17 sentyabr 2024 01:57
256

Zəngəzur dəhlizini regional münaqişə ocağına çevirmək istəyənlər kimlərdir?

Bütün hallarda prosesin uğurla başa çatması mütləqdir və burada əsl söz sahibi Azərbaycandır

Bu gün Azərbaycan dövlətinin bölgədəki  hərbi-siyasi  üstünlüyü  Zəngəzur dəhlizinin reallaşması üçün yeni imkanlar yaradır. Məlum faktdır ki, bu dəhliz region dövlətləri ilə yanaşı, beynəlxalq siyasi-iqtisadi mərkəzlərin də maraq dairəsinə daxildir. Ona görə də Ermənistanın Zəngəzur dəhlizini əngəlləmək imkanları tükənir. Xüsusilə dəhlizin reallaşdırılmasında Azərbaycan və Türkiyə ilə bərabər,  Avropa və Asiya ölkələri də öz iqtisadi maraqları çərçivəsində israr edirlər.

Ekspertlər isə bu qənaətdədirlər ki, Avropa və Asiyanı Zəngəzur dəhlizi üzərindən əlaqələndirmək mümkün olarsa, bu marşrutun illik iqtisadi-ticari dövriyyəsi 3-5 trilyon dollar arasında dəyişə bilər. Xüsusilə də Rusiya -Ukrayna savaşına görə o bölgədə məhdudlaşdırılan ticarət marşrutlarının yerini Zəngəzur dəhlizi tuta bilər ki, bu da Avropa və Asiya dövlətləri üçün  strateji əhəmiyyət daşıyacaq.

Bu gün Ermənistanda Nikol Paşinyan hakimiyyətinə qarşı radikal müxalifətçilərin ciddi siyasi mübarizəsi davam edir. Paşinyanın əlyehdarları  Qərbin Zəngəzur dəhlizinin açılmasında israrlı olmasını hakimiyyətin fərsizliyi kimi qiymətləndirirlər. Təbii ki, bütün bunlar Ermənistan cəmiyyətindəki revanşist təbliğatın acı nəticəsidir. Bəzi müasir düşüncəli erməni ziyalıları bu etirazları faşistlərlə (onlar «Qarabağ klanı»nın liderləri Robert Koçaryanla və Serjik Sarkisyanı «faşistlər» adlandırırlar) paşistlərin ( yəni Nikol Paşinyanın tərəfdarlarının)  meydan davası kimi xarakterizə edirlər.

İşğalçı Ermənistanın bəzi başıpozuq siyasətçiləri isə hələ də İkinci Qarabağ müharibəsində və Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrın 19-da həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri zamanı uğradıqları acı məğlubiyyətlərin təsirindən çıxa bilmirlər. Ona görə də onlar hətta gələcəkdə Ermənistanın inkişaf perspektivlərinə müsbət təsir edə biləcək  iqtisadi addımlara da şübhə ilə yanaşırlar. Əsas iddiaları isə ondan ibarətdir ki, əgər  Zəngəzur dəhlizi açılarsa, Ermənistanın cənub bölgəsi Azərbaycan və Türkiyənin iqtisadi nəzarəti altına keçə bilər.

Xüsusilə ötən il mayın 14- də və iyulun 15-də Brüsseldə Azərbaycan  Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşlərdə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünün tanınması və Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret bəyanatlar səslənib. Məhz həmin görüşlərdən sonra Ermənistandakı  revanşistlər bu məsələni Paşinyan hakimiyyətinə qarşı əsas mübarizə mövzusuna çeviriblər.

Revanşistlər Paşinyan hakimiyyətini Ermənistan cəmiyyətinin mövqeyini nəzərə almadan Zəngəzur dəhlizinin açılmasına razılıq verməkdə ittiham edirlər. Onlar Nikolun bu addımını Hayastanın milli maraqlarına xəyanət kimi dəyərləndirirlər. Bu səbəbdən də Ermənistan rəsmiləri  Zəngəzur dəhlizinə görə üzləşdikləri ittihamlara izahat vermək məcburiyyətində qalıblar. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan parlamentdəki çıxışlarında dəfələrlə bəyan edib ki, bu məsələdə hakimiyyətə qarşı irəli sürülən ittihamlar uydurma və əsassızdır. Onun sözlərinə görə,  Zəngəzur dəhlizi revanşistlərin təsəvvür və təbliğ etdiyi qədər də Ermənistanın ziyanına deyildir: «Bu marşrut necə adlanmasından asılı olmayaraq, yalnız Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirməyəcək. Həm də Ermənistanın şimal hissəsinin Naxçıvan üzərindən cənub bölgəsi ilə daha asan nəqliyyat-kommunikasiya əlaqəsi yaratmasına imkan verəcək».

