02 iyul 2024 14:41
443

Daha İnkluziv COP-a doğru...

Vətəndaş cəmiyyəti COP29 prosesinin daha inklüziv və iştirakçı olmasında mühüm rol oynayır

Azərbaycan son illərdə  nüfuzlu mötəbər tədbirlərin, qlobal forumların, müxtəlif missiyaların görüşlərinin  ənənəvi olaraq keçirildiyi məkana çevrilib. 2024-cü ilin noyabrında isə ölkəmiz  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi edəcək. Dünyanın ən böyük beynəlxalq konfransı olan COP29-un yaşıl enerjiyə qlobal keçid, istixana qazı emissiyalarının və iqlim dəyişikliyinin azaldılması üçün güclü stimul olacağı gözlənilir. 

COP-un son dövrlərdə neft ölkələrində keçirilməsi o mesajı verir ki, bu ölkələr də öz iqtisadiyyatını yaşıl enerjiyə keçid istiqamətində qurmağa doğru addımlayır və ətraf mühit məsələlərinə həssas yanaşırlar.  Bu missiyaya uyğun olaraq Azərbaycan hökuməti iqlim dəyişmələrinə bütün dünyanı narahat edən ən qlobal problemlərdən biri kimi həssas yanaşaraq “yaşıl mühit” quruculuğunda dayanmadan səylərini artırır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu, COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, “yaşıl ideya”lar və “yaşıl proqram”larla bağlı məsələlərə Azərbaycan platformasından baxılacağı və onun təcrübəsinin öyrəniləcəyi deməkdir. Məlum olduğu kimi, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri məhz "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" olmaqdır. Həmin prioritetə uyğun şəkildə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində mühüm işlər aparılır. Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru, Naxçıvanı "yaşıl enerji" zonası adlandırıb və bu istiqamətdə genişmiqyaslı işlərə başlanılıb. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistemin bərpası istiqamətində ardıcıl işlər aparılır. Artıq Qarabağda və Şərqi Zəngəzurda hidroenerji potensialından fəal şəkildə istifadə edilir. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulub. 

Qürurverici haldır ki, vətəndaş cəmiyyəti təşkilatları qlobal ictimaiyyəti davamlı və yaşıl gələcəyə doğru istiqamətləndirmək kimi mühüm vəzifəyə rəhbərlik edən COP29 Sədrliyinə və tədbirə ev sahibliyi edəcək Azərbaycana öz dəstəyini göstərirlər. Vətəndaş cəmiyyəti təbliğat, monitorinq, təmsilçilik və innovativ həllər təmin etməklə, iqlim dəyişmələri danışıqlarına öz töhfəsini verir. İqlim məsələləri ilə bağlı ictimaiyyətin məlumatlılığının artırılmasından tutmuş daha güclü iqlim siyasətinin icrasına nail olmaq üçün biz müxtəlif icmaların, xüsusən də həssas və təcrid vəziyyətinə düşmüş qrupların narahatlıqlarını danışıqlarda ön plana çıxarırlar. 

“Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru, COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında diqqətə çatdırdı ki, Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün seçilməsindən qürur duyuruq və bu missiya özü ilə böyük məsuliyyət də gətirib. Paris razılaşması açıq şəkildə ifadə edir ki, biz iqlimlə bağlı fəaliyyət üçün ambisiyalarımızı daim artırmalıyıq. Ötən COP-da qərara alınan Qlobal “Stocktake” ölkələrə və digər maraqlı tərəflərə Paris Sazişinin məqsədlərinə nail olmaq üçün dünya dövlətlərinin kollektiv irəliləyişə doğru irəliləməyinin bariz nümunəsi oldu. Tərəflər əldə etdikləri nailiyyətləri əks etdirmək və bölüşmək üçün mexanizmdən istifadə etməli, həm də ən yaxşı təcrübələri və öyrənilmiş dərsləri bölüşməli, nəticədə iddialı Milli Müəyyən Olunmuş Töhfələrə nail olmalıdırlar. Dünya 1,5° hədəfə köklənsə də, irəliləyişə mane olan məsələlər birgə konsensusa nail olmaqla dəf etməliyik. Qlobal məqsədlərə nail olmaq üçün beynəlxalq təşkilatlar, çoxtərəfli inkişaf bankları, özəl sektor və bütün digər maraqlı tərəflərlə əməkdaşlıq edərək beynəlxalq ictimaiyyətin bütün üzvlərini cəlb etməyi tələb edir. COP29 prinsiplərindən biri də elə bu yöndədir. 

