KÖŞƏ

Vəli İlyasov

İki “bacının” biri pəri, bəs o biri?..

20 dekabr 2024 00:26
406

Makron hökuməti Ermənistanı silahlandırır

Şeytandan, şər yuvasından xeyir gözləmək olarmı? Təbii ki, olmaz. Biz də gözləmədik. Otuz iki il şeytanın törəmələri ilə mübarizə apardıq, günahsız soydaşlarımızın qanı axdı, saysız müsibətlər yaşadıq. Bütün dünya bilirdi ki, Ermənistan heç vaxt Azərbaycanı məğlub edə bilməz. Buna onun cəsarəti, insan və silah ehtiyatları çatmaz. Əlbəttə, “yanındakı”ların güclü dəstəyi olmasa.

Artıq otuz iki ildən çoxdur ki, Fransa cidd-cəhdlə Ermənistanın arxasında dayanır, ona hər cür yardım edir. Humanitar dəstəkdən başlamış silah-sursata qədər. Hələ biz demirik ki, Fransadan gəlmiş snayperlər və muzdlular Birinci Qarabağ müharibəsində Azərbaycan Ordusuna qarşı canfəşanlıqla döyüşürdülər. 1992-1993-cü illərdə Fransadan gəlmiş “Janna” adlı başkəsən qadın Ağdərə döyüşlərində mahir snayper kimi tanınmışdı. Lənətə gəlmiş qadın yırtıcı kimi pusquda duraraq  əsgərlərimizin qanını tökmüşdü. Ermənilər “Janna” barədə  əfsanələr uydurmuşdular. O vəhşiləşmiş qadın döyüşçü ordumuza zərər vursa da vuruşmalardan birində igid döyüşçümüz tərəfindən öz pusqusunda məhv edilmişdi. Ernənilər uzun müddət ona yas saxladılar.

2020-ci ildə Fransa prezidenti Emmanuel Makron  “biz daim Ermənistanın yanındayıq” deyərək ordusu darmadağın edilmiş haylara ürək-dirək verir, Azərbaycanla sülh müqaviləsi imzalamasına  mane olurdu. Bunun nəticəsidir ki, sülh müqaviləsi bu günədək imzalanmayıb. Baş nazir Nikol Paşinyan hərdən bir bəhanə ilə vaxtı uzadır. Makronun məqsədi Cənubi Qafqazda, daha doğrusu, Azərbaycanda söz yeritmək, ağalıq etmək, öz niyyətlərini həyata keçirməkdir. Məqsədinə çatmaq üçün Ermənistandan isə həm tramplin, həm də maşa kimi istifadə edir. Ona görə də dövlətçilik qüruru və şərəfi olmayan, yiyəsiz  tazı kimi kim üz göstərərsə  ayağına sarmaşan Ermənistanın şərəfsiz başçıları Fransaya öz ərazilərində yerləşmək üçün şərait yaradırlar. Artıq fransız zabitlər və hərbi kəşfiyyatın əməkdaşları orada “iş” aparırlar. Onlar sərhədlərimizə gəlir,müşahidə adı altında kəşfiyyat məlumatları toplayırlar.  Bütün bunların əvəzində Fransa arsenalı 2020-ci ildə darmadağın edilmiş Ermənistanı silahlandırır. Təbii ki, bu, Azərbaycan rəhbərliyini narahat edir.  Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində Fransanın bu hərəkətlərinə münasibətin bildirib: “Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır.”

Dövlət başçısı bildirib ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çox olduğunu, bir çox yaşayış məntəqələrinin sərhədə yaxın yerləşdiyini və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlərin qayıtdıqlarını nəzərə aldıqda, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik.

“Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma, təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir”, - deyə Prezident əlavə edib.

Bunlar hələ hamısı deyil. Prezident İlham Əliyev daha sonra deyib: “Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, - hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, - ABŞ isə bunu etiraf etmir. Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik.”

Vurğulamaq lazımdır ki, ABŞ-ın Ermənistana açıq dəstəyi otuz iki ildir ki, davam edir. Yalançı demokratlar üzdə demokratiyadan, insan hüquqlarından danışsalar da, arxada işğalçını müdafiə edirlər. ABŞ Dövlət Departamentinin qəbul etdiyi “Azadlığa Dəstək Aktı”na bədnam 907-ci düzəlişin tələbinə görə Azərbaycanın ərazilərini 28 il işğal altında saxlayaraq talamış, minlərlə insanı qırmış və şikəst etmiş Ermənistana maliyyə dəstəyi hazırda da davam etməkdədir. Bu və digər faktlar deyir ki, ABŞ və Fransa Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi cinayətlərdə ortaqdırlar. Xüsusilə Emmanuel Makron “kiçik bacı”sının biabırçı məğlubiyyətini həzm edə bilmir. Əslində Makronun məqsədi Ermənistanı qorumaq deyil, onun ərazisindən sınaq meydanı kimi istifadə edərək Azərbaycana yol tapmaqdır. Ancaq bunun güc yolu ilə mümkün olmadığını müsyö Makron anlamaq istəmir. Çünki imperiya təkəbbürü, eqoizm, zor göstərmək və sadəcə axmaqlıq buna imkan vermir. Belə məlum olur ki, o, əməkdaşlıq deyil, ağalıq etmək niyyətindədir. Bu isə baş tutan sövdə deyil. Azərbaycan onunla zor dilində danışanlara öz yerini göstərməyi bacarır. Azərbaycan daha makronların təsəvvüründə qalan 1990-cı illərin zəif ölkəsi deyil. Bunu Ermənistanla İkinci Qarabağ müharibəsində bütün dünya gördü. Azərbaycan Ordusu apardığı ildırımsürətli müharibə ilə Ermənistanın altı ilə tutduğu əraziləri cəmi 44 gün müddətində azad etdi. Sürətli qələbə düşməni və onun havadarlarını şoka saldı və onlar aylarla cınqırlarını çıxarmadılar. Şok olanlar arasında Fransa da vardı. Emmanuel Makron bunu unutmamalıdır. Dost qazanmaq əvəzinə düşmənlərinin sayını artıran heç bir dövlət xeyir tapmayıb. Yaxınlığındakı Almaniyanın füreri gorbagor Adolf Hitlerin taleyindən nəticə çıxarsın. Elə bir gün onu da gözləyəyə bilər. Odur ki, zərərin yarısından qayıtmaq da xeyir olardı.