29 iyun 2024 00:35
190

Siyasi və strateji hədəfimiz: Tarixi torpaqlara qayıtmalıyıq

Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı edir ki, necə vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik  

Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurları davamlılığı ilə diqqətdədir. 30 il Azərbaycan dünya güclərindən ədalət gözlədi. Torpaqlarının 20 faizi işğal altında, bir milyondan çox soydaşı qaçqın və köçkün vəziyyətində yaşayan Azərbaycan olduğu halda dünya gücləri BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə məhəl qoymayaraq işğalçını adı ilə çağırmağın münaqişənin həlli prosesinə mənfi təsir göstərəcəyini bildirərək bununla da ikili standartlara əsaslanan siyasətlərini ört-basdır etdiklərini düşünürdülər. Amma unudurdular ki, bu yanaşmalar Azərbaycanı heç də ruhdan salmadı, əksinə istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə ölkəmizə qarşı aparılan qərəzli, əsassız təbliğat real faktlarla cavablandırıldı. Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyası tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır. Qarabağ münaqişəsinin tarixin arxivinə atılmasından sonra gündəmə gətirilən növbəti məsələ Qərbi Azərbaycana qayıdış oldu. Dövlətimizin başçısı İlham Əliyev iki il bundan öncə, 2022-ci ilin 24 dekabr tarixində Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə belə bir əminliyi ifadə etdi ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan ən önəmlisi xalqımızın tarixi yaddaşıdır.

Qərbi Azərbaycan tarixi torpağımızdır. Bunu tarixi sənədlər, xəritələr təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ancaq ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır. Şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər uğurla davam edir.

Reallıq budur ki, Azərbaycan döyüş meydanında tarixi Zəfərə imza atmaqla yanaşı, informasiya cəbhəsində də üstünlüyünü bütün dünyaya nümayiş etdirdi. Tarixi Zəfərimizi şərtləndirən əsas amillərdən biri Azərbaycanın diplomatik uğurları idi. Tarixi ədalətə, real faktlara əsaslanan təbliğatımız informasiya mübarizəsində qələbəmizdə öz sözünü deyir. Baxmayaraq ki, Qarabağ münaqişəsi artıq tarixə qovuşub, informasiya mübarizəsinin davam etdirilməsi bugünümüz üçün də əsas vacib məsələlər sırasındadır. İllər keçdikcə baş verən hadisələrin mahiyyəti daha dolğun şəkildə dərk olunur və ictimaiyyətə çatdırılır. Ulu Öndər Heydər Əliyev bu cağırışı edirdi ki, tarixin saxtalaşdırılmasına yol verilməməlidir. Onun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk görüşünü ziyalılarla keçirməsi də mühüm məqamlara işıq saldı. Ümummilli Lider tarixçilərin qarşısında bir sıra vəzifələr qoydu ki, onlardan da biri, ən önəmlisi tarixin saxtalaşdırılmasına yol verməmək, faktların dili ilə yeni nəşrlər çap etmək və onları müxtəlif dillərdə beynəlxalq ictimaiyyətə çatdırmaq idi.

Bu faktlar inkaredilməzdir ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Ermənilərin əsasız torpaq iddiasının 1988-ci ildə yenidən baş qaldırması artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin yaranmasına, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb oldu. 30 ilə yaxın müddətdə dünyanın ikili siyasəti, ermənilərin başına çəkilən sığallar münaqişənin həlli prosesinin uzanmasına şərait yaratdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatlarının 30 ilə yaxın müddətdə edə bilmədiklərini etdi, ədalət bərpa olundu, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu.

