Slovakiyanın baş naziri Robert Fiko yanvarın 20-də Türkiyəyə rəsmi səfər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Kommunikasiya naziri Fahrettin Altun məlumat verib.
“Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan bazar ertəsi, yanvarın 20-də ölkəmizə rəsmi səfərə gələcək Slovakiya Respublikasının baş naziri Robert Fikonu və onun rəhbərlik etdiyi nümayəndə heyətini Prezident Sarayında qəbul edəcək”.
F.Altun sözlərinə görə, Ərdoğanın dəvəti ilə reallaşan səfər zamanı iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq, aktual regional və qlobal problemlər, o cümlədən Türkiyə Avropa İttifaqı əlaqələri ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər münasibəti ilə Türkiyə ilə Slovakiya arasında münasibətləri “strateji tərəfdaşlıq” səviyyəsinə yüksəldəcək Birgə Bəyannamə başda olmaqla müxtəlif sahələrdə sazişlərin imzalanması gündəmdədir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”