16 yanvar 2025 23:02
96

Gənclərin evliliklə bağlı psixoloji təzyiqlərə məruz qalması ciddi fəsadlar törədə bilər - MÜSAHİBƏ

Psixoloq: Ailə Psixoloqu İnstitutunun formalaşması ailə dəyərlərinə töhfə verəcək mühüm təşəbbüs olacaq

Son vaxtlar ailə institutlarının formalaşması və möhkəmlənməsi istiqamətində qəbul edilən bir sıra qərarlar, həyata keçirilən fəaliyyətlər dövlətin bu məsələyə daha həssas yanaşmasını göstərir. Son illərdə qəbul edilən ən vacib qərarlar arasında qohum evliliyi, erkən nikah və nikahdan öncə tibbi müayinədən keçmək tələbi sözsüz ki, təqdirəlayiqdir. Bəzi məqamlarda təkcə tibbi müayinə yetərli olmaya bilir. Burada da psixoloji müayinənin əhəmiyyəti ortaya çıxır.  Çünki son zamanlar artmaqda olan ailədaxili münaqişələr və boşanma halları daha çox psixoloji faktorlarla bağlıdır.

Mövzu ilə bağlı fikir mübadiləsi aparmaq, bir sıra  məqamlara aydınlıq gətirmək üçün “Loqos” Psixoloji və Nitq Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva ilə həmsöhbət olduq.

-Təranə xanım, cütlüklərin evlilikdən əvvəl psixoloji uyğunluğunu necə müəyyən etmək olar?

- Nikahdan öncə psixoloji müayinə və psixoloji testlər keçirmək, bir neçə vacib səbəbdən əhəmiyyətlidir ki,  bunlardan birincisi özünü tanımadır. Yəni, psixoloji testlər insanın şəxsiyyətini, emosional vəziyyətini və münasibətlərə yanaşmasını daha yaxşı anlamağa kömək edir. Bu, potensial həyat yoldaşını daha dərindən tanımağa və özünüzü daha yaxşı başa düşməyə imkan verir. Digəri münasibətlərin sağlam qurulmasıdır. Psixoloji müayinə, həmçinin tərəflərin münasibət qurmaq bacarıqlarını qiymətləndirə bilər. Bu, əlaqələrin daha sağlam, anlayışlı və dözümlü olmasına kömək edir. Başqa bir mühüm  nüans isə psixoloji sağlamlıqdır. Psixoloji müayinələr, insanın gələcək həyat yoldaşı ilə münasibətlərində qarşılaşa biləcəyi mümkün çətinlikləri və ya emosional problemləri öncədən aşkar etməyə kömək edir. Psixoloji narahatlıqlar, depressiya və ya digər normal olmayan nikaha mənfi təsir edə bilər. Növbəti səbəb isə fiziki və psixoloji güvəndir. Psixoloji testlər insanın psixoloji sağlamlıq durumunu qiymətləndirməyə kömək edərək, şəxsin münasibətdə həm özünü, həm də həyat yoldaşını qorumağa hazır olub-olmamasını göstərir.

-Cütlüklərin psixoloji vəziyyətlərinin yoxlanılması gələcək üçün nə vəd edir? İki insan bir-birini sevirsə, bu nüansa nə dərəcədə önəm veriləcək? 5-10 il sonra onların bir-birinə zərər vurmayacağına hansı meyarlarla zəmanət vermək olar?

-Cütlüklərin psixoloji vəziyyətlərinin yoxlanılması gələcəkdə onların münasibətlərinin sağlam və uzunmüddətli olmasına çox müsbət təsir göstərə bilər. Hətta iki insan bir-birini sevsə belə, psixoloji uyğunluq və qarşılıqlı anlaşma münasibətlərin daha dayanıqlı və müsbət olması üçün çox vacibdir. Bu növ yoxlamalar cütlüklərə həm özlərini, həm də bir-birlərini daha yaxşı anlamağa kömək edir, bir sıra potensial problemləri qabaqcadan müəyyən etməyə imkan verir. Öncə qeyd etdiyim kimi, bu səbəbdən evlilik öncəsi psixoloji dəstək mühüm amillərdən biri ola bilər. Sevgi münasibətlərin mühüm bir hissəsidir, lakin yalnız sevgi yetərli deyil. Sevgi iki insan arasında hisslər yaradır, amma münasibətlərin uzunmüddətli və sağlam olması üçün hər iki tərəfin psixoloji uyğunluğu və uyğun davranışları daha böyük əhəmiyyət daşıyır. Bu səbəbdən psixoloji testlər və müayinələr sevgi ilə yanaşı, cütlüyün güclü tərəflərini və zəruri inkişaf sahələrini aşkar etməyə kömək edir.Gələcəkdə bir-birini zərər vurmayacaq bir münasibətin qurulması üçün aşağıdakı meyarlar nəzərə alınmalıdır: Psixoloji uyum və şəxsiyyət uyğunluğu, sağlam ünsiyyət və konflikt həlli bacarığı, güvən və qarşılıqlı hörmət, psixoloji dəstək və məsləhət.