44 günlük Vətən müharibəsi 30 il davam edən danışıqların imitasiya naminə aparıldığını ortaya qoydu. Ermənistan rəhbərliyinin yeni ərazilərlə bağlı müharibə planı da başına çəkilən sığallara əsaslanırdı. Azərbaycan Ordusu bütün bu planları alt-üst etdi, Ermənistanı diz çökdürdü, kapitulyasiya aktına imza atmağa məcbur etdi. Tarixi Zəfərimizdən ötən dörd ilə yaxın müddətdə Azərbaycan tarixinə növbəti zəfər səhifələri yazıldı. Ötən ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdikləri lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz bərpa edildi, Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə ucaldıldı. Bu il Xocalı soyqırımının 32-ci ildönümü Xocalı şəhərində qeyd edildi. Dövlət başçısı İlham Əliyev fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyduqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirdi ki, Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada - 26 fevral günündə memorial kompleksin təməli qoyulur. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, bu layihə çoxdan hazır idi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer də seçilmişdi. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il müəyyən tərəddüdlər keçirərək o layihə təxirə salınırdı. Ona görə ki, inanırdıq və bilirdik ki, biz buraya, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq. «Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir» söyləyən cənab İlham Əliyev bildirdi ki, Xocalı soyqırımı isə heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Dövlət başçısı İlham Əliyev sözügedən görüşdə bu məqamı da böyük qürur hissi ilə qeyd etdi ki, bu diyarın, bu bölgənin artıq yeni, parlaq tarixi var, o da 20 sentyabr - Xocalının, Xankəndinin azad olunması günüdür. 26 fevral dəhşətli, faciəvi bir gün kimi heç vaxt bizim yaddaşımızdan silinməyəcək. Amma 20 sentyabr artıq bu bölgənin əsas azadlıq və bayram günüdür.

Bu ilin 28 May- Müstəqillik Günündə dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalıda şəhərə qayıdan sakinlərlə görüşdulər və onlara evlərin açarları təqdim edildi. Bu tarixdə Böyük Qayıdışın Xocalı səhifəsi yazıldı. Dövlət başçısı İlham Əliyev həmin görüşdə bu müjdəni də çatdırdı ki, sentyabr ayından Xankəndi şəhərinə köç başlayacaq. Bütün bunlar tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətin uğurlarıdır. Müstəqillik tariximizə yazılan Zəfər səhifələrindən biri də Qazaxın 4 kəndinin müharibəsiz Azərbaycana qaytarılmasıdır. Bu mühüm addım, eyni zamanda, belə bir reallığı da təsdiqlədi ki, vasitəçi olmadan da uğurlu nəticəni əldə etmək mümkündür.

Artıq tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunun 28 illik vasitəçiliyi müddəti bir çox məqamların açıqlanmasına yardımçı oldu. Vasitəçilər neytral olmalı, bitərəflilik prinsipini qorumalıdır. Minsk qrupunun həmsədr dövlətləri vasitəçiliyi Ermənistana dəstək kimi qəbul edərək 28 illik failiyyətləri dövründə atdıqları addımları ilə özlərinə qarşı inamsızlığı birə on qat artırdılar. Ermənistanın silahlandırılması, yeni ərazilər uğrunda müharibə planlarına dəstək olaraq sülh danışıqlarının imitasiya naminə aparılmasına səylər göstərilməsi, işğalçını adı ilə çağırmadan məsələnin ədalətli həllindən danışmaq və sair kimi ədalətə, beynəlxalq hüquqa zidd addımlar Minsk qrununun vasitəçiliyini xarakterizə edən məqamlardır. Cənab İlham Əliyev hər bir çıxışında tarixi faktlar əsasında ermənilərin başımıza gətirdikləri faciələri, törətdikləri vəhşilikləri diqqətə çatdırır. Dünya gücləri bu reallıqların fonunda yenə də ermənilərə dəstəklərini davam etdirirsə, bu, artıq hüquq probleminin yaşandığını, ədalətin və beynəlxalq hüququn maraqların arxasında əridiyini nümayiş etdirir. Prezident İlham Əliyevin çağırışları sırasında tariximizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması xüsusi yer tutur. Cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə «Azərbaycan Xalq Cümhuriyyəti İli» elan edilməsi, həmçinin həmin ildə imzalanan “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam tariximizin ayrı-ayrı mərhələlərinin, ermənilərin azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinə işıq saldı.

Cənab İlham Əliyev hələ 2015-ci ildə AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncağında bildirmişdi ki, Azərbaycanın çox zəngin tarixi vardır. Azərbaycan alimləri də, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik. Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, tariximiz bizim böyük sərvətimizdir. Tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Budur reallıq. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olubdur. Bunu gənc nəsil də, dünya da bilməlidir: «Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.»

Artıq bu hədəfə doğru da addımlar atılır. Qarabağa və Şərqi Zəngəzura qayıdışın ardınca Qərbi Azərbaycana da qayıdacağımızdan bəhs edirik. Tarix araşdırılır, bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılır. Artıq Qərbi Azərbaycana Qayıdış Konsepsiyası uğurla icra edilir. Son 200 ildə Qərbi azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləmələrə, deportasiyalara, soyqırımlarına məruz qaldıqları faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırılır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük əminliklə bu fikri bəyan edir ki, necə vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik.

Yeganə Əliyeva, «İki sahil»