BMT-nin İnsan Hüquqları Komitəsinin Fransanın altıncı dövri hesabatında rəsmi Parisin beynəlxalq öhdəliklərinin icrası ilə bağlı tövsiyələr müstəmləkəçiliyə qarşı mübarizəyə çağırışdır
Təkcə Afrikada deyil, ötən əsrlərdə Vyetnam, Laos, Kamboca kimi ölkələrdə belə «sivil missiya» adlandırdığı müstəmləkəçilik siyasətini davam etdirən Fransa əsarət altında saxladığı xalqları kütləvi qırğınlara məruz qoymaqla milli sərvətlərini də talan edirdi. İmperiya siyasətini daha da genişləndirərək Afrika, Karib dənizi və Sakit Okean ölkələrinə nüfuz edən Fransa Cənub-Şərqi Asiyada yaşayan xalqlara qarşı ağlagəlməyən vəhşiliklər törətməklə, yerli sakinləri bütün hüquqlarından məhrum edirdi. İnsanlara hətta öz ölkələrinin adlarını çəkmək, ana dillərində danışmaq qadağası tətbiq olunurdu. Kolonialist siyasətini milli gücün qüdrəti, var-dövlətin mənbəyi hesab edən Fransanın ən başlıca məqsədi özgə torpaqlarını zəbt etməklə sərhədlərini genişləndirmək, mədəniyyətlərini yerli xalqlara bəşəri dəyərlər kimi qəbul etdirmək idi. Fransanın sabiq prezidentlərindən olan Qaston Dumberqin «Fransa imperiyasının koloniyalarının ərazisini genişləndirmək bizim borcumuzdur. Bu, Fransanın beynəlxalq arenadakı nüfuzunun möhkəmlənməsi üçün şansdır”» sözlərinə uyğun ənənəni davam etdirən Yelisey Sarayının hazırkı sahibi Emmanuel Makron da sələfinə sadiq qalaraq müstəmləkəçilik siyasətlərinə haqq qazandırır. Fransa jandarmlarının yerli əhaliyə qarşı törətdikləri qəddarlıqları «demokratik dəyərlərə sadiqlik» adlandıraraq hərbi cinayətlərini pərdələyəməyə çalışır, özlərini mələk simasında görürlər.
Əlcəzairdə 1 milyon, Vyetnamda 15 min, Madaqasqarda 20 min insanı qətlə yetirən, 1000 əlcəzairli üsyançını diri-diri yandırmaqla insanlıq tarixinə kütləvi qırğınların müəllifi kimi imza atan fransız hərbçiləri bu gün də insan qatilləri kimi tanınırlar.
Vəhşiliklə zəngin «qanlı tarixlərini, təcrübələrini» hələ də davam etdirən, əsarətdə saxladıqları xalqlara qarşı dözülməz qəddarlıqlar törədən Fransa Prezidenti Emmanuel Makronun Ermənistana bağlılığının əsasında da qeyri-insanı davranışlar, qaniçənlik dayanır. Neokolonialist siyasətini özləri xislətli Ermənistandan istifadə etməklə «qanlı demokratiyalarını» Cənubi Qafqazda da tətbiq etməyə çalışan Makron əsl niyyətini ATƏT-in Minsk qrupuna həmsədrlik illərində göstərdi. Bu illərdə Ermənistanla Azərbaycan arasındakı münaqişəni müharibəyə çevirməklə regionda sabitlik üçün ciddi təhlükə yaradan Yelisey Sarayının başbilənlərinin əsl niyyətlərini 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərlə iflasa uğradan Azərbaycan hərbi qüdrəti, demokratik dəyərləri ilə Ermənistana, dəstəkçisi Fransaya da dərs verdi.
Dünyada qaniçənliyi ilə tanınan Fransadan, Ermənistandan fərqli olaraq sülhsevər çağırışları, qlobal enerji və nəqliyyat layihələri ilə dəstəklənən Azərbaycanın Şərqdən Qərbə və əks istiqamətdə uzanan nəqliyyat dəhlizlərinə nəzarət etməsi, region dövlətləri ilə siyasi , iqtisadi əməkdaşlığını gücləndirməsi , dünya birliyində nüfuzunun artması rəsmi Parisi narahat edir. Afrikadan və Asiyadan qovulan, neokolonial siyasətini Cənubi Qafqazla kompensasiya etməyə çalışan rəsmi Paris təbii ki, niyyətinə çata bilməyəcək.
