16 oktyabr 2024 23:45
96

Fövqəladə hallarla bağlı maarifləndirmə

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə keçirilən fövqaladə hallar zamanı baş verəcək hadisələrin qarşısının alınması ilə bağlı  maarifləndirici tədbirdə mövzu ilə bağlı geniş müzakirə aparılıb.

Tədbirdə mərkəzin rəhbərləri, müəllimləri və şagirdləri, Vətən müharibəsi iştirakçıları, ümumilikdə 150 nəfər iştirak edib.   

Müzakirəni giriş sözü ilə mərkəzin direktoru Kifayət Bayramova açaraq tədbirin məqsədini açıqlayıb.

Maarifləndirici tədbirdə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Məhbubə Mustafayeva və Nizami Fərəcov  fövqəladə hal anlayışı, təbii fəlakətlər, sel, daşqın, zəlzələ, yanğın təhlükəsizliyi, meşə yanğınları, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası, odsöndürən balonlardan istifadə qaydaları, "112” qaynar xətti” s. mövzulardan geniş məlumat veriblər. Eyni zamanda, fövqəladə hallar zamanı təhlükəsizlik qaydalarına riayət olunması, bu sahədə maarifləndirilmə işlərinin aparılması üçün təhsil müəssisəsində treninq-müşavirələrin keçirilməsi tövsiyə olunub. Fövqəladə Hallar Nazirliyinin nümayəndələri, həmçinin təlim iştirakçılarının suallarını cavablandırılıblar.

Tədbirin mövzusu ilə bağlı videoçarxlar, o cümlədən mina təhlükəsizliyinə dair Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən hazırlanmış sənədli film nümayiş etdirilib. Mərkəzin rəhbərliyinə təlimat kitabçaları və təbliğat materialları olan maarifləndirici, xəbərdaredici poster və bukletlər, plakatlar təqdim olunub. 

Müzakirə edilən məsələlər barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Kənan Mirzəyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov çıxış ediblər.

Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev çıxışında mərkəzin təhsilalanların və təhsilverənlərin diqqətini ölkəmiz üçün xarakterik olan təbii və texnogen xarakterli baş verə biləcək fövqəladə hadisələr zamanı davranış qaydalarının mənimsənilməsi, bu istiqamətdə onların bilik və bacarıqlarını artırmağın və maarifləndirmə prosesinin fasiləsizliyinin təmin edilməsinin vacibliyinə yönəldərək bu istiqamətlərdə davamlı tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdən sonra Elm və Təhsil və Fövqəladə Hallar nazirliklərinin nümayəndələri mərkəzin rəhbərliyi ilə görüş keçirib. Təqdim olan metodiki tövsiyələr əsasında pedaqoji kollektivdə işin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

R.Ağadədəbəyov