Nigeriyanın Niger əyalətində baş verən tankerin partlaması faciəsi nəticəsində həyatını itirənlərin sayı 86 nəfərə yüksəlib.
“İki sahil” xəbər verir ki, bu barədə Niger Dövlət Fövqəladə Halların İdarə Olunması Agentliyinin baş direktoru Alhaji Abdullahi Baba Ara məlumat yayıb.
Hadisə Nigeriyanın qərbində yerləşən Dikko şəhərində baş verib. Hazırda qəza yerində dağıntılar təmizlənir və zərərçəkənlərə yerli xəstəxanalarda tibbi yardım göstərilir.
Hadisə şahidlərinin sözlərinə görə, yanacaq çəni təxminən 60 ton yanacaq daşıdığı halda yolda aşıb. Dağılan yanacağı çıxarmaq üçün başqa bir yanacaq tankeri hadisə yerinə gətirilib. Yerli sakinlər isə yanacaq yığmağa cəhd edərkən qəfil partlayış və ardınca yanğın baş verib.
Qeyd edək ki, bu cür hadisələr Nigeriyada yanacaq daşınması zamanı tez-tez baş verir və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün çağırışlara səbəb olur.