XXI əsrdə müstəmləkəçilik siyasətinin, xalqların azadlıq uğrunda mübarizələrinin qarşısının alınmasını yolvelməz olduğunu aydın başa düşən dünya ictimaiyyəti neokolonializmə qarşı birgə mübarizənin vaxtının çatdığını bildirir. Bu ilin dekabrın 2-dən 6-dək BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında keçiriləcək Afrika əsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyası bu məsləyə həsr olunub. Sessiya çərçivəsində Bonayre İnsan Hüquqları Təşkilatı, Baham adalarının BMT-dəki Daimi Nümayəndəliyi və BMT-nin Afrika əsilli xalqların hüquqları üzrə ekspertlər «Ədalətin bərpası və müstəmləkəçiliyin aradan qaldırılması: müstəmləkəyə məruz qalmış ərazilərdə Afrika əsilli xalqların hüquqlarının müdafiəsi» mövzusunda müzakirələrdə iştirak edəcəklər.
Bakı Təşəbbüs Qrupu (BTQ) nümayəndələrinin də təmsil olunacağı tədbirdə Azərbaycanın müstəmləkəçilik və onun nəticələrinin aradan qaldırılması sahəsində gördüyü işlər, həyata keçirdiyi , istismara məruz qalan xalqların hüquqlarının bərpasına yönəlmiş təşəbbüsləri diqqətə çatdırılacaq. Əsas məqsəd Fransanın əsarəti altında qalan Afrika ölkələrində yaşayan, ədalətsizliklərdən əziyyət çəkən yerli xalqların azadlıq mübarizəsinə dəstək göstərməkdir.
Bəllidir ki, Azərbaycanda neokolonialist siyasətə qarşı mübarizə məqsədilə yaranan Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfranslarda Yeni Kolodeniyada və digər ada dövlətlərində, Fransız Polenizasiyasında yaşayan, müstəmləkəçiliyin qurbanları olan xalqların azadılq mübarizəsinə dəstək göstərilir, həmrəylik çağırışları səsləndirilir. Azərbaycanın təşəbbüslərinə dəstək olan dövlətlərin Fransa kolonializminə qarşı mübarizənin gücləndirilməsi ölkəmizin xarici siyasətinin, beynəlxalq hüquq normalarına sadiqliyinin ifadəsidir.
BMT-nin İnsan Hüquqları Komitəsi Fransanın altıncı dövri hesabatında da Fransa dövlətinə beynəlxalq öhdəliklərinin icrası ilə bağlı tövsiyələr yer almışdır. Sənəddə bildirilir ki, BMT-nin İnsan Hüquqları Komitəsi Yeni Kaledoniya və Fransız Polineziyası ərazilərində xalqın öz müqəddəratını təyinetmə hüququnun reallaşdırılmasındakı ləngimələrdən, kanaq xalqının üçüncü referendumda iştirakının qeyri-demokratik təşkilindən narahatdır. Bu vəziyyət dekolonizasiya prosesinin legitimliyinə kölgə salır və xalqların hüquqlarına uyğun qərarların qəbuluna problemlər yaradır. Yeni Kaledoniyada yerli kanak xalqının siyasi proseslərdə iştirak imkanlarının Fransa hökuməti tərəfindən məhdudlaşdırılması ciddi narahatlıq doğurur. Komitə qeyd edir ki, ciddi problemlərin yaranmaması üçün qanunvericilikdə yerli xalqın hüquqlarına təsir edən qərarlarda yerli əhalinin əvvəlcədən, sərbəst və məlumatlı şəkildə razılıq verməsi təmin edilməlidir. Bu məsələnin önəmi insanların öz müqəddəratını təyinetmə hüququnun qorunması və demokratiyanın prinsiplərinə uyğun olaraq hər bir şəxsin və toplumun özünə aid qərarlarda iştirakının təmin edilməsi ilə bağlıdır. Fransanın əsarəti altında qalan xalqların hüquqlarının ədalətli, beynəlxalq qanunlara uyğun təşkili üçün Fransa hökumətinə verilən tövsiyələrdə qeyd olunur ki, Fransanın 2024-2027-ci illəri əhatə edən İnsan Alverinə Qarşı Milli Mübarizə Planında göstərilən problemlər tam həllini tapmayıb. Xüsusilə Mayot bölgəsində qeyri-qanuni miqrantlar arasında insan alveri qurbanlarının vaxtında və səmərəli müəyyən edilməsində ciddi çatışmazlıqlar mövcuddur. İnsan alveri qurbanlarının hüquqlarının təminatı və onlara təzminat imkanlarının yaradılması məsələsində ciddi pozuntular mövcuddur.
