18 oktyabr 2024 14:05
85

İmmun sistemi zəif olanlar daha çox vərəmə meyilli olur, lakin... - İradə Axundova AÇIQLAYIR

“İki sahil”in müsahibi Elmi -Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundovadır.

- İradə həkim, son zamanlar dünyada, eləcə də ölkəmizdə tez-tez rast gəlinən ağciyər xəstəliklərinin əsas simptomları, səbəbləri və onların müasir müalicə üsulları nələrdir?

- Bu çox geniş mövzudur. Ağciyər xəstəliklərinin əsas simptomlarından öskürək, təngnəfəslik, boğulma, sinədə xışıltını qeyd etmək olar. Öskürək ağciyərlərdən havanın sürətlə xaric edildiyi refleksdir və bir çox xəstəliyin ilk əlamətidir. Xüsusən də, əgər öskürək 3 həftədən çox davam edirsə mütləq pulmonoloq baxışından keçmək lazımdır. Öskürəyin xarakteri önəmlidir. Öskürək tipinə görə quru, bəlğəmli, spastik, allergik olur. Öskürəyin əsas səbəbi infeksiyalar, bronxial astma, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, qastroezofageal reflyuks xəstəliyi, siqaretçəkmə ola bilər.

Təngnəfəslik respirator xəstəliklərin ən vacib simptomlarındandır. Təngnəfəslik nəfəs dərinliyinin və tezliyinin pozulmasıdır. Təngnəfəslik həm ağciyər xəstəliklərinin, həm də ürək xəstəliklərinin simptomudur. Ağciyər xəstəliklərindən daha çox ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxial astma da təngnəfəslik simptomu olur. Bu simptom sakitlikdə və ya fiziki aktivlikdə ola bilər. Ağırlaşmış pnevmoniyalar zamanı da ən qabarıq şikayət təngnəfəslik olur.

Sinədə xışıltı: Çox hallarda xəstələr gecələr sinədə xışıltı şikayəti ilə həkimə müraciət edir. Bu şikayət daha çox bronxial astma xəstələrində rast gəlinir. Xəstəliklərin əsas səbəbi infeksiyalar, genetik faktorlar, allergiya, tüstü-tozu qeyd etmək olar.

Ümumilikdə müalicə istiqamətləri dərman müalicəsi, immunoterapiya, oksigenterapiya, reablitasiya daxildir.

- Siqaret çəkmək və ya siqaret tüstüsünə məruz qalmaq tənəffüs yolları xəstəliklərinin əmələ gəlməsində və ya xəstəliklərin kəskinləşməsində necə rol oynayır?

- Siqaret çəkmək sağlamlığa zərər verən ən ciddi səbəblərdən biridir. Tütün məhsullarından istifadə orqanizmin bütün sistem və orqanlarına təsir edir. Eyni zamanda tütün və tütün məhsulların istifadəsi, tənəffüs yolları xəstəliklərinin yaranmasında və inkişafında mühüm risk faktorudur. Bu bir neçə mexanizmlə baş verir: siqaret tütüsünün tərkibindəki zəhərli kimyəvi maddələr (karbondioksid, nikotin, formaldehid, benzopiren və s.), iltihab və allergiya.  Bu zərərlər bronxların daralmasına, müdafiə sisteminin zəifləməsi, ağciyər xərçənginin riskinin artmasına səbəb olur.

- Siqaret çəkmə vərdişindən azad olmaq istəyənlərin bir çox hallarda elektron siqaretlərdən istifadə etdiyi müşahidə olunur. Xüsusilə də son illərdə elektron siqaret çəkənlər çoxalıb. Bunun səbəblərindən biri də elektron siqaretlərin tütündən daha az mənfi təsirləri olduğuna dair fikirlərin olmasıdır. Doğrudanmı elektron siqaretlər deyildiyi kimi tütündən daha az mənfi təsirə malikdir?

- Əslində bu bir marketinq təbliğatıdır. Heç də elektron siqaret və ya vapinglər və ya isidilmiş tütün vasitələri siqareti tərgitmək üçün bir vasitə deyil. Tütün vasitələrinin hər biri zərərlidir. Xüsusən elektron siqaretlərdə həm kəskin ağciyər zədədlənməsinə, həm də xronik ağciyər xəstəliklərinə səbəb olur. Elektron siqaretlərdə e-mayenin tərkibində nikotin, propilen glikol, qliserin, aromatizatorlar və s. vardır.  Hər biri qanda karbonmonoksid və digər zərəli maddələrin toplanmasına bununla da orqanizmin orqan və sistemlərin funksiyalarının pozulmasına səbəb olur.

- İnstitutda hazırda ağciyər, xüsusilə də vərəmdən neçə xəstə müalicə alır?

- Hazırda İnstitumuzda stasionarda 200-dən çox xəstə müalicə alir.  Onlardan həm Vərəm diaqnozu, həm də Ağciyərlərin qeyrispesifik xəstəlikləri diaqnozu ilə müalicə alır. Cərrahi müalicəyə ehtiyacı olan xəstələrdə müvəffəqiyyətlə müalicə olunurlar. Ambulator olaraq da gündəlik təxminən 200-250 nəfərə xidmət göstərilir.

