29 iyun 2024 01:15
208

Xocalıda həyat qaynayır

İndiyədək Xocalıya 50 ailə köçürülüb, bu ilin sonuna kimi daha 50 ailənin köçürülməsi nəzərdə tutulub. Xocalılar bundan sonra öz doğma el-obalarında əmin-amanlıq içində yaşayacaqlar 

Qırx dörd günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamı bunun bariz nümunəsidir. Ekspertlərin qeyd etdikləri kimi, Dövlət Proqramının əsas hədəfləri infrastrukturun, iqtisadiyyatın formalaşması, inteqrasiyası, sosial inkişaf və ərazilərdə ekoloji mühitin yaxşılaşdırılmasıdır. Hədəflər müasir çağırışlara uyğundur. Qarabağ və Şərqi Zəngəzurda mənfur düşmən tərəfindən infrastruktur tamamilə dağıdılıb. Hazırda onun yenidən qurulması istiqamətində işlər gedir. Proqramda nəqliyyat və logistik imkanların genişlənməsi, şəhər, qəsəbə və kənd tipli yaşayış məntəqələrinin qurulması nəzərdə tutulub.

İşğaldan azad edilimiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün ciddi addımlar atılır.

İkinci Qarabağ müharibəsindən dərhal sonra ölkəmizin başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. Artıq dördüncü ildir ki, azad olunmuş ərazilərimizdə quruculuq işləri sürətlə davam etdirilir. İndiyə kimi azad olunmuş ərazilərin bərpasına ümumilikdə 12 milyard manat vəsait xərclənib. Təkcə 2023-cü ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına 6,4 milyard manat investisiya yatırılıb.

İşğaldan azad edilmiş Cəbrayıl, Qubadlı, Kəlbəcər Zəngilan, Laçın, Şuşa, Füzulu, Ağdam rayonları ilə yanaşı, artıq Xankəndiyə, Xocalıya və Ağdərəyə də həyat qayıdır. Şəhərlər, kəndlər, qəsəbələr yenidən dirçəlir. Xocalı sakinləri 32 ildən sonra doğma torpaqlarına qayıtmağın sevincini yaşayırlar. Respublikamızın müxtəlif ərazilərində yardımçı tikililərdə, müxtəlif müəssisələrə məxsus olan binalarda məskunlaşan keçmiş köçkün ailələri müasir tipli evlərlə təmin olunub. 30 ildən çox düşmən işğalında olan şəhərlər, qəsəbələr artıq minalardan, hərbi sursatlardan təmizlənib və yenidən qurulur. Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, Xankəndi, Xocalı və Ağdərədə 43 obyekt fəaliyyətə başlayıb, 350 nəfər işlə təmin olunub. Cari ildə bu obyektlərin sayının 80-ə çatdırılması planlaşdırılır: “Burada ticarət, turizm, qida sənayesi, balıqçılıq, kənd təsərrüfatı və digər sahələrin inkişafı üçün geniş imkanlar var. İndiyədək Xocalıya 50 ailə köçürülüb, bu ilin sonuna kimi daha 50 ailənin köçürülməsi nəzərdə tutulub. Hazırda Xankəndidə 3 minə yaxın insan yaşayır. Həmçinin bu ilin sentyabrında Qarabağ Universitetinin açılması planlaşdırılıb”.

Bu gün xalqımız öz Liderinin rəhbərliyi ilə Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur, yağı tapdağından qurtulan bu torpaqları yenidən həyata qaytarır, demək olar ki, yeni tarix yazır. İşğaldan azad edilmiş ərazilərdə uğurla davam etdirilən bərpa-quruculuq işləri Böyük Qayıdışı sürətləndirir. Əminliklə demək olar ki, Böyük Qayıdış bundan sonra daha sürətlə həyata keçiriləcək, soydaşlarımız böyük sevinc hissi ilə öz doğma yurdlarına qayıdacaqlar.

Zahid Rza, “İki sahil”