19 dekabr 2024 23:58
156

Vətən şəhidinin şərəfinə boks turniri

13-17 dekabr tarixlərində Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı sayəsində Vətən müharibəsinin şəhidi baş leytenant Vüsal Kazımovun xatirəsinə həsr olunan boks idman növü üzrə IV Lənkəran - Astara region turniri keçirilib.

Lənkəran Olimpiya İdman Kompleksində baş tutan yarışın açılış mərasimində Dövlət Himni oxunub, Vətən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Zəfər şəhidi baş leytenant Vüsal Kazımovun atası professor Kamran Kazımov və Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev şəhidlərimizin keçdiyi döyüş yolu, göstərdikləri qəhrəmanlıqların gənc nəsil üçün nümunə olduğunu, ölkə rəhbəri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərin adının əbədiləşdirilməsi, onların xatirəsinin əziz tutulması, şəhid ailələrinə olan diqqət və qayğısından danışıblar. Həmçinin 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində parlaq qələbə çalaraq tarixi zəfərə imza atan, qanı bahasına torpağı Vətən edən qeyrətli oğlanların xatirəsini uca tutmaq, onları daima yad etmək hər bir vətəndaşımızın borcu olduğu bildirərək, yarışda iştirak edən idmançılara uğurlar arzulayıblar.

Baş hakim Nazim Qulamov yarışa start verib, Lənkəran, Astara və Masallıdan olan 56 idmançı qələbə uğrunda mübarizə aparıb, müxtəlif çəki üzrə yer tutmuş idmançılar diplom, medal və hədiyyələrlə təltif ediliblər.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vüsal Kazımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə, "Vətən uğrunda", "İgidliyə görə" və digər medallara layiq görülüb.

Qeyd edək ki, Lənkəran Dövlət Universitetinin məzunu olan Vüsal Kazımov şəhidlik zirvəsinə ucaldığı günədək Lənkəran şəhər Uşaq-Gənclər İdman Məktəbinin direktoru vəzifəsində çalışıb. Onun iki qız övladı Vətənə əmanət qalıb. Aynurun 4 yaşı var, böyük qızı Nuray isə 10 yaşındadır.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü