18 oktyabr 2024 14:17
90

Əgər öskürək 3 həftədən çox davam edirsə... - HƏKİM MƏSLƏHƏTİ

Ağciyər xəstəliklərinin əsas simptomlarından öskürək, təngnəfəslik, boğulma, sinədə xışıltını qeyd etmək olar. Öskürək ağciyərlərdən havanın sürətlə xaric edildiyi refleksdir və bir çox xəstəliyin ilk əlamətidir. Xüsusən də, əgər öskürək 3 həftədən çox davam edirsə mütləq pulmonoloq baxışından keçmək lazımdır. Öskürəyin xarakteri önəmlidir. Öskürək tipinə görə quru, bəlğəmli, spastik, allergik olur. Öskürəyin əsas səbəbi infeksiyalar, bronxial astma, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, qastroezofageal reflyuks xəstəliyi, siqaretçəkmə ola bilər.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Elmi -Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova bildirib.

İradə Axundova qeyd edib ki, təngnəfəslik respirator xəstəliklərin ən vacib simptomlarındandır. Təngnəfəslik nəfəs dərinliyinin və tezliyinin pozulmasıdır. Təngnəfəslik həm ağciyər xəstəliklərinin, həm də ürək xəstəliklərinin simptomudur. Ağciyər xəstəliklərindən daha çox ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxial astma da təngnəfəslik simptomu olur. Bu simptom sakitlikdə və ya fiziki aktivlikdə ola bilər. Ağırlaşmış pnevmoniyalar zamanı da ən qabarıq şikayət təngnəfəslik olur.

Sinədə xışıltı: Çox hallarda xəstələr gecələr sinədə xışıltı şikayəti ilə həkimə müraciət edir. Bu şikayət daha çox bronxial astma xəstələrində rast gəlinir. Xəstəliklərin əsas səbəbi infeksiyalar, genetik faktorlar, allergiya, tüstü-tozu qeyd etmək olar.

Ümumilikdə müalicə istiqamətləri dərman müalicəsi, immunoterapiya, oksigenterapiya, reablitasiya daxildir.

Yaqut Ağaşahqızı, "İki sahil"