14 sentyabr 2024 01:30
370

Sülhdən hara qaçırsan, Hayastan?..

Görünür, rəsmi İrəvan  hesaba almır ki, havadarlarına güvənərək müharibəyə hazırlaşması ona baha başa gələ bilər

Azərbaycan daim ədalətli və davamlı sülhün tərəfdarı kimi çıxış edir. Ermənistan 30 il davam etmiş işğalı dövründə ortaya qoyulan mövqe, İkinci Qarabağ müharibəsinin bitməsi ilə bağlı imzalanan üçtərəfli Bəyanat və 2021-ci ilin yanvarında Moskvada imzalanan analoji sənəd Azərbaycanın humanist davranışlarından xəbər verir. Müharibə meydanında qəti qələbə qazanan rəsmi Bakı təkcə prosesin sülhlə nizamlanmasını arzulamaqla kifayətlənmir, bunun üçün real addımlar atır.

Amma bu gün sülhə gedən yolda ən böyük maneə məhz Ermənistanın Konstitusiyası və bir sıra digər qanunvericilik aktlarıdır.  Həmin sənədlərdə qonşu Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları açıq-aşkar legitimləşdirilib. Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəalar çıxarılmadan hər hansı bir sülh sazişinin imzalanması mümkün deyil. Çünki hüquqi əsasları yaradılmayan sülh qalıcı sülh olmayacaq. İrəvanın bu məsələdə manipulyativ deyil, daha qətiyyətli və birmənalı mövqe sərgiləməsi məsələnin həllini daha da tezləşdirə bilər. Yəni, uzun illərdən bu yana gözlənilən dayanıqlı sülhə daha tez nail olmaq mümkündür.

Lakin çox təəssüflər olsun ki, son günlər mütəmadi olaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən  ordumuzun mövqelərinin atəşə tutulması, paralel olaraq baş nazir Nikol Paşinyanın "sülh sazişi" layihəsi, eyni zamanda 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatla bağlı riyakar açıqlamalar verməsi də sübut edir ki, İrəvanın niyyəti barış deyil.  Ötən müddətdə Nikol Paşinyan üçtərəfli görüşlər zamanı "Qarabağ Azərbaycandır" həqiqətini etiraf etməsinə baxmayaraq, Fransadan, ABŞ-dan və digər Avropa strukturlarından aldığı siyasi, hərbi dəstəkdən ürəklənərək sülh prosesinə zərbə vurmağa çalışıb. Elə sentyabrın 10-da "Yerevan Dialoqu" adlı forumda çıxışı zamanı Azərbaycana qarşı reallıqların açıq-aşkar təhrif olunduğu iddialar səsləndirməsi də erməni baş nazirin çirkin məqsədlərini ortaya qoyur. 

N.Paşinyanın "sülh sazişi" layihəsinin razılaşdırılmamış müddəalar çıxarılmaqla imzalanması ilə bağlı çağırışı İrəvanın məkrli planının tərkib hissəsidir. İlk növbədə Ermənistan öz Konstitusiyasına dəyişiklik etməlidir. Çünki Hayastanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Bununla bağlı rəsmi Bakı qətiyyətlə bildirib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır. Lakin İrəvan müxtəlif bəhanələr gətirərək Konstitusiyasında dəyişiklik etməkdən yayınır və bu riyakarlıqla gələcəkdə yenidən Azərbaycana qarşı ərazi iddiasına başlamaq üçün ehtiyat variant saxlamaq niyyətini güdür. 

Sözügedən məsələyə Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi şərhdə də xatırladılır ki, Ermənistan tərəfinin "sülh sazişi" layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda "Ermənistan və Dağlıq Qarabağın birləşməsi"nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır. O da qeyd olunur ki, Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan "heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz" müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi tamamilə əsassızdır. 

Ermənistan rəsmilərinin ortaya atdıqları və heç bir hüquqi əsası olmayan absurd iddialarından biri də guya  Azərbaycanın Konstitusiya aktında Ermənistana qarşı ərazi iddialarının olması ilə bağlıdır. Lakin Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiasının mövcud olmaması gün kimi aydındır. Sözügedən forumda Paşinyanın Almatı Bəyannaməsi çərçivəsində Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıdığı barədə fikirlərində təmsil etdiyi ölkənin məhz bu öhdəliyi kobud şəkildə pozaraq Azərbaycan ərazilərini 30 il müddətində işğal altında saxladığı faktını dilə gətirməməsi isə əsl erməni xislətinin göstəricisidir. 1980-ci illərin sonlarından etibarən bir milyondan çox azərbaycanlı Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalıb, yurdundan didərgin salınıb. Bu faktları görməzdən gələn Ermənistan baş nazirinin Qarabağı könüllü şəkildə tərk edən ermənilərin guya etnik təmizləməyə məruz qalması barədə böhtan xarakterli fikirlər səsləndirməsinə isə həyasızlıqdan və abırsızlıqdan başqa ad vermək mümkün deyil…

Göründüyü kimi, Ermənistan hələ sülhə tam hazır deyil. Danışıqlarda Azərbaycana təzyiq etmək üçün müxtəlif variantlar axtarmağa girişib. Aydındır ki, onun hərbi təxribatlarının arxasında siyasi məqsədlər durur. Sərhəddə bu cür təxribatlara əl atan İrəvanın altniyyətinin Zəngəzur dəhlizinin açılmasını əngəlləmək olduğunu güman etmək çətin deyil. Ermənistan hakimiyyəti Naxçıvana maneəsiz əlaqənin açılmasını ləngitməklə, Türkiyənin bu dəhliz vasitəsilə Azərbaycanla birbaşa əlaqə yaratmasına mane olmaqla kommunikasiyaların açılmasında özünün deyil, Bakının maraqlı olmadığı təsəvvürünü yaratmağa çalışır. Belə təxribatçı hərəkətlərin nəticəsində ortaya çıxacaq “problemin” həlli üçün Avropa İttifaqını (Aİ) bölgəyə cəlb etmək isə Paşinyan iqtidarının strateji hədəflərindəndir. İrəvanın burada güddüyü ikinci məqsəd sülh danışıqlarında Aİ-nin obyektiv səbəblərdən zəifləmiş vasitəçilik rolunun yenidən güclənməsinə nail olmaqdır.

Əgər İrəvanın yeni hərbi qarşıdurmaya getmək niyyəti varsa Azərbaycanın “dəmir yumruğ”un başının üstündə olmasını unutmasın. Ermənistan əldə etdiyi, almağa çalışdığı ən müasir silahlara sahib olsa belə, yenə də qüdrətli Azərbaycan Ordusu ilə cəngə girmək iqtidarında deyil. Çünki bütün müharibələrin son nəticəsi döyüş meydanında qazanılır. Ona görə də Ermənistan uzaqmənzilli raketlərə güvənməkdənsə, yaxın tarixin acı dərslərini yada salsın. Onun üçün budəfəki final 23 günlük antiterror əməliyyatından da ağır ola bilər.

Yaqut Ağaşahqızı, “İki sahil”