02 dekabr 2024 18:33
99

Azərbaycan gəncliyinin səsi bu dəfə daha geniş miqyasda, qlobal bir müstəvidə eşidildi - Fərid Qayıbov

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha bir tarixi və qlobal nailiyyət qazandı. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasının (COP29) Azərbaycanda təşkil olunması ölkəmizin həm ekoloji problemlərin həllində fəallığı, həm də ən yüksək təşkilatçılıq qabiliyyətinin nümayişi baxımından uğurlu oldu.

“İki sahil” xəbər verir ki, bu fikirlər gənclər və idman naziri Fərid Qayıbovun qurumun rəsmi saytındakı yazısında əks olunub. O, Bakıda keçirilən COP29 tədbirinin əhəmiyyətindən yazıb: “Dövlətimizin başçısının COP29 çərçivəsində ölkəmizə səfərə gəlmiş FIFA-nın prezidenti Canni İnfantino, eləcə də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konietzko, Beynəlxalq Avarçəkmə Federasiyasının prezidenti Jan Kristof Rollan və Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Klaudio Şermi ilə görüşlərində həm ölkəmizdə idmanın inkişafı, həm də beynəlxalq federasiyalarla əməkdaşlıq məsələləri müzakirə olundu”.

“Sevindirici haldır ki, Azərbaycan gəncliyinin səsi bu dəfə daha geniş miqyasda, qlobal bir müstəvidə eşidildi. COP29-un Yaşıl Zonasında fəaliyyət göstərən Gənclər Evi pavilyonumuz 12 gün müddətində gənc liderlərin, fəalların, qonaqların iştirak etdiyi 27 tədbirlə – maraqlı fəaliyyətlər, panel müzakirələr, sərgi və müxtəlif mövzular üzrə seminarlarla diqqət mərkəzində oldu. Dünyanın tanınmış futbol klublarının iqlim naminə alyansının açılış tədbirində, “Gənclər ilə yaşıl gələcək”, “İqlim fəaliyyəti üçün gənclərin gücləndirilməsi: Ambisiyalar, karyeralar və qlobal təsir”, “Uşaqlar və gənclərin iqlim hərəkatı”, Dünya Uşaqlar Günü ilə əlaqədar UNICEF-lə birlikdə təşkil etdiyimiz “Gələcəyə qulaq as” adlı sərgisində və digər tədbirlərdə çıxışlarım oldu”, - deyə nazir bildirib.

F.Qayıbovun sözlərinə görə, UNICEF, İsveçrənin ölkəmizdəki səfirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Zəfər Günündə COP29 münasibətilə təşkil edilən ekoloji yürüş və “We are Water” fləş-mobu da gənclərimizin qlobal əhəmiyyətli məsələlərdə fəallığının nümunəsi olub.

COP29 çərçivəsində bir sıra görüş keçirdiyini xatırladan nazir əlavə edib: “BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paullier, türkiyəli məşhur futbol mütəxəssisi Fatih Terim, COP29-da iştirak etmək üçün Azərbaycana gəlmiş Avropa Klublar Birliyi rəhbərliyi və futbol klublarının nümayəndə heyəti ilə görüşlərimdə müxtəlif məsələlər barədə fikir mübadiləsi apardıq. Anqolanın gənclər və idman nazirinin müavini Paulo Rodriqes da Silva ilə, İslam Həmrəyliyi İdman Assosiasiyasının (ISSA) baş katibi Nasser Ayman Majaliylə, İraq Respublikasının gənclər və idman naziri Əhməd Əl-Mübarqa ilə görüşlərimdə ikitərəfli əməkdaşlıq əlaqələrini müzakirə etdik”.