KÖŞƏ

Vəli İlyasov

Üçtərəfli Bəyanat niyə sülhə çevrilmir?

17 oktyabr 2024 01:57
1130

Ağalarından biri Paşinyana "oxu", o biri isə "oxuma" deyir

2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları Bəyanatın müddəaları yerinə yetiriləndən sonra sülh üçün  zəmin yaranacaqdı. Təəssüf ki, otuz illik bütün faciələrimizin günahkarı olan Ermənistan üzünü Qərbə çevirəndən sonra bu sənədin bir neçə mühüm bəndini yerinə yetirməyi dörd ildir ki, uzadır. Sənədin tələblərinə əməl etməməklə Ermənistan köhnə işğalçılıq planlarından əl çəkmədiyini təsdiq edir. Silahlı qüvvələri darmadağın edilmiş ölkənin birdən-birə dönüb dikbaşlıq nümayiş etdirməsinin səbəbi heç də sirr deyil. Bunun daxildən və xaricdən gələn müxtəlif səbəbləri var.

İkinci Qarabağ müharibəsinin başa çatdığını təsdiq edən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat imzalanmasaydı Hayastanın durumu ermənicə olacaqdı.  Lakin Azərbaycan yenə də özünün humanistliyinə sadiq qaldı. Ona görə də kapitulyasiya sənədi adlandırılan bu Bəyanatda Ermənistan məğlub tərəf kimi üzərinə öhdəliklər götürdü. Artıq bu öhdəliklərin bəziləri icra edilib, bir çoxu isə icra olunmamış qalıb. Azərbaycan məcbur olub bəzisini özü icra etdi.  Ölkəmiz müharibədən dərhal sonra haqlı olaraq təklif etdi ki, sülh sazişinin imzalanması istiqamətində danışıqlar başlasın. Əslində bu təklifi məğlub tərəf kimi Ermənistan etməli idi. Lakin baş nazir Nikol Paşinyan daşnakların və revanşistlərin qəzəbindən qorxaraq bunu etmədi. Rəsmi Bakı isə İrəvana beş prinsipdən ibarət sülh təkliflərini göndərdi. Əslində bu beş prinsip BMT Nizamnaməsinə uyğun olan bəndlərdir. Bunun əsasında sülh prosesi inkişaf etməli idi. Həmin prinsiplərə əməl edilmədən iki ölkə arasında möhkəm və uzunmüddətli sülhə nail olmaq mümükün deyil.

Hadisələrin sonrakı inkişafı da göstərdi ki, hazırda müzakirə olunan və "sülh müqaviləsi" adlandırılan sənəd əslində prinsiplər müqaviləsidir. Bu, gələcək sülh prosesi üçün hüquqi baza yaradan sənəddir. Sadəcə elə bir çərçivədir ki, onun daxilində danışıqlar üçün istiqamətlər olsun. Ermənistanın  sülh sazişindən öz çirkin məqsədləri üçün istifadə etməyi planlaşdıran havadarlarının isə başqa strateji planları var. Onlar istəyirlər ki, hansısa yarımçıq sənədin imzalanmasına nail olsunlar və bu sənədi münaqişənin bitməsi, sərhədlərin müəyyənləşməsi kimi qələmə versinlər. Məhz həmin xarici dairələrin tapşırıqlarına əməl edən baş nazir Nikol Paşinyan bir tərəfdən Bakıya müsbət mesajlar verir, digər tərəfdən ağalarının tapşırıqlarına uyğun olaraq bir irad tutub vaxtdan-vaxta məsələni uzadır. Ona hazır variantlar verirlər, o da gözüyumulu icra edir. Digər tərəfdən də gərginliyin artmaması məqsədilə erməni cəmiyyətinin ağzını tezliklə sülh bağlanacağı ilə sulandırır. Sülh sazişinin bağlanmamasında isə həmişə saxtakarlıq edərək Azərbaycan tərəfini suçlandırır, guya  prosesi pozmadığına haqq qazandırmağa cəhd göstərir. Halbuki parlamentin sədri Alen Simonyan, xarici işlər naziri Ararat Mirzoyan və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hər yerdə “biz sülhə hazırıq” deməklə ətrafa dezinformasiya yayır, özlərini günahsız mələk kimi təqdim etməyə çalışırlar. Bütün bunların hamısı sırf imitasiya xarakteri daşıyır və özlərini aldatmaqdan başqa bir şey deyil. Kütbeyin, qeyri-ciddi və gülünc davranışlı siyasətçi kimi tanınan ancaq özünü çoxbilmiş sayan Nikol Paşinyan başa düşmək istəmir ki, Azərbaycanda onun xarakterini, nə düşündüyünü və nə ilə nəfəs aldığını özündən daha yaxşı bilirlər. Qayıdaq əsas mövzumuza.

