Belarusda keçirilən prezident seçkilərində vaxtından əvvəl səsvermə başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.
Yanvarın 25-dək davam edəcək vaxtından əvvəl səsvermədə yanvarın 26-da məntəqələrə gələ bilməyəcək seçicilər iştirak edə bilərlər.
Vaxtından əvvəl səsvermə zamanı məntəqə komissiyaları fasiləsiz olaraq saat 12:00-dan 19:00-dək işləyəcək. Yanvarın 26-da, yəni əsas seçki günündə səsvermə saat 8:00-dan 20:00-dək keçiriləcək.
Belarus Mərkəzi Seçki Komissiyası tərəfindən prezidentliyə beş namizəd qeydə alınıb: hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijnyak, Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç, fərdi sahibkar Anna Kanopatskaya, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov.