01 fevral 2025 03:01
93

Regionun yaşıl mənzərəsini dəyişəcək layihə

Ermənistan Azərbaycanın iştirak etdiyi bu iddialı enerji şəbəkəsinə qoşulmaq istəyir

2022-ci ilin dekabrında “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması Qara dəniz regionunun yaşıl enerji dəhlizi kimi yaradılmasında dönüş nöqtəsi oldu. Bu saziş iddialı layihənin - Azərbaycanın nəhəng bərpaolunan enerji resurslarını Gürcüstan və Rumıniya vasitəsilə Avropa enerji şəbəkəsi ilə birləşdirəcək Qara dəniz enerji sualtı kabelinin tikintisinin əsasını qoydu. Əldə edilmiş razılaşma çərçivəsində 1000 MVt gücündə və 1195 km uzunluğunda Qara dəniz enerji sualtı elektrik kabelinin tikintisi nəzərdə tutulur. 2024-cü il sentyabrın 3-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın sistem operatorları - “AzərEnerji”, “Gürcüstan Dövlət Elektrosistem”, “Transelectrica”, MVM - arasında Birgə Müəssisənin Buxarest şəhərində yaradılmasını nəzərdə tutan “Səhmdar Müqaviləsi” imzalandı. Kabel Azərbaycanda istehsal olunan yaşıl elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırmaq, daha sonra Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub. Layihənin tikintisi 3-4 il çəkəcək. Avropa Komissiyası layihəyə 2,3 milyard avro ayırmağı planlaşdırır.

 “Qara dəniz kabeli ilə bağlı ilkin hədəf 1 qiqavat idi, Azərbaycan layihəyə qoşulanda biz onu 4 qiqavatadək artırdıq” deyən Prezident İlham Əliyev layihə ilə bağlı əlavə etmişdir: “Biz bu layihəyə daha böyük perspektivdən baxırıq və onu sadəcə “Qara dəniz kabeli” kimi deyil, Xəzərdəki külək enerjisi stansiyalarından Avropaya enerjini ötürən vasitə kimi qəbul edirik. Həmin layihə bütövdür və Cənub Qaz Dəhlizindən fərqlənir, çünki Dəhliz bir-biri ilə bağlı üç müstəqil boru kəmərindən ibarət olan hissəli layihədir. İndi isə biz mənbədən ümumiləşdirilmiş layihələrə keçmək istəyirik və bu halda mənbə, həmçinin Gürcüstanda olacaq və oradan yekun istiqamətlərə gedəcək. Bu cür rəsmi əməkdaşlığı başladıqdan sonra biz Avropanın layihəyə qoşulmaq istəyən bir sıra digər ölkələrindən bəzi mesajlar almağa başladıq. Beləliklə, düşünürəm ki, layihə qlobal xarakter ala bilər”.

Macarıstanın Beynəlxalq Münasibətlər və Ticarət İnstitutunun baş elmi işçisi, professor, iqtisadçı ekspert Laslo Vasanın sözlərinə görə, bu layihə Azərbaycanın geosiyasi arenada nüfuzunun tanınmasının bariz göstəricisidir. “Bu, kommersiya baxımından əlverişlidir və Mərkəzi Avropaya enerji idxalının şaxələndirilməsinə kömək edir. Eyni zamanda, Azərbaycanın iqtisadi diversifikasiyasını dəstəkləyir. Bu günə qədər həyata keçirilən tədbirlər öz səmərəliliyini göstərib, lakin növbəti addımlar daha aktiv olmalıdır. Təklif olunan sualtı kabel 1000 meqavat (MVt) gücü ilə ən uzun kabel olacaq. Bu güc bir milyona yaxın Avropa evini enerji ilə təmin etmək üçün kifayətdir ki, bu da layihəni Avropada əhəmiyyətli dərəcədə bərpaolunan enerji mənbəyinə çevirir”, - deyə macar ekspert vurğulayıb. L.Vasanın sözlərinə görə, layihənin strateji əhəmiyyətini qiymətləndirməmək mümkün deyil: “Bu, xüsusən də Avropanın Rusiya enerjisindən asılılığını azaltmaq üçün atdığı son addımlar fonunda enerji mənbələrini şaxələndirmək üzrə daha geniş səylərinin mühüm tərkib hissəsidir. Layihənin həyata keçirilməsi enerji təhlükəsizliyinin artmasına, istixana qazları emissiyalarının azalmasına və regional əməkdaşlığın gücləndirilməsinə səbəb olacaq”.