Ekoloji problemlərin ictimai monitorinqinə üstünlük verilməlidir

Təşkilat Komitəsinin üzvü bildirdi ki, regionda ekoloji problemlərin ictimai monitorinqinə üstünlük verilməlidir. “Environmental Protection First” QHT Koalisiyası olaraq Cənubi Qafqaz regionunda dağlara, torpağa, biomüxtəlifliyə, transsərhəd çaylara və Xəzər dənizinə zərər vuran qeyri-qanuni mədən sənayesinin qarşısının alınması üçün təbliğat işi aparırıq. İçməli suyun qorunması insan sağlamlığı üçün vacibdir və buna görə də biz regionda təmiz hava və su təhlükəsizliyinin tərəfdarıyıq. Bölgədə iqlimlə bağlı fəaliyyətdə hər kəsin səylərini birləşdirməsi vacibdir. Vətəndaş cəmiyyəti olaraq biz bütün maraqlı tərəfləri COP29-a hazırlıq çərçivəsində regionumuzda sağlam ekosistemi prioritetləşdirməyə və təşviq etməyə dəvət edirik. QHT və gənclər qrupları ekoloji məlumatlılığın artırılmasında və iqlim dəyişikliyi gündəliyinin təbliğində mühüm rol oynayır. Bu təşkilatlar ətraf mühit problemləri barədə ictimaiyyətin məlumatlılığını artırmaq üçün kütləvi fəaliyyət, elmi tədqiqat və təbliğatdan istifadə edərək dəyişiklik üçün katalizator rolunu oynayırlar. Təhsil, ictimaiyyətin cəlb edilməsi və siyasət təbliğatı yolu ilə QHT-lər və gənclər qrupları və icmalar tərəf ölkələri daha davamlı bir gələcək və iqlim dəyişikliyinə davamlılıq üçün hərəkətə keçməyə səfərbər edirlər.

Vətəndaş cəmiyyəti ilə COP29 rəhbərliyi arasında körpü

Pərvanə Vəliyevanın sözlərinə görə, COP29 Təşkilat Komitəsinin QHT-ləri təmsil edən üzvləri olaraq, biz iqlim dəyişikliyindən ən çox təsirlənənlərin ehtiyaclarının dinlənilməsini və nəzərə alınmasını təmin edərək, vətəndaş cəmiyyətinin səsi olmağa çalışırıq. Biz (COP29 Təşkilat Komitəsində təmsil olunan QHT-lər) öz rolumuzu COP29 prosesində təmsil olunan müxtəlif qrupların, o cümlədən təcrid olunmuş icmaların və həssas əhali qruplarının əsas mesajlarını çatdırmaq üçün vətəndaş cəmiyyəti ilə COP29 rəhbərliyi arasında körpü olaraq görürük. 1 iyun tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən “Beynəlxalq təşkilatlarda vətəndaş cəmiyyəti təmsilçiliyi: reallıqlar və hədəflər” adlı təlimdə 50-yə yaxın QHT nümayəndəsinə təşkilatımız tərəfindən “COP29-da qeyri-hökumət təşkilatlarının iştirak prosedurları, üzvlük və imkanlar” mövzusunda təlim keçirilmişdir.