Plana görə, yalançı sülhdən sonra niyyətləri baş tutan həmin xarici  havadarlar münaqişəni “Qarabağ ermənilərinin hüquqları” müstəvisinə keçirəcəklər. Guya o istiqamətdən Azərbaycana təzyiq etmək o qədər də çətin olmaz. Hesab edirlər ki, bu minvalla da gərginliyin illərlə, bəlkə də on illərlə davam etməsinə, öz planlarının həyata keçməsinə zəmin yaradacaqlar. Məqsəd isə regionda yerləşmək və Cənubi Qafqaz ölkələrinə, xüsusilə Azərbaycana diktə imkanı əldə etməkdir. Təbii ki, Azərbaycan rəhbərliyi bunu yaxşı başa düşür. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bu istiqamətdəki təhlükələri açıq şəkildə bildirib. Azərbaycan bədxahların bu ssenarisinə qarşı öz sarsılmaz siyasi iradəsini ortaya qoyur və buna imkan verməz. Yəni, Azərbaycan Cənubi Qafqazda özünün liderliyini qoruyub saxlamaq əzmində olduğunu nümayiş etdirir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan otuz iki il əvvəlki zəif ölkə deyil, sarsılmaz iradəyə, qüdrətli orduya, güclü iqtisadiyyata malikik. Doğrudur, Azərbaycana quyu qazanlar rəzilliklərini gizli edir, özləri ortalıqlarda görünmürlər. Ancaq Prezident İlham Əliyevin çıxışından sonra əməlləri faş edilənlər "daşın onların bostanına atıldığını" bilir və özlərini sığortalanmağa çalışırlar. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller özlərini təmizə çıxarmaq üçün bildirib: “Biz heç vaxt razılaşmanı COP29-la əlaqələndirməmişik. Biz bir neçə ay əvvəl sülh sazişini görmək istəyirdik, həmçinin bu sazişin əldə olunmasına çalışırdıq. Ancaq bu, ABŞ-ın deyil, tərəflərin işidir".

"Tərəflərin işidir" deyən ABŞ və Fransa Azərbaycana qarşı bitib-tükənməyən ssenarilər yazır, daha da aqressivlik göstərirlər. Hazırda onlar Ermənistanın silahlandırılması ilə məşğul olurlar. Hər iki ölkənin casus və xəfiyyələri Ermənistanda hərbi təlimlər keçir, hay ordusunu müharibəyə hazırlayırlar.

Azərbaycanın isə öz gücündən başqa sədaqətli dostları da var ki, ölkəmizə hərbi təhdid real olarsa bizə hər cür yardım edəcəklər. Kim ki, Azərbaycanla bərabər qardaşlarımız Türkiyənin, Pakistanın və İsrailin hərbi-siyasi qüdrətini sınamaq istəyirsə, buyursun gəlsin. Hələ başqalarını demirik. “Dəmir yumruq”  öz yerindədir, üstümüzə gələn düşmənlərin başlarına enməyə hər vaxt hazırdır. Bir sözlə, çox da baş aparmasınlar, şeytani əməllərə son qoysunlar, haqq yoluna gəlsinlər. Unutmasınlar ki, sülhdən hamı xeyir görər...