“Azərbaycan Hava Yolları”nın (AZAL) Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsi Qazaxıstandan kənarda zədə alıb.
“İki sahil” Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, bunu hökumət komissiyasına rəhbərlik edən Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.
"İlkin məlumatlara görə, ekspertlər təyyarənin Qazaxıstan Respublikasının hava məkanından kənarda zədələndiyini müəyyən ediblər. Bununla əlaqədar istintaq-əməliyyat qrupu tərəfindən müxtəlif ekspertizalar təyin edilib. İlk olaraq məhkəmə-tibbi və histoloji, daha sonra isə molekulyar-genetik ekspertizalar da təyin edilib", - K.Bozumbayev bildirib.
Onun sözlərinə görə, hazırda kompleks məhkəmə-trassoloji, ballistik və partlayış-texniki ekspertizalar təyin edilib.
"Yəni partlayışın nə vaxt və nədən baş verdiyi ilə bağlı ekspertiza bizə dəqiq cavablar verməlidir. Ekspertizanın nəticələrinə əsasən biz həm Qazaxıstan, həm də dünya ictimaiyyətini məlumatlandıracağıq. İstintaq zamanı bütün hallar barədə beynəlxalq qayda və normalara, ilk növbədə Çikaqo Konvensiyası və ICAO normalarına uyğun olaraq məlumat verəcəyik", - Baş nazirin müavini qeyd edib.