14 oktyabr 2024 12:22
72

Almaniya Ukraynaya silah verməkdən NİYƏ İMTİNA EDİR?

Almaniya Ukraynaya bəzi silahlar verməkdən imtina edəcək.

“İki sahil” xəbər verir ki, bu haqda “Bild” məlumat yayıb.

Bildirilir ki, burada söhbət ağır texnikadan gedir. Berlin artıq Kiyevə tank haubitsaları, 40 “Marder” piyada döyüş maşını və 18 “Leopard 2” tankı verib.

Almaniya hakimiyyəti əlavə hərbi texnika göndərmək niyyətində deyil.  Bəs, imtinanın səbəbi nədir? Bu barədə “Kommersant FM”in Almaniyadakı müxbiri Andrey Urban danışıb: “Bild-in yazdığı kimi, Almaniya Müdafiə Nazirliyi Ukraynanın yaxın gələcəkdə əraziləri tamamilə azad etmək üçün əks-hücum keçirə biləcəyinə qətiyyən inanmır. Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür və Berlin noyabrda fəal müzakirə olunacaq 2025-ci il büdcəsindən indiyədək təxminən 28 milyard avro ayırıb.

Ukraynaya hərbi dəstək üçün təxminən 4 milyard avro ayrılıb ki, bu da 2024-cü ildəkindən təxminən iki dəfə azdır. Getdikcə daha çox alman Kiyevə alman silahlarının verilməsinin əleyhinə çıxış edir. Son sorğular göstərir ki, almanların 51%-i bunun əleyhinədir, 38%-i tam miqyaslı yardımın davam etdirilməsinin tərəfdarıdır.

Hərbi yardım məsələsini ötən həftə Almaniya kansleri Olaf Şolz və Ukrayna prezidenti Vladimir Zelenski də müzakirə ediblər. Sonuncu Avropa turnesi çərçivəsində Almaniyaya gəlib. Bundan əvvəl o, İtaliya, Fransa və Böyük Britaniya liderləri ilə görüşüb. Zelenski öz qələbə planını tərəfdaşlarına təqdim edib. Ukrayna liderinin sözlərinə görə, bunu həyata keçirmək üçün iki şərt yerinə yetirilməlidir: Kiyevə Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirmək və Ukraynanın NATO-ya sürətlə daxil olmasına təminatı vermək.