25 dekabr 2024 00:48
127

Yeni ümidlərin başlanğıcı Milad

Dünya xristianları ilə yanaşı, bir çox qeyri-xristian xalqları da bu bayramı böyük coşqu ilə qeyd edirlər

Hər il dekabr ayının 25-də xristian dünyası yeni ümidlərin başlanğıcı, gələcəyə inamın simvolu olan Milad bayramını qeyd edir. "Milad" bayramın adının ərəb dilindən tərcümə formasıdır. Əksər müsəlman xalqaları kimi, azərbaycanlılar da bu bayramı Milad (Doğulma) adlandırırlar. Xristian Qərb xalqları, o cümlədən ingilislər isə bayramı "Krismas" (Christmas) adlandırırlar. Christmas sözü iki sözün "Christ" və "mass" sözlərinin birləşməsindən əmələ gəlməklə, "İsanın messiyası" mənasını verir. Orta ingilis dilində "Cristemasse", qədim ingilis dilində isə "Crīstesmæsse" kimi səslənən söz mənbələrdə ilk dəfə 1038-ci ildə, daha sonra isə 1131-ci ildə İsa messiyası ilə bağlı qeyd alınmışdır. "Crīst" (tam formada Crīstes) sözü, ivrit dilindəki "məsh olunmuş" mənasını verən "Māšîaḥ" sözünün yunan dilinə tərcüməsi olan Xristos sözü əsasında yaranmaqla latın dilindəki Yevxaristiya bayramı ilə əlaqəli "mæsse" ilə əlaqəlidir. Tarixən "Kristenmas" (Christenmas) forması da işlənmişdir ki, lakin bu ad da hazırda arxaik və dialektik xüsusiyyət daşımaqla, orta ingilis dilindəki "Cristenmasse" — hərfi tərcümədə "Xristian messiyası" sözündən gəlməkdədir. "Xmas" "Krismas" sözünün abreviaturu olmaqla yunan dilindəki "Xristos" (Χριστός) sözündəki initial "chi" (X) hərfinin qısaldılması əsasında yaranmışdır. Müasir tarixçilər İsanın doğulması hadisəsinin e.ə. 7 və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir. IV əsrin əvvəllərində Qərb kilsələri Miladı 25 dekabrda qeyd etməyə başladılar, müasir Qriqori təqvimi ilə bu tarix yanvar ayının 7-nə təsadüf edir. Milad 1918-ci ilə qədər Rusiyada Avropanın əksər ölkələri ilə birlikdə dekabrın 25-də qeyd olunurdu. Müasir xronologiyaya keçidlə bayram yanvar ayından qeyd olunmağa başladı. Qriqori təqviminə keçidlə əlaqədar, katoliklərlə pravoslavların bayramı arasında 14 gün fasilə yaranıb.

İndi isə dünyanın müxtəlif ölkələrində yaşayan insanların bu günü necə keçirdiyinə nəzər salaq. Milad bayramı əhalisinin əksəriyyətini xristianların təşkil etdiyi bir çox ölkədə qeyri-iş günü hesab edilir. Ancaq xristian əhalinin çoxluq təşkil etmədiyi Hindistan və Malayziya kimi ölkələr də bu günü rəsmi tətil kimi qeyd edirlər. Milad bayramını qeyd edən xarici ölkələrdə bayram hazırlığı bir neçə ay əvvəldən başlayır və böyük şövq və təntənə ilə həyata keçirilir. Bu ərəfədə evlərdə və müxtəlif ictimai məkanlarda şam ağacları bəzədilir və küçələr işıqlandırılır. Milad ərəfəsi şam ağacı bəzəmək adətinin ilk dəfə 16-cı əsrdə Almaniyada meydana gəldiyi və Avropaya buradan yayıldığı güman edilir. Çar Rusiyasında isə əvvəllər evlərdə küknar ağacı  qoyulmazdı. Bu ənənəni 1817-ci ilin sonunda, Milad bayramı ərəfəsində imperatorun xanımı meydana çıxardı. Övladlarını sevindirmək üçün. Roma-Katolik kilsəsi uzun müddət Lüteran kilsəsinin ağac bəzəmə ənənəsinə müqavimət göstərsə də, 1982-ci ildən etibarən Vatikanda da Milad ağacı bəzədilməyə başlamışdır. Ağ Evdə isə Milad ağacı ilk dəfə 1961-ci ildə qurulub. Ən hündür ağac tarix boyu Sietldə (Vaşinqtonda) olmuşdur. Hündürlüyü 221 fut (67 m) çatır.