Qeyd edək ki, Ermənistan da Azərbaycanın iştirak etdiyi bu iddialı layihəyə qoşulmaq arzusundadır. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsinə qoşulmağa hazır olduğunu bildirib. O, bu barədə iqtisadi əməkdaşlıq üzrə Ermənistan-Gürcüstan hökumətlərarası komissiyasının iclaslarından sonra gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə birgə mətbuat konfransı zamanı danışıb.

"Mən regional və qeyri-regional layihələrdə inklüzivliyin təmin edilməsinin vacibliyini qeyd etmək istərdim. Bu kontekstdə biz Ermənistanın Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsinə qoşulmaqda maraqlı olduğunu və hazır olduğunu vurğulayırıq", - Ermənistanın baş naziri deyib. Xatırladaq ki, hələ 2023-cü ildə Avropa Komissiyası Ermənistanı Azərbaycandan Rumıniyaya Qara dəniz sualtı elektrik ötürücü xətti olan Qara dəniz enerji kabeli layihəsində iştirak etməyə çağırmışdı və İrəvana nüvə təhlükəsizliyində yardım vəd etmişdi. Bu barədə İspaniyanın Qranada şəhərində Avropa sammiti çərçivəsində Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün yekunları üzrə imzalanmış birgə bəyanatda vurğulanırdı. Sənəddə qeyd olunur: “Avropa Komissiyası Ermənistanın Qara dəniz enerji kabeli layihəsi kimi regional layihələrdə iştirakını dəstəkləyəcək. Avropa Komissiyası Ermənistana hava və nüvə təhlükəsizliyi sahəsində texniki yardımı genişləndirəcək”.

Ekspertlər qeyd edir ki, Azərbaycanın Xəzər sahili boyunca quruda və dənizdə külək stansiyalarından enerji istehsal etmək üçün əhəmiyyətli potensialı, eləcə də günəş enerjisi istehsalı potensialı var. İstehsal olunan enerjinin Qara dəniz vasitəsilə hazırda bərpaolunan enerji potensialı aşağı olan, təbii qaz və kömürdən çox asılı olan Şərqi və Mərkəzi Avropa ölkələrinə ötürülməsi xüsusi diqqət mərkəzindədir. Bu layihənin Avropanın təhlükəsizliyini gücləndirməsinə kömək edəcəyi və Azərbaycan, Gürcüstan, Mərkəzi və Cənub-Şərqi Avropanın tranzit xətlərinin keçdiyi ölkələrin iqtisadiyyatlarına fayda verəcəyinə dair geniş razılaşma var. Qeyd edək ki, ekoloji cəhətdən təmiz, bərpaolunan mənbələrdən enerji istehsalı inkişaf etmiş ölkələrin enerji siyasətində getdikcə daha çox yer tutur. "Goldman Sachs" İnvestisiya Bankının proqnozlarına görə, 2040-cı ilə qədər yaşıl enerji istehsalına yönəldiləcək investisiyaların həcmi 30 trilyon dollar təşkil edəcək. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi Avropanın enerji təminatında çətinliklər yaradıb. Bu gün Avropada ciddi enerji böhranı yaşanır. Ona görə də yaşıl mənbələrə keçid indi daha çox aktuallıq kəsb edir. Bu fonda  Azərbaycanın Avropa İttifaqının tərəfdaşı kimi əhəmiyyəti keçdikcə artmaqdadır. Barəsində bəhs edilən 4 ölkə arasında anlaşma Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin güclənməsi, təchizat mənbələrinin şaxələndirilməsi, Xəzərdə bərpa olunan enerji istehsalı potensialının kapitallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbycanın isə bərpa edilən enerji ehtiyatları quruda külək və günəş enerjisi həcmi baxımından 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi potensialı 157 qiqavat təşkil edir. Bu meqa rəqəmlər bərpa edilən və davamlı olan enerjini ifadə etməklə ölkəmizin hansı həcmdə yaşıl enerji istehsal edərək, ixrac edə biləcəyini göstərir. Bu fonda Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir və çox iddialı bir layihədir. İndi Ermənistan da bundan istifadə edə bilər. Lakin bunun üçün Azərbaycanla sülh bağlaması, götürdüyü öhdəlikləri yerinə yetirməsi çox vacibdir.

Sevinc Azadi, “İki sahil”