COP29 prosesinə töhfə

Həmsöhbətimiz vurğuladı ki, Azərbaycan QHT-ləri həmçinin Bonn şəhərində keçirilən BMT-in iqlim konfransında fəal iştirak etmişdir. Bonn tədbiri zamanı 50-dən çox QHT ilə tanışlıq əldə etmək və müzakirələr aparmaq imkanı əldə etdik. Ölkəmiz və COP29-a hazırlıq işləri ilə bağlı məlumat verdik, ölkəmiz barədə təbliğat apardıq. Konfrans çərçivəsində 32 ölkədən 102 QHT nümayəndəsinin COP29-a evsahibi ölkə ilə bağlı dəstək bəyanatı imzaladılar. Həmçinin 10-dan çox beynəlxalq və xarici QHT nümayəndəsinin Azərbaycan TV kanallarına dəstək mesajlı müsahibələr verdilər. Azərbaycan Milli QHT Forumu (QHT Forumu) da COP29-la əlaqəli təbliğat və təşviqat işlərinə cəlb olunmuşdur. 18 iyun tarixində “Sağlam Gələcəyin Proqnozlaşdırılması üzrə 2-ci illik Qlobal Sammit” çərçivəsində Azərbaycan Milli QHT Forumu (AMQF) yan tədbir təşkil etdi. Tədbir zamanı yerli QHT-lər və Sammitdə iştirak edən xarici təşkilatlar, QHT-lər, ekspert və beynəlxalq fondların nümayəndələri arasında görüş keçirərək, COP29 prosesinə töhfə verə biləcək məsələlər üzrə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Görüşün məqsədi beynəlxalq/xarici vətəndaş cəmiyyəti ilə Azərbaycanın səhiyyə və iqlim QHT-ləri üçün qlobal sağlamlıq və COP29-la bağlı bilik, anlayış və təcrübələri bölüşmək, dayanıqlı ətraf mühit istiqamətində işləmək üçün əməkdaşlıq təşəbbüsləri və tərəfdaşlıqların qurulması üçün dialoq, həmçinin beynəlxalq təşkilatlar ilə şəbəkələşməni gücləndirməklə COP29 Prosesinə və yekun nəticələrə əsaslı töhfə vermək olub.  Forum tərəfindən bir qrup xarici QHT nümayəndəsi və ekspertindən COP29, QHT-lərin iqlim danışıqlarında rolu ilə bağlı video müsahibələr alınaraq 12 ədəd videoçarx hazırlanmışdır. Həmin videoçarxlar AMQF səhifəsində paylaşılır. 1999-cu ildə təsis edilən AMQF özündə 500-ə yaxın milli və yerli QHT-ni birləşdirir. COP29-a hazırlıq məqsədilə Milli QHT Forumu həmçinin, media məqalələri, müsahibələr və müxtəlif regionlarda maarifləndirmə tədbirləri vasitəsilə iqlim dəyişikliyi və qlobal istiləşmə haqqında ictimaiyyətin məlumatlılığını artırır.
Təşkilat Komitəsinin üzvünün sözlərinə görə, “Sağlamlığa Xidmət” İctimai birliyi COP29 Kommunikasiya komandası ilə birgə xarici QHT və beynəlxalq təşkilat nümayəndələrinin iqlim dəyişikliyi ilə bağlı qısa mesajlar verdiyi 8 video çəkmiş və videolar Kommunikasiya komandası tərəfindən xüsusi olaraq hazırlanaraq sosial media səhifələrində yayımlanmışdır. Biz həmçinin ətraf mühitin qorunması sahəsində fəal olan Keniya QHT-ləri ilə əməkdaşlığa başlamışıq. May ayında Nairobidə keçirilən BMT-nin 2024-cü il Vətəndaş Cəmiyyəti Konfransı zamanı biz əməkdaşlıq perspektivlərini və Afrikada yerləşən VCT-lərin COP29-da mənalı iştirakını necə təmin etməyi müzakirə etmək üçün görüş keçirdik. Keniya iqlim dəyişikliyinin səbəb olduğu ekstremal daşqınlarla tez-tez üz-üzə qalır. Bu səbəbdən bu ölkədən QHT təmsilçiliyi COP29 proseslərinə töhfə verə bilər. 14-15 may tarixlərində G7 ölkələrinin Roma şəhərində, BMT-in Ərzaq və Kənd Təsərrüfatı təşkilatının qərargahında (FAO) keçirilən vətəndaş cəmiyyəti – C7 sammitində iştirak etdik. Təşkilatımız C7 Koalisiyanın “İqlim və ətraf mühit ədaləti” adlı işçi qrupda təmsil olunur. 40-a yaxın ölkədən 400-ə yaxın vətəndaş cəmiyyəti, elmi-tədqiqat institutları, gənclər təşkilatlarının nümayəndələri, həmçinin beynəlxalq təşkilatlar iştirak etdiyi Sammit Yoxsulluğa Qarşı İtaliya Koalisiyası – GCAP (Global Call Action Against Poverty) tərəfindən təşkil edilmişdi. Sammit çərçivəsində ölkəmizi tanıtmağa, COP29 və Azərbaycanın sədrliyi barədə müsbət mesajları yaymağa, C7 adından COP29-a dəstək bəyanatının 8 ölkədən 30 QHT nümayəndəsi tərəfindən imzalanmasına nail olduq. Panelist kimi COP29 mövzusunda çıxış edərək, auditoriyanın suallarını cavablandırmağa çalışdıq.

Vətəndaş cəmiyyəti COP29-un nəticələrinin daha təmsilçi, şəffaf və təsirli olmasını təmin etməyə kömək edə bilər

Pərvanə Vəlidyeva qeyd etdi ki, vətəndaş cəmiyyəti COP29 prosesinin daha inklüziv və iştirakçı olmasında mühüm rol oynayır, eyni zamanda daha effektiv və ədalətli qərarların qəbul edilməsinə töhfə verir. Onların iştirakı COP29-un nəticələrinin daha təmsilçi, şəffaf və təsirli olmasını təmin etməyə kömək edə bilər. Bu yaxınlarda xarici QHT-lərdən COP29 ilə bağlı Azərbaycana dəstək bəyanatları daxil olub. Son 4 ayda 70-dən çox ölkəni təmsil edən 400-ə qədər QHT və ictimai fəal birgə bəyanatlarla çıxış edərək Azərbaycanın COP29 sədrliyini və iqlim dəyişikliyi ilə mübarizədə qlobal liderliyini təqdir etmişdir. Vətəndaş cəmiyyətinin mənalı iştirakı, üzv dövlətlər, icmalar və əsas qruplar və digər maraqlı tərəflər, eləcə də BMT agentlikləri arasında hərtərəfli və çoxsahəli dialoq bizi uğurlu COP29-a aparacaqdır. Bu təşkilatlar arasında inkişaf etməkdə olan regionların təmsilçilərinin üstünlük təşkil etməsi də müşahidə olunur. Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin çağdaş dünyanın problemlərini ardıcıl şəkildə qaldırması, qlobal təşəbbüslərlə çıxış etməsi müxtəlif regionlarda böyük maraqla qarşılanır, diqqətlə izlənilir və Azərbaycana, onun Liderinə olan rəğbəti artırır.

Yaqut Ağaşahqızı, “İki sahi”