28 dekabr 2024 09:28
110

Panama prezidentindən Trampa cavab: Panama kanalı müzakirəyə açıq deyil

Panama kanalının statusu müzakirə mövzusu deyil.

“İki sahil” xəbər verir ki, bunu Panama prezidenti Xose Raul Mulino deyib.

Həftəlik mətbuat konfransında danışan Mulino ABŞ-la Panama kanalı ilə bağlı heç bir danışıqlar aparmayacaqlarını vurğulayıb.

Mulino ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın açıqlamalarına da toxunaraq, "Bu prezidentin Panama kanalının Panamanın əlində olmasının hüquqi və siyasi reallığını yenidən qiymətləndirmək niyyəti ilə danışması mümkün deyil. Əgər belə bir niyyəti varsa, danışacaq bir şey yoxdur", deyib.

Tramp Panamadan Panama kanalının ABŞ-a qaytarılmasını tələb edə biləcəyini deyir

Panama kanalının panamalılar üçün qürur mənbəyi olduğunu bildirən Mulino əlavə edib: "Kanal panamalılara məxsusdur. Bu fakt ölkənin göz yaşları, zəhməti və fədakarlığı ilə əldə olunub və müzakirəyə açıq deyil. Panama kanalı müzakirəyə açıq deyil”.

Mulino kanalın rüsumları ilə bağlı prosesə də toxunub: "Kanalda ödənişlər nə prezidentin, nə də icra hakimiyyətinin özbaşına qərarları ilə müəyyən edilə bilməz. Bu mövzuda hörmət edilən qurulmuş bir proses var və bu proses tam şəffaf şəkildə həyata keçirilir.”

Trampın "Panama kanalını Çin əsgərləri idarə edir", kimi sarkastik Milad mesajına reaksiya verən Mulino, "Panama kanalına Çinin müdaxiləsindən və ya iştirakından qətiyyən söhbət gedə bilməz. Panama kanalında Çin əsgərləri yoxdur", deyib.

Xatırladaq ki, Tramp dekabrın 22-də Panama kanalından istifadəyə görə həddən artıq ödəniş almaqda günahlandırıb və kanal düzgün idarə olunmasa, onun ABŞ-a qaytarılmasını tələb edəcəklərini bildirib.

ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin kanalın rəhbərliyini Panamaya təhvil vermə qərarını “səhv” kimi qiymətləndirən Tramp, kanalın Panamaya başqasının xeyrinə deyil iki ölkə arasında əməkdaşlığın simvolu kimi verildiyini qeyd edib.

Panama prezidenti Trampa belə cavab verib: "Mənim həmvətənlərim, prezident kimi bunu birmənalı şəkildə bildirmək istəyirəm: Panama kanalı və ona bağlı olan bütün ərazilər, onun hər kvadratmetri Panamadır. Ölkənin suverenliyi və müstəqilliyi müzakirə mövzusu deyil. Panama kanalı Panamaya aiddir və belə də qalacaq",  ifadələrdən istifadə edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”