16 yanvar 2025 15:15
85

BMT ABŞ-dan maliyyələşmənin azalaçağından ehtiyatlanır

BMT-nin idarələri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də vəzifəsinin icrasına başladıqdan sonra quruma daha az maliyyə ayıracağından narahatdır.

“İki sahil” xəbər verir ki, France-Presse agentliyi bu barədə BMT nümayəndələrinə və analitiklərinə istinadla məlumat yayıb. Agentliyin həmsöhbətləri ABŞ-dan maliyyənin azalmasının öhdəsindən gələ biləcəklərini, lakin bunun çox çətin olacağını bildiriblər.

Ekspertlərin fikrincə, Ağ evin gələcək sahibi BMT-nin Əhali Fondunun, Qlobal Sağlamlıq Mərkəzinin, Ümumdünya Səhiyyə Təşkilatının, Gender Bərabərliyi Strukturunun, İnsan Hüquqları üzrə Ali Komissarlıq Bürosunun maliyyəsini kəsə bilər. Avropa İttifaqı ölkələri isə BMT-nin köməyinə gəlmək üçün əlavə vəsaitlərinin olmadığını açıq şəkildə vurğulayıblar.

Vaşinqton BMT-nin əsas donorlarından biri olaraq qalır və ABŞ-ın maliyyə köçürmələri təşkilatın 2022-ci il büdcəsinin üçdə birindən çoxunu təşkil edir. Donald Tramp 2020-ci ildə Ağ evin təkid etdiyi dəyişiklikləri həyata keçirməkdən imtina etdiyi üçün Ümumdünya Səhiyyə Təşkilatı ilə münasibətləri tamamilə dayandırmaq niyyətində olduğunu bildirib. O, eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının Çinin tam nəzarətində olduğunu iddia edib.