Halbuki, insan alveri qurbanlarının hüquqlarının müdafiəsi ölkənin beynəlxalq hüququn normalarına uyğun təmin edilməlidir. Tövsiyələrdə qeyd olunur ki, Fransadakı həbsxanaların vəziyyəti, xüsusilə dənizaşırı ərazilərdəki cəzaçəkmə müəssisələrində kameralarda nəzərdə tutulduğundan artıq məhbusun yerləşdirilməsi, onlar üçün nəzərdə tutulan şəraitin beynəlxalq standartlara cavab verməməsi ciddi narahatlıq doğurur. Yeni Kaledoniyada yerli xalqların həbsxanalarda çoxluq təşkil etməsi sosial ədalət prinsiplərinin pozulmasının göstəricisidir. Bu kimi ayrı-seçkilik halları yerli əhaliyə göstərilən təhsil, səhiyyə sistemində də mövcuddur. Komitə Fransa-Britaniya sərhədində və Mayot bölgəsində miqrantların pis rəftara məruz qalması, onların qeyri- insani şəraitdə yerləşdirilməsi və hüquqi müdafiə imkanlarının məhdudlaşdırılması məsələlərinə diqqətin artırılmasını tələb edir.
Bu kimi iradlar göstərir ki, öz ölkəsində , müstəmləkə altında saxladığı ərazilərdə demokratik tələblərə cavab verməyən zorakılıqları ilə insanların adi yaşayış hüquqlarını pozan Fransada
bərabərlik əsasında birgəyaşayış prinsipləri ilə bağlı beynəlxalq öhdəliklər arxa plandadır. Komitə Yelisey Sarayını 2030-cu ilədək verilmiş tövsiyələr əsasında ətraflı hesabat təqdim etməyə və bu prosesdə vətəndaş cəmiyyəti ilə əməkdaşlığı gücləndirməyə çağırır.
Göründüyü kimi, öz xalqının həyat tərzi ilə maraqlanmayan, əksinə polis dəyənəyi ilə ölkədə siyasi sabitlik yaratmağa üstünlük verən Makron ermənilərə fransızlardan daha artıq qayğı göstərir.
Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda yeni müharibə riskini artıran, Qarabağdan könüllü köçən ermənilərin hüquqlarının müdafiəçisi kimi canfəşanlıq göstərən Makron üçün «insan hüquqlarının qorunması» prinsiplərinin hansı statusla dəyərləndirildiyi bəlli deyil. Bakıda keçirilən COP29-da iştirakdan imtina edən, başqalarını da bu yolu seçməyə vadar edən Fransanın məqsədi bəllidir. Çünki xaraba qoyduğu Afrika ölkələrinin iqlim dəyişmələrindən çəkdiyi əziyyətin başlıca səbəbi Fransanın neokolonialist siyasəti, insanlara gətirdiyi fəlakətlərdir. Müstəmləkə altında saxladığı xalqların təbii sərvətlərini vəhşicəsinə talan edən, ekoloji tarazlığı pozan Fransanın bu cur mötəbər tədbirdə deməyə sözü, görünməyə üzü ola bilməzdi. Gözlərini qan örtən, Ermənistanı silahlandırmaqla ətraf mühiti od-alov içərisində bağmağa çalışan Makronun təbiətə yaşıl rənglə baxmaq, Azərbaycan dövlətinin xalqları «Yaşıl dünya naminə həmrəylik!» çağırışına qoşulmaq haqqı yoxdur.
Xuraman İsmayılqızı, «İki sahil»