin görüldüyünü bildirən nazir qeyd edib ki, Azərbaycanda bu ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, eləcə də COP29–un Bakıda keçirilməsi də ölkəmizin bu sahəyə verdiyi önəmin göstəricisidir.

“Ümumdünya Ətraf Mühit Günü kimi beynəlxalq tədbirin Azərbaycanda uğurla keçirilməsi ilə bağlı mühüm işlər görüləcək. Bu tədbir Azərbaycanda ətraf mühitin mühafizəsi istiqamətində görülən işlərin təbliği baxımından da olduqca uğurlu addımdır. Həmçinin ekologiyanın qorunması üçün də faydalı olacaq”, - deyə nazir əlavə edib.