25 dekabr tarixi adətən bayramı qeyd edən insanların ailələri ilə birlikdə vaxt keçirməsi üçün ən gözəl fürsət hesab edilir. Bir qayda olaraq ailə üzvləri günorta vaxtı birlikdə nahar süfrəsinə əyləşir. Ənənəvi Milad süfrəsini hindtoyuğu və tərəvəz bəzəyir. Bununla belə, bayram süfrəsinə düzülən təamlar ayrı-ayrı xalqların adət-ənənəsini də özündə əks etdirir. Belə ki, Siciliyada bayram masasına 12 növ balıq qoyulur. Birləşmiş Krallıq və onun adətlərindən təsirlənmiş ölkələrdə Milad süfrəsində hind toyuğu, qaz əti, ət suyu, kartof və tərəvəzlər olur. Süfrə üçün xüsusi desertlər də hazırlanır ki, bunlardan da başlıcası Milad pudinqi, şirin peçenyelər və meyvəli piroqlardır. Polşada və digər Şərqi Avropa ölkələrində, həmçinin Skandinaviya ölkələrində balıq əsas milad yeməyi olsa da, zəngin ailələr bayram süfrəsinə ət yeməkləri qoyurlar. Almaniya, Fransa və Avstriyada qaz və qaban əti sevimli Milad yeməyi sayılır. Miladda şəkər və şirniyyatların yeyilməsi bütün dünyada məşhurdur. Portağal isə şimal ölkələrində nadir tapılan meyvə olduğu üçün Milad süfrəsi ilə əlaqələndirilib və desertlər siyahısına əlavə edilmişdir. Milad bayramını qeyd edən ölkələrin əksəriyyətində dükan və mağazaların çoxu həmin günü bağlı olur. Məsələn, İngiltərədə 25 dekabrda heç bir ictimai nəqliyyat vasitəsi işləmir.

Milad bayramının ən əvəzedilməz atributlarından biri də təbii ki, Santa Klaus, yəni Şaxta Babadır. Şaxta Baba obrazının ilham mənbəyi kimi 4-cü əsrdə yaşamış Müqəddəs Nikholas qəbul edilib. O, yoxsul insanlara gizli olaraq hədiyyələr verən və köməklik göstərən din adamı olmuşdur. Qırmızı libaslı, ağappaq uzun saqqallı, yaşlı Şaxta Baba obrazı isə 1930-cu illərdə bir içki markasının reklamında istifadə edilmiş və həmin tarixdən bəri ənənəvi xarakter daşımağa başlamışdır. Milad bayramı ərəfəsində adətən uşaqlar Şaxta Babaya məktub yazır və arzu etdikləri hədiyyələrin siyahısını təqdim edirlər. Müxtəlif ölkələrin şəhər və qəsəbə mərkəzlərində, alış-veriş obyektlərində quraşdırılan "Şaxta Baba Evləri"ndə Şaxta Baba və ya onun Elflərinin obrazına bürünmüş insanlar uşaqların arzularını dinləyir və yazdıqları məktubları Şaxta Babaya təhvil vermək üçün götürürlər.  Bayram ərəfəsində əksər evlərdə stolun üzərinə Şaxta Baba və onun arabasını çəkən əfsanəvi marallar üçün şirniyatlar qoyulur. ABŞ-da adətən süd və peçenye qoyulması adət halını almışdır. Uşaqların inancına görə, Milad gecəsi Şaxta Baba bütün evləri ziyarət edir və şam ağacının altına onların arzu etdikləri hədiyyələri qoyur. Bayramı evdən kənarda qeyd etməyə getməzdən əvvəl, ailə ilə birlikdə bir neçə dəqiqə oturub gözləmək lazımdır. Geri qayıda biləsən deyə. Ruslarda evdən çıxmazdan öncə bir neçə dəqiqə dayanmaq və oturmaq ənənəsi də bu bayramla əlaqədar yaranıb. Bayram günü edilən istənilən alış-veriş uğurlu sayılır. Ancaq kilsə nizamnamələrində və dini kitablarda bu barədə heç nə yazılmayıb. Bu, sadə insanların inancıdır. Bu bayramda insanlar möcüzələrin olacağına, növbəti ilin daha gözəl keçəcəyinə inanırlar.

Sevinc Azadi, “İki sahil”