Göründüyü kimi,  Zəngəzur dəhlizi ilə bağlı prosesin hərəkətə gətirildiyi artıq inkaredilməz reallıqdır. Əvvəldə də qeyd etdiyimiz kimi,  nə revanşist erməni müxalifəti, nə də fərsiz Paşinyan hakimiyyəti bu proseslərə əngəl törətmək imkanlarına malik deyillər. Yəqin ki, yaxın gələcəkdə ermənilər bu reallıqla barışmalı olacaqlar. Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel və Praqa  görüşlərindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bu mövzunu dəfələrlə müzakirə etməsi də Zəngəzur dəhlizinin açılması ehtimalının ciddiləşdiyini göstərir. Təbii ki, Ermənistanın  bu məsələdə Azərbaycan və Türkiyə liderlərindən fərqli olaraq hələ də gözləmə mövqeyi tutması Nikol Paşinyanın siyasi iradəsizliyinin nəticəsidir.

Bu  gün  Ermənistanla bərabər, Zəngəzur dəhlizinin açılmasına ən ciddi maneələr yaradan digər ölkə İran İslam Respublikasıdır. Həm İkinci Qarabağ müharibəsində, həm də postmüharibə dövründə Ermənistana hərbi, iqtisadi və siyasi dəstək verən  bu dövlət  Zəngəzur dəhlizini özünün «qırmızı xətti» elan edib. Əslində, molla rejimi Zəngəzur dəhlizinin açılmasından ona görə narahatdır ki, birincisi,  dəhliz açılarsa Naxçıvan Muxtar Respublikası 33 illik blokadadan çıxacaq. Bu isə  Azərbaycanın bu bölgəsinin İrandan asılılığını sonlandırmaq deməkdir. İkincisi, Zəngəzur dəhlizi açılarsa Rusiya Yaxın Şərqə çıxış əldə edəcək. Hazırda isə Rusiya bu məsələdə İrana möhtacdır. Demək, İran Rusiyanı da bu məsələdə özündən asılı vəziyyətdə saxlamağa çalışır. Üçüncüsü, dəhliz layihəsi reallaşacağı təqdirdə Türkiyə  Orta Asiyaya yeni bir giriş qazanmış olacaq. İran isə türk dövlətlərinin yaxınlaşmasını, onların genişlənmiş iqtisadi əməkdaşlığını qəbul etmək istəmir.

Əvvəldə qeyd etdiyimiz kimi, Zəngəzur dəhlizinin açılmasını İran özünə qarşı siyasi, iqtisadi və təhlükəsizlik baxımından böyük təhdid hesab edir. İran güman edir ki, Azərbaycanla bərabər, qardaş Türkiyənin də buradakı  siyasi və iqtisadi nüfuzu artacaq. Demək Türkiyə NATO dövləti olduğu üçün dolayı yolla  regionda ABŞ-ın və İsrailin də möhkəmlənmək ehtimalı var. Digər tərəfdən,  Zəngəzur dəhlizinin açılması Türkiyənin İrandakı  nəqliyyat -loqistik xərclərini azaldacaqdır ki, bu da blokadada olan İranın iqtisadiyyatını daha da zəiflədəcəkdir. Bu gün Türkiyədən yüklər İran vasitəsilə həm Azərbaycana, həm də Mərkəzi Asiya və digər dövlətlərə göndərilir. Hazırda Türkiyə İrandan keçən  hər avtomobil üçün  1000-1800 dollar arasında tranzit xərci ödəyir.  Bu səbəbdən də İran nəqliyyat qovşağı kimi mövcud mövqeyini itirmək istəmir.
Təbii ki, Türkiyənin, Rusiyanın, Çinin və bəzi Avropa ölkələrinin  Zəngəzur dəhlizinin açılması ilə bağlı təşəbbüsləri,  Azərbaycanın bu məsələdə qəti mövqeyi İranın və Ermənistanın  haqsız mövqelərini ciddi şəkildə zəiflədəcək. Yəni, bu dəhlizin beynəlxalq əhəmiyyəti  həm İranı, həm də Ermənistanı oyundankənar vəziyyətə sala bilər.

Dəhlizin açılmasında Rusiya faktoru da var. Bu ölkə də dəhlizin açılmasında maraqlı tərəf kimi görünür. Rəsmi Moskva bildirir ki, Zəngəzur dəhlizinə Rusiya sərhdçiləri nəzarət etməlidir. Bu, Rusiyaya ona görə lazımdır ki, Ermənistanın bəzi ərazilərindən çıxardığı qoşunlarının yerini  burada doldursun. Lakin Ermənistandakı anti-Rusiya hakimiyyəti isə buna razılıq vermir. Əvəzində bildirir ki, dəhlizə nəzarəti Ermənistan özü həyata keçirməlidir. Dəhlizin Rusiyanın nəzarətinə keçməməsi üçün Ermənistanı nəinki   silahlandıran, hətta hərbçilərini oraya yerləşdirən ABŞ həm də bununla İranın lap qulağının dibinə girmiş olur. Hər halda Zəngəzur dəhlizi hazırda bir çox ölkələrin mənafe münaqişəsinə çevrilib. Lakin bütün hallarda dəhlizin açılması mütləqdir və burada da əsl söz sahibi Azərbaycandır.      

Elçin Zaman, «İki sahil»