16 dekabr 2024 16:33
151

Ermənistanda referendum keçirilməlidir - AÇIQLAMA

ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən son toplantısında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bildirdi ki, Azərbaycan sülh müqaviləsi imzalamaq istəyir və bunun üçün Ermənistan ilk növbədə öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir. Konstitusiyasına müvafiq bənd çıxarılmalıdır və bundan sonra artıq sülh müqaviləsi imzalamaq üçün yeni şərait yarana bilər. Bunun qarşılığında isə Ermənistanın xarici işlər naziri bəyan edir ki, 17 bənd var. Bu sülh müqaviləsində onun 15 bənd üzrə razılaşma əldə edilib. Yəni 90 % artıq iki dövlət arasında razılaşma mövcuddur. Amma dilinə gətirmir ki, Azərbaycan niyə Ermənistanla indiki vəziyyətdə sülh müqaviləsi imzalamaq istəmir. Səbəbi beynəlxalq ictimaiyyətdən gizlətmək istəyir. Heç bir özünə hörmət edən beynəlxalq subyekt qarşı tərəf ilə sülh müqaviləsi imzalamaz - əgər həmin tərəfin qarşı tərəfə ərazi iddiası varsa, bu, Konstitusiya səviyyəsində təsbit olunubsa. Ona görə də Ermənistan tərəfi zəhmət çəksin, həmin o Azərbaycan olan iddiasından imtina etsin, referendumlar həyata keçirsin. Erməni xalqı öz siyasi iradəsini ortaya qoysun. Bu məsələ ilə bağlı artıq bu yeni şəraitin yaranması deməkdir.

Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputat, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirdi.

Elman Nəsirov vurğuladı ki, Ermənistan necə sülhdən danışır ki, o, ATƏT-in Minsk qrupunun saxlanmasında maraqlıdır və Malta görüşündə də Ermənistan xarici işlər naziri bu məsələdə israrlı olduğunu gizlətmədi. Bu qrup ona görə yaradılmışdı ki, münaqişəsini həll etsin. Amma əksinə oldu -sülh prosesinə ciddi maneə oldular. Münaqişə həllini tapıbsa, onda bu quruma nə ehtiyac var? Görünür ki, Ermənistan çalıır ki, hər dəfə Azərbaycanla bir neçə məsələdə ciddi fikir ayrılığı olsun və bunu bəhanə edərək ATƏT-in Minsk qrupunu saxlasın. Amma bu olmayacaq. ATƏT-in Minsk qrupu de-fakto yoxdur, onu de-yure də buraxılması zəruridir. Ermənistan buna getməlidir. Getməyəcəyi və Azərbaycana qarşı ərazi iddialarından imtina etməyəcəyi təqdirdə sülh müqaviləsinin imzalanması təbii ki, müşkül məsələyə çevriləcək. Halbuki sülh Ermənistan üçün daha çox lazımdır. Çünki biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etmişik. Ermənistan sülhə gələrsə, bu, artıq onun iqtisadi blokadadan çıxması, iqtisadi inkişafı üçün önəmli bir amilə çevrilə bilər.

Deputat bildirdi ki, Ermənistan ağlını başına yığmalı və sülh müqaviləsi imzalanması məsələsində konstruktiv mövqe ortaya qoymalıdır. Azərbaycana qarşı ərazi iddiaların mövcudluğu şəraitində heç bir sülhdən söhbət gedə bilməz və buna görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Səbinə Kazımova, “İki sahil”