10 sentyabr 2024 09:00
184

Portuqaliyada 5 məhbus həbsxanadan qaçıb

Sentyabrın 7-də Lissabondakı həbsxanadan 2-si portuqal, 1-i argentinalı, 1-i britaniyalı və 1-i gürcü olmaqla, 5 məhbus qaçıb.

“İki sahil” xəbər verir ki, Portuqaliya Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Sisteminin baş katibi Manuel Vieira 7 ildən 25 ilə qədər həbs cəzasına məhkum edilmiş qaçaqların çox təhlükəli olduğunu bildirib.

Ölkə daxilində bütün təhlükəsizlik sistemləri işə salınıb. İnterpol və Europol-a lazımi məlumatlar verilib. Beynəlxalq axtarışa və həbsə order verildiyi açıqlanıb.

"Biz indi həm milli, həm də beynəlxalq səviyyədə informasiya dövriyyəsi ilə kifayət qədər rahatıq. Ediləcək hər şey edilir", - Portuqaliya hökumət rəsmisi deyib. O bildirilib ki, indiki mərhələdə sərhədlərin bağlanmasına ehtiyac yoxdur.

Məlumata görə, həbsxanadan qaçanlar "narkotik ticarəti", "çirkli pulların yuyulması", "oğurluq", "adam oğurluğu", "qəsb və cinayət təşkilatına üzv olmaq" ittihamları ilə məhkum edilmişdilər.

Portuqaliya Polis Xidmətinin baş direktoru Luis Neves də qaçan məhbusların azadlıq üçün hər şeyi edə biləcəyi və onların təhlükəli və zorakılığa meylli olduqları barədə xəbərdarlıq edib.

Məhkumların həbsxana divarına kənardan qoyulmuş nərdivandan istifadə edərək qaçdıqları və həbsxana rəhbərliyinə qarşı istintaqın davam etdiyi qeyd edilib.

Vale de Judeus uzunmüddətli məhbusların və çoxlu xarici məhbusların saxlandığı böyük həbsxana kimi tanınır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”