28 sentyabr 2024 11:43
81

“The Telegraph”: “Baydenin 4 ilində dünya alova büründü”

Prezident Cozef Bayden ABŞ-ın qlobal liderliyini nəinki bərpa edə bilmədi, əksinə, dünyanın təhlükəsizlik sistemini və sülhü pozaraq özündən sonra ağır irs saxlamaqdadır.

“İki sahil” xəbər verir ki, bu fikir Böyük Britaniyada nəşr olunan “The Telegraph” qəzetinin analitiki Kon Kaflinin (Con Coughlin) “Baydenin 4 ilində dünya alova büründü” (Four years of Biden have left the world in flames) sərlövhəli məqaləsində yer alıb. Müəllif qeyd edir ki, Əfqanıstanda, Yaxın Şərqdə, Ukraynada buraxılan səhvlər ümumi təhlükəsizliyə zərbə vurub. C. Baydenin prezidentlik müddətinin başa çatması ABŞ-ın Yaxın Şərqə əlavə hərbi hissələr göndərməsi ilə müşayiət olunur. Prezidentin Qəzza bölgəsində atəşkəs rejimi yaratmaq cəhdləri uğursuzluqla nəticələndi. Onun səmərəsiz fəaliyyəti dünyamiqyaslı lider olmasına imkan vermədi.

İsrail ilə “Hizbullah” arasında müharibənin davam etdiyi bir zamanda C. Bayden qəti tədbirlər görmək əvəzinə, İranla nüvə danışıqlarını davam etdirmək qərarına gəldi. Prezidentin bu yanlış addımı müharibənin qızışmasına və hələ nə ilə nəticələnəciyi bəlli olmayan vəziyyətin yaranmasına səbəb oldu. Bununla yanaşı, ABŞ-ın tarixi müttəfiqləri olan İsrail və Səudiyyə Ərəbistanı ilə münasibətləri də korlandı, bu dövlətlər Rusiya və Çin ilə yaxın əməkdaşlığa başladılar. Özünün buraxdığı səhvlər ucbatından C. Bayden Ağ Evi Qəzza bölgəsində sülh yaratmadan tərk edəcək.

Müəllif sentyabrın 24-də Prezident C. Baydenin BMT Baş Assambleyasının 79-cu sessiyasındakı çıxışına da toxunub və onu kəskin tənqid edib. Qeyd edib ki, bütün bu yanlış siyasi addımlardan sonra sessiyada çıxış edən C. Bayden utanmadan ABŞ-ın qlobal liderliyini bərpa etdiyini bildirdi, bu isə yalandan başqa bir şey deyildi. Yaxın Şərqdə düçar olduğu uğursuzluq barədə bir kəlmə də danışmayam C. Bayden Ukrayna probleminə toxunaraq dedi ki, “Mənim rəhbərliyimlə ABŞ mübarizəyə qoşuldu və Vladimir Putin Ukraynanı işğal etmək istəyinə çatmadı”. Halbuki Ukraynaya edilən hərbi yardım çox gecikdi və verilən silahlardan istifadə də məhdudlaşdırıldı. Prezident C. Baydenin yanlış siyasətidir ki, bu gün Rusiya Ukrayna cəbhəsində irəliləyir.

Analitik hesab edir ki, Prezident C. Bayden yanlış addım ataraq 2022-ci ildə ABŞ hərbi hissələrini Əfqanıstandan çıxarmasaydı, Rusiya Ukraynada hərbi əməliyyatlara başlamayacaqdı. Kon Kaflin yazır ki, C. Bayden çıxışında bu səhvi barədə də heç nə demədi. C. Baydenin prezidentlik dövrü fəlakətlə nəticələndi. C. Bayden dünyanı daha təhlükəli vəziyyətdə buraxaraq Ağ Evi tərk edəcək.