- Ağciyər xəstəliklərindən əziyyət çəkən xəstələr üçün institutda mövcud olan əsas müalicə üsulları hansılardır və sizcə, bu müalicələr ümumi əhali üçün nə dərəcədə əlçatandır?

- Hazırda institumuzda ağciyər xəstəliklərinin bütün qrupları üzrə reanimasyon, stasionar, cərrahi və ambulator xidmətlər mövcuddur və bu xidmətlərin hər biri bütün xəstələr üçün əlçatandır. Bilirsiniz ki, xəstəliklərin düzgün müalicəsinin əsasında düzgün diaqnostika dayanır.  İnstitumuzda xəstəliklərin differensial diaqnostikası üçün lazim olan ən sadədən mürəkkəbə  bütün müayinə üsülları var. Məsələn:  radioloji ( Rentgen, KT), ağciyərlərin xarici tənəffüs funksiyasını dəyərləndirmək üçün spirometriya, qan qazlarının dəyərləndirilməsi, infeksion prosesləri dəyərləndirmək üçün mikroskopik, bakterioloji müayinələr, sitoloji müayinələr, spesifik xəstəliklərin (vərəm) diaqnostikası üçün molekulyar-genetik müayinələr, qanın ümumi və biokimyəvi dəyərləndirilməsi aparılır.

Respirator müayinələrlə bərabər bir çox ağciyər xəstəliklərinin dekompensasiyası zamanı ağciyər – ürək çatışmazlığı formalaşır ki, bu vəziyyəti də dəyərləndirmək üçün EKQ, EXOKq, qanda biomarkerlər müayinə olunur.

- İradə xanım, Ağciyər Xəstəlikləri İnstitunun tibbi-texniki təchizatı, avadanlıqları ilə bağlı hazırkı vəziyyəti necədir?

- Ağciyər Xəstəlikləri İnstitutu tənəffüs sistemi patologiyalarının ən müasir diaqnostik üsullarla müayinə və müalicəsi üçün tam tibbi texniki baza ilə təchiz edilib. Belə ki, mərkəzimizdə vərəmin sürətli diaqnostikası üçün molekulyar genetik üsul olan GenXpert aparatı, bakterioloji əkmə müayinələri üçün avadanlıqlar, radioloji müayinə cihazları-rəqəmsal rentgen aparatı, KT aparatı, USM, EXO-EKQ, spirometriya və s. Xüsusilə vuğulamaq istərdim ki, müasir torakal cərrahiyənin bütün imkanları və dünya praktikasında geniş istifadə edilən VATS (endoskopik cərrahiyyə) üsulu mərkəzimizdə tətbiq edilir.

-Hansı şəxslərin vərəmə meyilli hesab olunur? Kimlər risk qrupunda hesab olunur?

- İmmun sistemi zəif olanlar daha çox vərəmə meyilli olur, lakin bu halda vərəm mikrobu ilə təmas şərtdir. Çünki vərəm yükü minimal olan ölkələr üçün immun zəiflik vərəm üçün risk hesab edilmir. Vərəm üçün risk qrupu aşağıdakılardır: azyaşlı uşaqlar, alimentar yetməzlikdən əziyyət çəkən insanlar, xüsusilə uşaqlar, İİV-lə yaşayanlar, ailədaxili yaxın təmaslar, şəkərli diabet xəstələri, onkoloji xəstələr, qeyri kafi yaşayış (asağı sosial status), ikincili risk - narkotik istifadəçiləri,  qlukokortikosteroid preparatları qəbul edənlər, orqan köçürülməsi və süni mayalanmaya hazirlaşanlar, immunosupressiv preparatlar qəbul edənlər və s.

- Hansı halda vərəm xəstələrinə cərrahi müdaxilələr tövsiyə olunur?

- Vərəm ilk etapda kimyəvi preparatlarla müalicə olunur, bu halda gecikdirilmədən erkən diaqnoz qoyulursa xəstə müalicə ilə tam sağala bilir, gecikdirilmiş hallarda və təkrar vərəm xəstələrində əsas vərəməleyhinə dərmanların qəbulu ilə yanaşı alternativ müalicə üsullarından istifadə edilir-cərrahi üsul da məhz bunlardan biridir.

- Vərəmdən qorunmaq üçün nəyə diqqət edilməlidir?

- Sağlam həyat tərzi mühüm şərtlərdən biridir. Zərərli vərdişlərdən uzaq olmaq vacibdir. Əgər xəstə ilə təmas halı varsa bu halda qoruyucu kimyəvi profilaktik kursla xəstəliyin qarşısını almaq mümkündur. Gündəlik keyfiyyətli və düzgün kalorili qidalanma rejiminə əməl etmək lazımdır.

Yaqut Ağaşahqızı, "İki sahil"