-Azərbaycanda əksər gənclər evlənməklə bağlı valideynləri tərəfindən təzyiqlərə məruz qaldıqlarını bildirirlər. Hətta buna görə yanlış qərar verənlər də olur. Buna baxmayaraq, müəyyən yaş dövründə əksər ata-analar övladlarının ailə qurmalı olduğunu deyir, “ölməmiş toyunu görüm”, “nəvə sahibi olmaq istəyirəm”, “yaşın keçib, camaat nə deyər” tipli cümlələrlə psixoloji təzyiq etməyə çalışırlar. Gənclərin evliliklə bağlı psixoloji təzyiqlərə məruz qalması  onların gələcək həyatına hansı təsirləri edə bilər?

-Gənclərin evliliklə bağlı ailələri və yaxınları tərəfindən psixoloji təzyiqlərə məruz qalması bir neçə ciddi fəsadlara səbəb ola bilər. Bu təzyiqlər gənclərin psixoloji və emosional vəziyyətlərini mənfi təsir edə bilər və evliliyin gələcəyini də təhlükəyə atar. Ailənin və yaxınların təzyiqi gənclərin öz qərarlarını verməkdə çətinlik çəkməsinə və özlərinin hüquqları və ehtiyaclarını nəzərə almamağa səbəb ola bilər. Bu vəziyyət onların özlərinə olan hörmətini azaldar və özünə güvəni itirmələrinə yol aça bilər. Digər tərəfdən, gənclərdə ciddi emosional stress və narahatlıq yarada bilər ki, bu da onların psixoloji sağlamlığını poza bilər. Evlilik, iki tərəfin qarşılıqlı razılığı ilə, sevgi və anlayış əsasında qurulmalıdır. Çünki bu, sağlam və xoşbəxt bir əlaqənin əsasını təşkil edir. Ailələr, gənclərə dəstək olmaqla yanaşı, onların öz qərarlarını sərbəst qəbul etmələrinə imkan yaratmalıdır.

-Cütlüklər evlilikdən əvvəl stress və gərginliyin öhdəsindən necə gələ bilərlər?

-Cütlüklər evlilikdən əvvəl stress və gərginliklərlə qarşılaşa bilərlər.Çünki bu, həyatlarında böyük bir dəyişiklik və məsuliyyətə qədəm qoymaq deməkdir. Həm şəxsi, həm də ailə münasibətləri ilə bağlı bir çox gözlənilən və gözlənilməyən təzyiqlər meydana çıxa bilər. Bu çətinlikləri daha yaxşı idarə etmək üçün bir neçə faydalı yanaşma və strategiya var: Münasibətdə açıq və dürüst ünsiyyət qurmaq, birlikdə səmərəli vaxt keçirmək, gələcək üçün planlar qurmaq və gözləntiləri müəyyənləşdirmək, işlərini bölüşmək və dəstək axtarmaq, Fiziki və emosional sağlamlığına diqqət yetirmək, bir-birinə qarşı səbrli və anlayışlı olmaq və s. Nəticə olaraq, cütlüklər evlilikdən əvvəl yaşadıqları stress və gərginliyin öhdəsindən düzgün ünsiyyət, qarşılıqlı dəstək və emosional hazırlıqla gələ bilərlər.

-Ailə Psixoloqu institutunun formalaşması son zamanların əsas müzakirə mövzusudur. Bununla bağlı sizin hansı təklif və iradlarınız var?

- Ailə psixoloqu institutunun əsas missiyası, ailələrə psixoloji dəstək və yönləndirmə təmin etmək olmalıdır. Bu institut invaziv və qeyri-invaziv psixoloji xidmətlər göstərərək, ailəiçi münasibətləri inkişaf etdirmək, valideynlik bacarıqlarını gücləndirmək və psixoloji sağlamlığı dəstəkləmək məqsədi ilə fəaliyyət göstərməlidir. Məqsəd cəmiyyətin ailə dəyərlərini gücləndirmək və ailə daxilində daha sağlam münasibətlər qurmağa kömək etmək olmalıdır.  İnstitut ailələrə psixoloji dəstək təqdim etməli və müxtəlif xidmətlər təklif etməlidir.

Ailə Psixoloqu İnstitutunun təklif etdiyi təlimlər, tədbirlər, layihələr, cəmiyyətin müxtəlif sosial qruplarına yönəlik olmalıdır. Digər tərəfdən, Ailə Psixoloqu İnstitutu psixoloji tədqiqatlar aparmalı, ailə münasibətləri ilə bağlı müxtəlif mövzularda məlumat toplayaraq nəticələrini ictimaiyyətlə bölüşməlidir. Bu, psixoloji problemlərin daha yaxşı başa düşülməsinə və elmi əsaslarla həll yollarının tapılmasına kömək edə bilər.

İnstitutun uğurla fəaliyyət göstərməsi üçün psixoloqlar və terapevtlər arasında güclü bir şəbəkə qurulmalıdır. Ailə psixologiyası sahəsində təcrübəli mütəxəssislər və yeni psixoloqların yetişdirilməsi məqsədilə təlimlər və seminarlar təşkil edilməlidir. Bu, institutun xidmətlərini daha keyfiyyətli və peşəkar şəkildə təqdim etməyə imkan verər.

Nəticə olaraq Ailə Psixoloqu İnstitutunun formalaşması,  inkişafı, cəmiyyətin ailə dəyərlərinə və psixoloji sağlamlığına, ailələrin daha sağlam və güclü olmasına  töhfə verəcək mühüm təşəbbüs olacaq. Ailə içində sağlam münasibətlərin inkişafına yönəlmiş təlimlər, dəstək xidmətləri və araşdırmalar sayəsində cəmiyyətin ümumi rifahı daha da yaxşılaşacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”